Ankarada hücum: hakimiyyət PKK-nı işarə edib

Şəklin mənbəyi, Getty Images
Çərşənbə günü Türk Hava və Kosmik Sənaye şirkətinin (TUSAŞ) Ankaradakı Kahramankazan bölgəsindəki binasına hücum edilib.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, X hesabında yazıb ki, "TUSAŞ Ankara Kahramankazan obyektlərinə terror hücumu təşkil edilib".
Hücumda 5 nəfərin öldüyü, 22 nəfərin yaralandığı, yaralılardan 19-nun müalicəsinin davam etdiyini açıqlanıb.
Nazir Yerlikaya hücumu həyata keçirən biri kişi və biri qadın olan iki nəfərin öldürüldüyünü bildirib.
Anadolu Agentliyinin məlumatına görə, hücumda ölənlər TUSAŞ-da keyfiyyətə nəzarət məmuru işləyən Cengiz Coşkun, qurumun digər əməkdaşı Hasan Hüseyn Canbaz, mühəndis-mexanik Zahide Güçlü, mühafizəçi Atakan Şahin Erdoğan və taksi sürücüsü Murat Arslan olub.
Daxili işlər naziri Ali Yerlikaya axşam saatlarında verdiyi açıqlamada hücuma görə PKK-nı işarə edib.
"Müdafiə nazirimizin açıqlamalarını da eşitdik. İzlədiyimiz görüntülər böyük ehtimalla PKK-nın etdikləri ilə bağlıdır. Bizim qiymətləndirməmiz budur. Son məlumatları sizinlə paylaşacağıq, şəxsiyyətlər dəqiqləşdirilir”, - Ali Yerlikaya bildirib.
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər daha əvvəl hücumla bağlı açıqlamasında PKK-ya işarə edərək, “Biz bu PKK-lılara hər dəfə laiq olduqları cəzanı veririk, amma heç vaxt ağlları başlarına gəlmir” deyib.
Yaşar Gülər qeyd edib ki, "Son terrorçu məhv edilənə qədər onları təqib edəcəyik".
Sonrakı saatlarda Milli Müdafiə Nazirliyi İraq və Suriyanın şimalındakı hədəflərə qarşı hava əməliyyat başladığını və “32 hədəfin məhv edildiyini” açıqlayıb.
Hücum edənlərin bel çantaları ilə TUSAŞ-dan 12 kilometr uzaqlıqdakı taksi dayanacağına gələrək şəhər mərkəzinə getmək istədikləri bildirilib.
Məlumata görə, daha sonra hücum edənlərdən biri siqaret çəkmək bəhanəsi ilə taksini saxladıb və taksi sürücüsünü güllələyib. Taksini digər hücum edən şəxsin sürdüyü deyilir.
TUSAŞ-ın qarşısında enən silahlıların təsadüfi atəş açaraq, içəriyə doğru hərəkət etdikləri və giriş qapısında bombalı hücum təşkil etdikləri iddia edilir.

Yayım qadağası qoyulub
Türkiyə qanunlarına görə, məhkəmə qərarı ilə hadisə ilə bağlı məlumatların dərc olunmasına qadağa qoyulub.
Türkiyə Radio və Televiziya Üst Şurasının (RTÜK) sədri Ebubekir Şahin qərarı açıqlayarkən ictimaiyyətə "təsdiqlənməmiş məlumatlara qarşı" xəbərdarlıq edib.
Türkiyədə Twitter, Instagram, YouTube kimi sosial media platformalarına daxil olmaqda problemlərin olduğu bildirilir.

Şəklin mənbəyi, Getty Images
Erdoğan: Türkiyənin müdafiə sənayesindəki nailiyyətləri hədəfə alınıb
Türkiyə Prezidenti Recep Tayyip Erdoğan BRICS sammitində iştirak etmək üçün Rusiyanın Kazan şəhərində səfərdədir və oradan sosial media hesabından hadisəni pisləyib.
“Türkiyənin müdafiə sənayesinin lokomotiv təşkilatlarından biri olan TUSAŞ-a qarşı törədilən terror hücumu “Tam Müstəqil Türkiyəmiz”in simvolu olan ölkəmizin sağ qalması, millətimizin əmin-amanlığı və müdafiə sıçrayışlarımızı hədəfləyən alçaq bir hücumdur", - Recep Tayyip Erdoğan bildirib.
Türkiyə siyasətində təmsil olunan vəzifəlilərin və partiya sədrlərinin əksəriyyəti hadisəni qınayan bəyanatlar veriblər.

Şəklin mənbəyi, Getty Images
NATO: Biz Türkiyənin yanındayıq
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Recep Tayyip Erdoğana başsağlığı verib.
"Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktı nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi olduqca sarsıtdı.
Biz bu xain terror aktını şiddətlə qınayır, sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm", - İlham Əliyevin məktubunda bildirilir.
NATO baş katibi Mark Rutte X platformasındakı paylaşımında "Ankarada ölü və yaralıların olduğuna dair xəbərlər dərin narahatlıq verir. NATO olaraq müttəfiqimiz Türkiyənin yanındayıq. Terrorun hər növünü qınayırıq və hadisələri yaxından izləyirik" yazıb.
ABŞ dövlət katibi Antony Blinken “ABŞ olaraq müttəfiqimiz Türkiyənin yanındayıq və bugünki terror aktını şiddətlə qınayırıq” deyib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Guterres verdiyi yazılı açıqlamada, "BMT türk xalqı və hökuməti ilə həmrəydir" deyib.
Rusiya Prezidenti Vladimir Putin də Kazanda keçirilən BRICS sammiti çərçivəsində Prezident Recep Tayyip Erdoğanla görüşdən əvvəl başsağlığı verib.
Putin, "Ankarada törədilən terror aktını qınayıram. Türkiyəyə başsağlığı verirəm" deyib.










