"Hizbullah" üzvləri və İran səfirinin yaralandığı hadisə barədə nə məlumdur?

Livanda peycerlərin və simsiz rabitə cihazlarının partlaması simsiz rabitə cihazı peycer livan partlayış "Hizbullah"
Şəklin alt yazısı, Məktəblilər çərşənbə axşamı günü öldürülmüş bir uşağın fotosunu göstərir.

Livanda simsiz rabitə chazlarının partlamasının ikinci dalğasında azı 20 nəfər ölüb, 450-dən çox şəxs yaralanıb, Livanın səhiyyə naziri bildirib.

Livanın silahlı qruplaşması "Hizbullah"ın 2750 üzvü isə sentyabrın 17-də ölkə boyu peycerlərdə baş vermiş partlayışlar nəticəsində yaralanıb. Hər iki partlayışlardan sonra ölü sayının 30-u keçdiyi bildirilir. Ölənlərdən ikisinin uşaq olduğu deyilir.

Bu hücumların İsrailin müdafiə naziri Yoav Gallant-ın "müharibənin yeni mərhələsi" elanını verməsindən və İsrail ordusu diviziyasının şimala göndərilməsindən sonra baş verdiyi bildirilir.

Diviziyanın şimala göndərilməsini İsrail hərbi qüvvələri təsdiqləyib.

Çərşənbə günü "Hizbullah" üzvlərinin istifadə etdiyi peycerlər eyni anda partlamağa başlayıb.

Qruplaşma bu hadisəni "müəmmalı" adlandırıb. Yaralananlar arasında qruplaşmanı dəstəkləyən İran İslam Respublikasının Livandakı səfiri Müctəba Əmani də var.

Həlak olanlar arasında "Hizbullah" üzvünün qızı da var, AFP agentliyi bildirib.

Səhiyyə naziri çərşənbə axşamı günü açıqlayıb ki, azı 200 nəfərin vəziyyəti ağırdır.

Bu hücumun necə reallaşdırıldığı hələlik bəlli deyil, amma "Hizbullah" partlayışlara görə İsraili günahlandırıb. İsrail mövzuyla bağlı hələlik reaksiya verməyib.

Bəs, hadisəylə bağlı hansı məlumatlar var və reaksiyalar necə olub?

hizbullah iran israil həməs həmas fələstin

Şəklin mənbəyi, Reuters

Partlayışlar nə vaxt və harada baş verib?

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Döyüş sursatları üzrə mütəxəssis BBC-yə bildirib ki, peycerlər çox güman ki, 20 qrama qədər hərbi təyinatlı yüksək partlayıcı ilə dolu olub.

Qonşu Suriyada da azı 14 nəfərin peycer partalamasına görə yaralandığı açıqlanıb. Suriya İnsan Haqları üzrə monitorinq qrupu bildirib ki, yaralı şəxslərin hansı ölkənin vətəndaşı olduğu açıqlanmır.

Livanın dövlət xəbər agentliyi partlayışların "Hizbullah"ın qalası sayılan paytaxt Beyrutun cənubunda, eyni zamanda ölkənin bir sıra digər bölgələrində də baş verdiyini deyib.

Livan təhlükəsizlik mənbələri BBC-yə bildiriblər ki, Hizbullah qrupu üzvlərinin bir-biriylə ünsiyyət üçün istifadə etdiyi peycerlər İsrail kəşfiyyat xidmətləri tərəfindən sındırılıb.

Hadisə şahidlərinin ifadələrinə görə, insanların cibindən duman çıxdıqdan bir qədər sonra fişəng və silah səsinə bənzər partlayış səsləri eşidilib.

Müşahidə kameralarının qeydə aldığı görüntülərdən birində bir mağazanın qarşısında dayanmış bir nəfərin cibində partlayış baş verdiyi görünür.

Reuters xəbər agentliyi partlayışların təxminən bir saat müddətində davam etdiyini bildirib.

Qısa müddət ərzində Livanda xəstəxanalara axın başlayıb və şahidlərin sözlərinə görə, qələbəlik olub.

Livanın səhiyyə naziri Firass Abiad ölənlər arasında biri azyaşlı qız olmaqla mülki vətəndaşların olduğunu açıqlayıb.

AFP-nin məlumatına görə, azyaşlı qız bir "Hizbullah" üzvünün qızıdır və Beka dərəsində öldürülüb.

"Hizbullah" iki üzvünün öldüyünü açıqlayıb.

Reuters qruplaşma lideri Hasan Nasrallahın partlayışlarda xəsarət almadığı xəbərini yayıb.

Hizbullah, İran,

Şəklin mənbəyi, EPA

Cihazlar necə partlayıb?

"Hizbullah"ın güclü təhlükəsizlik tədbirləri görən bir qruplaşma olduğunu deyən bir çox təhlilçi çərşənbə axşamı günü baş vermiş hücumun miqyasına təəccübləniblər.

Partlayışların peycerlərin batareyalarının həddindən artıq qızması nəticəsində baş verməsi ehtimalı irəli sürülüb. Belə hadisə daha əvvəl heç vaxt baş verməyib.

Lakin bir çox mütəxəssisi partlayışın görüntülərinin batareyaların hədsiz qızması ilə uyğun gəlmədiyini bildirir və məhz buna görə də bu ehtimalın üzərində dayanmırlar.

Bu mütəxəssislərin fikrincə, hadisə peycerlərin istehsal və ya təchizat vaxtı müdaxiləyə məruz qalmış olması da daxil olmaqla, bir növ tədarük zənciri hücumu da hesab edilə bilər.

Tədarük zənciri hücumları kibertəhlükəsizlik dünyasında getdikcə artan narahatlıq mənbəyidir. Son vaxtlar hücum edənlərin, məhsul hələ hazırlanarkən, ona çatımlılığını göstərən bir çox vacib hadisə baş verib.

Lakin bu hücumlar, ümumilikdə proqram təminatı ilə məhdudlaşıb.

Tədarük zəncirində əşyalara müdaxilə ilə hücumlar birbaşa müdaxilə tələb etdiyi üçün nadir hallarda müşahidə olunur.

Əgər bu, bir tədarük zənciri hücumu olsaydı, peycerlərə gizli müdaxilə üçün böyük bir əməliyyat aparmaq lazım gələrdi.

Adının açıqlanmasını istəməyən ingilis ordusunun bir keçmiş silah-sursat üzrə mütəxəssisi BBC-yə cihazların hər birinə 10-20 qram arasında hərbi təyinatlı yüksək partlayıcı maddə yerləşdirilmə ehtimalının olduğunu deyib.

Mütəxəssis partlayışın da şifrəli mesajla aktivləşdirilmiş olma ehtimalını vurğulayıb.

Hizbullah Livanda partlayışlar Livanda 2750 nəfər partlayışda yaralanıb Livandan 2750 nəfər yaralanıb Livanda yaralananalar İran səfiri Livanda yaralanıb

Şəklin mənbəyi, EPA-EFE/REX/Shutterstock

Məsuliyyəti kim daşıyır?

Partlayışlara görə, hələ ki, heç kim məsuliyyəti üzərinə götürməyib. Ancaq Livan baş naziri Necip Mikati və "Hizbullah" İsraili günahlandırıb.

Mikati partlayışların "Livanın suverenliyinə ciddi müdaxilə və bütün hallarda bir cinayət" kimi qiymətləndirib.

"Hizbullah" açıqlamasında İsrailin "mülkiləri də hədəf alan bu qəddar hücuma tamamilə məsul olduğunu" bildirib.

"Hizbullah" hücuma görə İsraili günahlandırıb və deyib: “Bu xain və cinayətkar düşmən ...bu günahkar təcavüzünə görə mütləq öz ədalətli cəzasını alacaq”.

Ötən ilin oktyabr ayından Qəzza müharibəsi ilə paralel olaraq "Hizbullah"la atışan İsrail ordusu bu iddialara hələ ki, şərh verməyib.

İsrail rəsmiləri də iddialara şərh verməyib. Ancaq bir çoxları bu hücumun arxasında İsrailin olduğu ehtimalında həmrəydir.

Lancaster Üniversitetinin beynəlxalq münasibətlər fakültəsinin rəhbəri professor Simon Mabon BBC-yə verdiği açıqlamada "İsrailin hədəfini təqib etmək üçün texnologiyadan istifadə məsələsində bir nümunə olduğunu bilirik" deyib. O, hücumun miqyasını vurğulayaraq, "görünməmiş" kimi dəyərləndirib.

Britaniyada yerləşən Chatham House-dan Lina Khatib hücumun İsrailin "Hizbullah"ın "kommunikasiya şəbəkəsinə" "dərindən" sızdığını göstərdiyini deyib.

Hizbullah livan Livanda hücumlar livanda saldırılar

Şəklin mənbəyi, Reuters

"Hizbullah" niyə peycer istifadə edir?

"Hizbullah" üzvləri ünsiyyət qurmaq üçün ciddi bir şəkildə peycerlərə aludədirlər.

Peycer olaraq bilinən bu ünsiyyət cihazları səsli mesaj və ya sms qəbul etmək kimi xüsusiyyətlərə malikdir.

İsrail Həmas-ın bomba üzrə mütəxəsisi Yahya Ayyaşı mobil telefonla öldürdükdən sonra mobil telefonlar "Hizbullah" üzvləri tərəfindən etibarlı hesab olunmadığı üçün istifadə olunmur.

Ancaq bir Hizbullah rəsmisi AP xəbər agentliyinə peycerin daha əvvəl qruplaşmanın istifadə etmədiyi, yeni bir marka olduğunu deyib.

Keçmiş ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi təhlilçisi Emily Harding təhlükəsizliyə etinasızlığın "Hizbullah" üçün "ayıb olduğunu" vurğulayıb.

Harding BBC-yə "belə bir etinasızlığın təsiri, sadəcə, fiziki olmayacaq. Bu, eyni zamanda bütün təhlükəsizlik qurğularını sorğulamağa səbəb olacaq. Diqqətlərini İsraillə mümkün mübarizədən uzaqlaşdıracaq, gərgin bir daxili araşdırma aparacaqlarını gözləyirəm" deyib.

Bu hadisə Hizbullah-İsrail münaqişəsini daha da qızışdıra bilərmi?

"Hizbullah" Həmasa dəstək olaraq hərəkət etdiyini bildirib. Hər ikisi İran tərəfindən dəstəklənir və İsrail, Böyük Britaniya və digər ölkələr tərəfindən terror təşkilatları kimi tanınırlar.

"Hizbullah" Tehranın "Müqavimət oxu" adlandırdığı ittifaqın üzvüdür və aylardır İsraillə davamlı bir mübarizə aparır.

İsrailin şimal sərhədində tez-tez qarşılıqlı raket atəşi eşidilir. Sərhədin hər iki tərəfində yaşayan əhali yurd-yuvasından didərgin düşüb. Davamlı partlayışlar İsrailin ölkənin şimalı ilə əlaqədar yeni müharibə hədəfi təyin etməsindən sonra baş verib.

İsrail "Hizbullah"ı sərhəddən uzaqlaşdırmağı və bu atışmalar nəticəsində bölgədən uzaqlaşmağa məcbur qalmış on minlərlə israillinin evinə geri qayıtmasını bir müharibə hədəfi elan edib.

Davam edən gərginliyə rəğmən müşahidəçilər indiyədək hər iki tərəfin tammiqyaslı bir döyüşə girmədən, düşmənçiliyi nəzarətdə davam etdirməyi hədəflədiyini bildirirlər. Lakin "Hizbullah"ın çərşənbə axşamı günü baş vermiş partlayışlara görə, qisas sözü verməsi ilə vəziyyətin nəzarətdən çıxa biləcəyi ilə bağlı narahatlıqlar artıb.

Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabr ayından bəri ən azı 600-ə yaxın adam həlak olub. Onların böyük əksəriyyəti "Hizbullah" döyüşçüləridir.

İsrail hökuməti bildirir ki, İsrail tərəfində 25 mülki şəxs və 21 təhlükəsizlik qüvvələri üzvü öldürülüb.

Hizbullah

Şəklin mənbəyi, EPA

Reaksiyalar nə olub?

BMT-nin Livan üzrə koordinatoru Jeanine Hennis-Plasschaert iki tərəf arasında baş vermiş gərginliyin artmasını "son dərəcə narahatedici" olaraq dəyərləndirib və tərəfləri vəziyyəti qızışdıracaq hər cür davranışdan uzaq olmağa çağırıb.

Türkiyə xarici işlər naziri Hakan Fidan Livanın Baş naziri Mikatiylə telefonla danışıb. Fidanın Livanda peycerlərin partlaması ilə təşkil olunmuş hücumla bağlı məlumat aldığı bildirilir.

ABŞ Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin sözçüsü Matthew Miller çərşənbə axşamı günü verdiyi brifinqdə bu hadisənin ABŞ-la əlaqəsi olmadığını deyib.

Hadisəylə bağlı məlumat yığdıqlarını deyən Miller ölkəsinin "əvvəldən məlumatlı olmadığını" da vurğulayıb.

İranın rəsmi İRNA xəbər agentliyinin məlumatına görə, İran xarici işlər naziri Abbas Arakçı Livanın XİN rəhbəri Abdullah Bou Habiblə telefonla danışıb. O, söhbət əsnasında İsraili məsul tuduğu hücumu şiddətlə qınayıb.

Böyük Britaniya Xarici İşlər Nazirliyi də anlaşma çağırışında "bu böhran vəziyyətində sakitliyə və gərginliyin azaldılmasına çağırırıq" kimi ifadələrdən istifadə edib.