Hizbullah lideri İsrail hücumunda öldü: İran indi nə edəcək?

İranın İsrailə hələ cavab verməyib

Şəklin mənbəyi, EPA

İranın Yaxın və Orta Şərqdə ən güclü proksi qüvvəsi kimi bilinən Hizbullah qruplaşmasının lideri Həsən Nəsrullahın öldürülməsindən sonra siyasi təhlilçilər bununla da regionda münaqişənin daha da alovlanacağı və daha geniş coğrafiyaya yayılacağı risklərinin olduğu qənaətindədir.

Nəsrullah sentyabrın 27-də İsrailin Livana endirdiyi hava zərbələri nəticəsində öldürülüb.

Siyasi təhlilçilər ən pis ssenaridə İranın nüvə silahını əldə etmə cəhdi və ABŞ-ın İrana hücumu ehtimallarını da istisna etmirlər.

İranın Ali dini lideri Ayətullah Xameneyi ilə şəxsi əlaqələri olan Nəsrullahın ölümünun qisassız qalmayacağına söz verib.

Sentyabrın 30-da İsrailin baş naziri Benjamin Netanyahu İran xalqına müraciətində deyib ki, "İsrailin yanınızda olduğunu bilin".

BBC Dünya Xidmətindən Jiyar Gol yazır ki, bir çox mühafizəkar İranın hər hansı addım atmamasından narahat olur.

Hizbullah, İsrail, İran, münaqişə, hərb, ordu

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Hizbullah lideri Həsən Nəsrullah cümə günü İsrail hücumunda ölüb.

İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasındakı çıxışında İsrailin Qəzzaya hücumunu tənqid etdi və Livana hücumunu cavabsız qoymayacağını dedi.

Lakin o sələfləri kimi "İsrail yox olmalıdır" demədi, əvəzində "hamıya sülh istəyirik və heç bir ölkə ilə müharibə istəmirik" söylədi.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sabiq bir komandiri BBC-yə deyib ki, İsraili təhdid edib heç nə etməməsi SEPAH-ın daxili və xarici müttəfiqləri qarşısında etibarınə daha da zədələyib.

Prezident Pezekşian bazar ertəsi amerikalı jurnalistlərə deyib ki, İsrail İranı müharibəyə cəlb etməyə çalışır.

“İran İsraillə gərginliyi azaltmağa və İsrail da bunu edərsə, silahlarını aşağı salmağa hazırdır”, o əlavə edib.

"Nüvə silahı, ABŞ-ın İrana hücum ehtimalı" - Jeremy Bowen yazır

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

İsrail artıq daha çox əsgər səfərbər edib və görünür hərbi müdaxiləni daha da artırmaq niyyətindədir.

Bunu nəzərə alan BBC-nin beynəlxalq məsələlər üzrə redaktoru Jeremy Bowen İsrailin yalnız hava hücumları ilə kifayətlənməyəcəyi və qurudan da Livana hücum edəcəyi ehtimalının olduğunu deyir.

O, İsrailin bu addımını "kütləvi eskalasiya xarakterli" kimi təsvir edir.

Orta Şərq regionu özünü küncə sıxılmış kimi hiss edir və indi əsas sual İranın nə edəcəyidir.

İsrail atdığı addımlarla sanki İranı cavab zərbəsi endirməyə təşviq edirmiş kimi görünür. Hətta belə bir fikir də var ki, rəsmi Təl-Əviv İranın cavab zərbəsinə ABŞ-ın dəstəyi ilə daha güclü qarşılıq verəcək.

Əgər məsələyə İran tərəfdən baxsaq, Tehran Aralıq dənizində İsrailin hərbi gücünü artıran ABŞ dəniz donanmasını diqqətdə saxlayır. İsrail sanki düşmənlərinə zərər vermək əhval-ruhiyyəsindədir və İran düşünür ki, İsrail hazırda Orta Şərqi yenidən formalaşdırmaq niyyətindədir.

Münaqişədəki bütün iştirakçılar üçün indi çətin qərarlar qəbul etmə vaxtıdır. İran, İsrail, eləcə də son vaxtlar liderini və əsas üzlərini itirən Hizbullah nə edəcək?

İranın addımlarını müşahidə edənlər və bəzi israillilər narahatdırlar ki, İranın uzun illər yaratdığı müttəfiqlər və proksi qüvvələr artıq səmərə vermədiyi üçün Tehran nüvə silahını inkişaf etdirməyə məcbur qala bilər.

Bu mümkündür, çünki İran texniki biliklərə çox yaxındır. Əgər belə olarsa və ABŞ bunu aşkara çıxararsa, o zaman Tehranın bu addımı Vaşinqtonu İrana qarşı bombalama kampaniyası başlatmağa məcbur edə bilər. Hazırkı vəziyyətin bu nöqtəyə gəlib çıxa biləcəyi ehtimalı insanları ən çox narahat edən daha geniş ssenaridir.

Əvvəllər mövcud olan oyun şərtləri artıq yoxdur. Heç kəs nə olacağını bilmir. İsrailin onu atəşkəsə və diplomatik həllə çağıran müttəfiqləri isə bu qeyri-müəyyənliyin böyük təhlükə və yanlış olduğu qənaətindədirlər.

İran İsrailin “cinayətlərinin” cavabsız qalmayacağını deyib

Şəxsi əlaqələri olan Nəsrullahın ölüm xəbərini alan İranın ali dini lideri Ayətullah Xameneyi 5 günlük matəm elan edib və Nəsrullahın ölümünün qisassız qalmayacağına söz verib.

O qeyd edib ki, müqavimət cəbhəsinin “köhnəlmiş və tənəzzüldə olan” İsrailə hücumları “daha ​​da güclü olacaq”.

Xameneyi bildirib ki, Nəsrullah “Beyrutun cənub ətraflarında çarəsiz insanları və onların dağıdılmış evlərini, eləcə də itirilmiş qiymətli canları müdafiə etməyi planlaşdırarkən” öldürülüb.

O deyib ki, müqavimət cəbhəsi “görkəmli bayraqdarını”, Livan isə “analoqu olmayan lider”ini itirsə də, Hizbullah daha da güclənəcək.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani İsrailin Livana endirdiyi hava zərbələrini “müharibə cinayəti” adlandırıb və buna görə həm İsrailin, həm də ABŞ-ın məsuliyyət daşıdığını bildirib, dövlət mediası yazıb.

Naser Kənani onu da deyib ki, İran İsrailin heç bir “cinayətini” cavabsız qoymayacaq.

Ötən həftə İran İnqilab Keşikçiləri Korpusunun generalının Livanda İsrailin hava zərbələri nəticəsində öldürülməsindən sonra ilk açıqlamasını verən İran rəsmisi - Kənani qeyd edib ki, İran müharibə axtarmır, amma müharibədən də qorxmur, Reuters agentliyi yazıb.

Həftəsonu İranın ali dini lideri Əli Xameneyi də İsraildən etdiklərinin “intiqamının” alınacağını demişdi.

İsrailin Livanda hədəf aldığı Hizbullah İran tərəfindən dəstəklənən və maliyyələşən silahlı qruplaşmalardan biridir.

Hizbullah və İran başa düşür ki... - BBC-dən Frank Gardner-in təhlili

Hazırda İran regionda ən əsas müttəfiqinin məhv olması təhlükəsi ilə üz-üzədir. Bu həm də İran üçün ən çox raket ehtiyatına malik qüvvəsini itirmə riskidir, BBC-nin təhlükəsizlik müxbiri Frank Gardner qeyd edir.

Son bir həftə ərzində Hizbullahda olan müxtəlif raketlər nisbətən azalıb və onları işlədə bilən insanlar da həlak olublar. Lakin Təl-Əviv də daxil olmaqla, İsrailin digər şəhərlərini hədəf ala biləcək uzaq mənzilli idarəolunan raketlər hələ də qruplaşmanın ehtiyatında toxunulmaz olaraq qalır.

Hizbullah və İran başa düşür ki, əgər bu raketləri işə salsalar və İsrail şəhərlərinə atsalar, bunun iki mümkün nəticəsi ilə üzləşməli olacaqlar: birincisi İsrail cavab tədbiri kimi birbaşa İranın özünü hədəf ala bilər, ikinci məqam isə odur ki, regionun demək olar bütün dənizlərində hərbi gəmilərini yerləşdirmiş ABŞ məsələyə qarışa bilər.

Bundan sonra, böyük ehtimalla İraq, Suriya və Yəməndə mövcud olan İranın dəstəklədiyi silahlı qruplaşmaların daha geniş formada münaqişəyə qoşulduğunu görəcəyik.

Diplomatlar gərginliyi azaltmaq üçün əllərindən gələni edəcəklər, lakin indi İsrail Hizbullahın axırına çıxmaqda daha qərarlı görünür.