İsrail Livana yeni hərbi bölmə göndərib

İsrail Livan

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Beyrutda insanlar İsrail hava hücumundan sonrakı dağıntılara baxır

Bir il əvvəl HƏMAS silahlıları tərəfindən öldürülən 1200 və oğurlanan 251 nəfərin xatirəsini yad etmək üçün bütün İsrail boyunca anım mərasimləri, ayinlər və mərasimlər keçirilir.

İsrail ordusunun İranın dəstəklədiyi Hizbullah hədəflərinin qurudan işğalına başlamasından bir həftə sonra Livanın cənubuna İsrailin yeni hərbi bölməsi göndərilib.

Hizbullah-ın İsrailin şimalına atdığı raketlər 10 nəfərin yaralanmasına səbəb olub. Hizbullah 7 oktyabrı “qəhrəmanlıq” adlandırıb və İsrail qüvvələrinə müqavimət göstərə biləcəyinə "əmin olduğunu" bəyan edib.

İsrail ordusu Qəzza və Livanda HƏMAS və Hizbullahın fəaliyyət göstərdiyi hədəflərə hücum etdiyini bildirir.

İsrail Müdafiə Qüvvələri, həmçinin Qəzzanın cənubundan İsrailə 4 raket atıldığını, onlardan üçünün dəf edildiyini bildirir.

HƏMAS-ın Təl-Əvivə endirdiyi zərbələr nəticəsində isə iki nəfər yaralanıb.

İsrailin hava zərbələrindən Beyrutda güclü partlayışlar olub

Şəklin mənbəyi, Getty

Daha əvvəl İsrail Livanın paytaxtı Beyruta 30-dan artıq hava zərbələri endirib.

Güclü partlayışlar və yanğın fonunda çoxlu sayda sakinin şəhəri tərk etdiyi görüntülənib.

Bundan əvvəl İsrail ordusu əhalini şəhəri tərk etməyə çağırmışdı.

İsrail bildirib ki, onlar keçən gecə ərzində Livanın cənubuna hücum zamanı 440 Hizbullah döyüşçüsünü öldürüblər.

Hizbullah isə bildirib ki, onlar Livanın bir kəndinə girməyə çalışan İsrail qoşunlarını geri çəkilməyə məcbur ediblər.

Avqusutun 5-də İsrailin Livanın Tripoli şəhərinə hava hücumundan zərbələri zamanı Həmas liderinin öldürüldüyü də deyilir.

BMT bildirir ki, son həftələr ərzində 200 mindən çox insan Livanı tərk edərək Suriyaya keçib.

Qəzzada isə Həmasa məxsus media xəbər verib ki, İsrailin qaçqınların sığındığı məscid və məktəbi vurması nəticəsində azı 24 nəfər həlak olub, 93 nəfər yaralanıb.

İsrail bildirib ki, Həmas xəstəxana yaxınlığındakı binadan idarəçilik mərkəzi kimi istifadə edib və onların zərbəsi "dəqiq olub".

Livanın Baş naziri atəşkəs çağırışı edib

Livanın Baş naziri Najib Mikati

Şəklin mənbəyi, Reuters

Livanın Baş naziri Najib Mikati atəşkəs üçün beynəlxalq ictimaiyyətin "İsrailə təzyiqlər göstərməsinə" çağırıb.

Yaydığı bəyanatda Najib Mikati bildirib ki, onun kökuməti Fransa, ABŞ, Avropa İttifaqı və Ərəb ölkələrinin keçən həftə "birlikdə etdiyi atəşkəs çağırışını" dəstəkləyir.

Eyni zamanda Mikati Fransa Prezidenti Emmanuel Macron-un Livana dəstək çıxışını da alqışladığını bildirib.

Macron çıxışında İsrailə silah verilməsinin dayandırılmasını istəmişdi. İsrailin Baş naziri Benjamin Netanyahu isə onun bu çıxışını tənqid etmişdi.

İsrail Livana havadan və qurudan hücum edib
Şəklin alt yazısı, İsrail Livana havadan və qurudan hücum edib
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

İsrailin bombardmanları Beyrutun beynəlxalq hava limanının yaxınlığında böyük partlayışlara səbəb olub.

Hava limanı Hizbullahın Beyrutdakı qalası sayılan Daniye bölgəsinin yaxınlığındadır. Cümə günü səhər açılan kimi şəhərin üzərindən tüstü buludu görünüb.

Livanın Səhiyyə Nazirliyi son 24 saatda İsrailin quru və hava hücumları nəticəsində 37 nəfərin öldüyünü, 151 nəfərin isə yaralandığını bildirib.

Məlumata görə, İsrail qüvvələrinin Hizbullaha qarşı hücumu davam etdirdiyini deyərək daha 20 şəhər və kəndin boşaldılmasını əmr edib.

Livan ordusu İsrailin hücumları nəticəsində ölkənin cənubunda iki əsgərinin öldürüldüyünü bildirib.

İsrail ordusu heç bir şərh verməsə də, qoşunlarının sərhəd yaxınlığında Hizbullah döyüşçülərini öldürdüyünü bildirib. Hizbullah sərhədin hər iki tərəfində İsrail əsgərlərini hədəf aldığını elan edib.

Livan ordusunun əsgərlərinin ölümü İsrailin ölkəni işğal etməsinin üçüncü günü bir neçə saat fərqlə olub.

Ötən gün İsrailin Livanın paytaxtı Beyrutun mərkəzindəki Basura bölgəsinə endirdiyi hava hücumunda azı beş nəfərin öldüyü, səkkiz nəfərin yaralandığı açıqlanıb.

Hücum zamanı hədəf alınan çoxmərtəbəli binada Hizbullahla əlaqəli sağlamlıq mərkəzi olub. Bina Livan parlamentindən və BMT-nin regional mərkəzindən bir neçə metr aralıda yerləşir.

Beləliklə, İsrail ilk dəfə Beyrutun mərkəzinə zərbə endirib. Şəhərin cənubundakı Dahiye bölgəsində də hücumların olduğu bildirilib.

Livanın Səhiyyə Nazirliyi çərşənbə günü axşam verdiyi açıqlamada son 24 saatda İsrailin hücumları nəticəsində 46 nəfərin öldüyünü, 85 nəfərin isə yaralandığını açıqlayıb.

İsrailin çərşənbə axşamı günü səhər saatlarında Livana başlatdığı quru əməliyyatında səkkiz İsrail əsgəri həlak olub.

Livan Israil

Şəklin mənbəyi, Getty Images

Çərşənbə axşamı İranın İsrailə "onlarla raket zərbəsi" endirməsindən bir neçə saat sonra İsrail hava qüvvələri Livanın paytaxtı Beyrutda Hizbullah-a məxsus olduğunu iddia etdiyi hədəflərə daha çox zərbə endirib.

Hadisələr bazar ertəsi İsrail ordusunun Livanın cənubunda Hizbullah-a məxsus olduğunu bildirdiyi hədəflərə hücumu ilə başlayıb. İsrail Livana daxil olduğunu açıqlayıb.

Hizbullah bu məlumatları təkzib edib.

İsrail Müdafiə Qüvvələri (İDF) İranın İsrailiə hücumundan sonra Livanı hədəfə alarkən bölgədəki mülki əhalini təxliyyə etmələrinə ehtiyac olduğuna dair X-də xəbərdarlıq edib.

Hizbullah çərşənbə günü İsrailin hücumunu dəf etdiyini bildirib və bundan qısa müddət sonra qrup İsrailə zərbələr endirdiyini iddia edib.

Hizbullah bildirib ki, çərşənbə günü səhər İsrailə qarşı bir sıra hücumlar, o cümlədən İsrail hərbi bazalarına raket hücumu həyata keçirib.

Qrupun çərşənbə günü yaydığı bəyanata görə, raketlər Ştula və Maskaf Am yaşayış məntəqələrindəki İsrail əsgərlərinə və "İsrail düşmən qüvvələrinin Şomera bazasına" endirilib.

Hizbullah bildirib ki, zərbələr bir neçə "birbaşa" və "dəqiq" hədəfə dəyib.

İsrail hələlik Hizbullahın iddialarına münasibət bildirməyib.

Bundan başqa, çərşənbə günü İsrail ordusu Qəzzada da yeni hava zərbələrinə başlayıb. İsrail Hərbi Hava Qüvvələri bildirib ki, hədəfə aldığı keçmiş Əl-Bureyc hazırlıq məktəbi hazırda HƏMAS tərəfindən İsrailə qarşı hücumlar hazırlamaq üçün istifadə edilir və "dəqiq döyüş sursatları, havadan müşahidə və əlavə kəşfiyyat məlumatlarından" istifadə də daxil olmaqla, mülki şəxslərə zərər verməmək üçün addımlar atıldığını bildirib.

Reuters-in məlumatına görə, İsrailin Qəzzada məcburi köçkünlərin yaşadığı məktəbə endirdiyi hava zərbəsi nəticəsində azı 9 nəfər ölüb, 20 nəfər yaralanıb.

Hava zərbəsinin sözügedən məktəbə aid olub-olmadığı hələlik aydın deyil.

İsrail Livan

Şəklin mənbəyi, Getty Images

Çərşənbə axşamı Hizbullah bəyan edib ki, “İsrailin qüvvələrinin Livana daxil olması ilə bağlı iddiaları yalandır”.

Qrupun bəyanatında həmçinin bildirilir ki, onların döyüşçüləri ilə İsrail qüvvələri arasında birbaşa toqquşma olmayıb. Lakin onlar "birbaşa qarşıdurmaya hazırdırlar". Hizbullah İsrailin hücumlarına cavab verdiyini bildirib.

İsrail də birbaşa toqquşmanın baş vermədiyini elan edib. Bundan əvvəl İsrail ordusu Livanın cənubuna, sərhəd bölgələrinə Hizbullaha qarşı “lokal, məhdud və hədəfli” hücuma keçib. İsrailin yüksək rütbəli təhlükəsizlik rəsmisi BBC-yə İsrail quru qüvvələrinin Livana “çox yaxın yerimə məsafəsində” girdiyini bildirib.

İsrail Müdafiə Qüvvələrinin ərəbdilli sözçüsü Avichay Adraee Livanın cənubunda 25 kəndin boşaldılmasına çağırıb. O livanlılara deyib ki, təhlükəsizliklərinə görə evlərini tərk etməlidirlər, çünki "Hizbullah tərəfindən hərbi məqsədlər üçün istifadə edilən istənilən ev vurulacaq".

Bu hadisələrin ardından İran İsrailə ballistik raketlər atdığını bildirib.

İranın İsrailə raket atacağı barədə ilk xəbərdarlığı ABŞ etmişdi və bunun İran üçün "ciddi nəticələri" olacağını demişdi.

Livanın Baş naziri Nəcib Nikati İsrailin Livanın cənubundakı əməliyyatını "ölkə tarixində ən təhlükəli dövrlərdən biri" adlandırıb.

Livanda İsrailin hava hücumları davam edərkən artıq bir milyon insanın məcburi köçkün vəziyyətinə düşdüyü bildirilir.

Erdoğan: "İsrailin göz dikdiyi yer... Türkiyədir"

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan İsraili tənqid edib

Şəklin mənbəyi, TCCB

Şəklin alt yazısı, Türkiyə Prezidenti Recep Tayyip Erdoğan İsraili tənqid edib

Bu arada Türkiyə Prezidenti Recep Tayyip Erdoğan bu gün Parlamentdəki çıxışında İsraili tənqid edib və deyib ki, İsrail bölgə ölkələrini "öz atəşinə çəkmək üçün" hər cür təxribata əl atır.

“Vəd edilmiş torpaqlar aldanması ilə hərəkət edən İsrail rəhbərliyinin Fələstin və Livandan sonra tam dini fanatizmlə göz dikəcəyi yer, açığını deyim ki, bizim vətənimiz olacaq” dedi.

"Hazırda bütün planlar bunun üstündədir" - deyən Erdoğan bu kontekstdə Livan sərhədi ilə Türkiyə ərazisinin yaxın olduğunu deyib.

İsrail Livanı işğal edir? - BBC israilli hərbçiyə sual verib

İsrail Livan

Şəklin mənbəyi, Getty Images

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Peter Lerner BBC-yə müsahibəsində deyib ki, ona İsrailin suveren bir ölkəni işğal etdiyi deyilir. Lakin onun fikrincə, "oktyabrın 8-də sərhəddən raket atəşi ilə on minlərlə israillini didərgin salaraq Hizbullah öz “müharibəsinə” başlayıb".

Onun sözlərinə görə, son əməliyyatlar insanları təhlükəsiz şəkildə evə gətirməyə çalışmaq üçün "bir illik danışıqlardan” sonra həyata keçirilir.

"Xeyr, [Livanı] işğal etmək planı yoxdur, plan Hizbullahın israilliləri öldürmək üçün qurduğu infrastrukturu dağıtmaqdır", - Lerner əlavə edir.

O deyib ki, “Hizbullah Livanın cənubunda "[2023-cü il-red.] oktyabrın 7-nə bənzər hücumlarda" istifadə etmək üçün nəzərdə tutulmuş "öncül əməliyyat bazalarına" malikdir. Ona görə də İsrail hərbçiləri bir gecədə “həmin infrastrukturları dağıtmaq üçün” səfərbər olublar”.

İsrail ordusunun təmsilçisi Leyner BBC-yə deyir ki, ona İsrailin “məhdud və hədəfli” hücumlarının təsvirinin onun qüvvələrinin keçən il Qəzzaya girməsindən əvvəl istifadə etdiyi dilə bənzədiyini deyirlər. Lakin o, fərq olduğunu düşünür.

“Qəzzada məqsəd HƏMAS-ı idarəedici orqan kimi dağıtmaqdır, Livanda isə daha çox İsrail vətəndaşları üçün birbaşa təhlükələr diqqət mərkəzindədir”, o bildirib.

Bundan əvvəl Hizbullah İsrailin şimalına daha çox artilleriya atəşi açdığını deyib.

Daha əvvəl İsrail Müdafiə Qüvvələrinin sözçüsü Avichay Adraee ərəbcə deyib ki, Hizbullah Livanın cənubuna hücumlar etmək üçün mülki əhalidən qalxan kimi istifadə edir. Hizbullahın bu iddialara cavabı hələ ki, məlum deyil.

Livanın cənubunda "şiddətli toqquşmaların" baş verdiyi barədə xəbərdarlıq edən Adraee livanlı mülki şəxslərə cənuba getmək üçün Litani çayındakı nəqliyyat vasitələrindən istifadə etməmələri barədə xəbərdarlıq edib.

İsrail Livanın cənubuna qurudan hücuma başlayıb

İsrail Livan

Şəklin mənbəyi, AFP

İsrail Müdafiə Qüvvələrinin paylaşdığı videoda quru hücumuna başlamazdan əvvəl bəzi İsrail əsgərlərinin gecə Livanda əməliyyat apardığı təsdiqlənir.

İsrail ordusunun yaydığı videoda Hizbullahla mübarizə üçün yaradılmış elit Egoz bölməsinin komandirinin gecə öz qoşunlarına etdiyi müraciət əks olunub.

İvrit dilində danışan komandir hərbçilərin indiyədək Livan daxilində "nəzərə çarpmayan əməliyyatlar" həyata keçirdiyini və indi yerüstü manevrin başladığını deyir.

Görünür, bu, az sayda İsrail əsgərinin artıq Livan daxilində əməliyyatlar aparması ilə bağlı son günlərdə yayılan söz-söhbətin ilk təsidiqidir.

Hizbullah-ın daha əvvəlki açıqlamasına görə, onlar çərşənbə axşamı səhər saatlarında İsraillə sərhəddə yerləşən Metula qəsəbəsində İsrail əsgərlərini hədəfə alıblar.

““Raket zərbəsi" atılıb, həmçinin artilleriya atəşi açılıb”, - Hizbullah bildirib.

İsrail Müdafiə Qüvvələri bu hücumları dəf etdiyini açıqlayıb.

Bundan əvvəl Hizbullah liderinin müavini Şeyx Naim Qasım deyib ki, İsrailin qurudan hücumuna hazırdır və qruplaşma İsraillə savaşına davam edəcək.

Bazar ertəsi İsrail ABŞ-ı Livana qurudan müdaxilə edəcəyi ilə bağlı xəbərdarlıq edib, ABŞ rəsmisi deyib.

Hizbullah "İsrailin quru hücumuna hazırdır" deyir

İsrail hücumundan sonra dağılmış Livan şəhəri

Daha əvvəl Livan sərhədində hərbçilərlə görüşən İsrailin müdafiə naziri Yoav Gallant deyib ki, qaçqınların ölkənin şimalına qayıtması üçün "əllərindən gələn hər şeyi edəcəklər".

"Nə etmək lazımdırsa ediləcək və biz bütün hava, dəniz və quru qoşunlarımızı istifadə edəcəyik", nazir bildirib.

Hizbullah liderinin müavini Şeyx Naim Qasım isə açıqlayıb ki, İsrailin qurudan hücumuna hazırdır və qruplaşma İsraillə savaşına davam edəcək.

Hizbullah liderinin müavini Şeyx Naim Qasım

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Hizbullah liderinin müavini Şeyx Naim Qasım

O, Hizbullah lideri Həsən Nəsrullahın cümə günü öldürülməsindən sonra ilk dəfədir ki, çıxış edir.

Şeyx Qasım deyib ki, tezliklə yeni lider seçiləcək.

Onun sözlərinə görə, qrupun fəaliyyəti davam edir.

O, hücumları minimum adlandırıb və qeyd edib ki, döyüş uzun çəkə bilər, Reuters yazır.

Şeyx Qasım çıxışını "səbir" sözü ilə bitirib.

İsrail baş naziri İran xalqına birbaşa müraciət edib

Bundan əvvəl İsrailin baş naziri Benjamin Netanyahu İran xalqına birbaşa müraciət ünvanlayıb və deyib ki, İsrail İran xalqının yanındadır.

İranın dəstəklədiyi HƏMAS, Hizbullah və Husilərə qarşı əməliyyatlarına davam edən İsrail baş naziri Netanyahu üç dəqiqəlik videoda bildirib ki, İran liderləri Qəzza və Livanın müdafiəsi ilə bağlı nitqlər söyləsə də, "regionu hər gün qaranlığa və müharibəyə qərq edir".

“Yaxın Şərqdə İsrailin çata bilməyəcəyi, xalqımızı qorumaq və ölkəmizi qorumaq üçün getməyəcəyimiz yer yoxdur” - o deyib.

“Rejim hər keçən an sizi, nəcib fars xalqını uçuruma daha da yaxınlaşdırır”, İsrail baş naziri qeyd edib.

Netanyahu söyləyib ki, İran “nəhayət azad olanda” ki, - o an “insanların düşündüyündən çox tez” gələcək - hər şey fərqli olacaq və iki xalq sülh içində olacaq.

Beyrutda cümə günü İsrail hücumunda öldürülmüş Hizbullah lideri Həsən Nəsrullahın portreti asılıb

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Beyrutda cümə günü İsrail hücumunda öldürülmüş Həsən Nəsrullahın portreti asılıb

Fələstin silahlı qruplaşması HƏMAS bildirib ki, təşkilatın Livandakı lideri Fateh Şərif Əbu əl-Əmin bəzi ailə üzvləri ilə birlikdə İsrailin Livanın cənubuna hava hücumunda öldürülüb.

Hudeydə İsrail hücumundan sonra

Şəklin mənbəyi, X

İsrail hərbiyyəsi Yəməndə Hudeydə və Ras-İssa bölgələrinə hücumda Husilərin hərbi hədəflərini vurduğunu açıqlayıb.

“Bu gün genişmiqyaslı hava əməliyyatında onlarla hava qüvvələri təyyarəsi, o cümlədən döyüş təyyarələri, yanacaqdoldurma və kəşfiyyat təyyarələri... Husi terrorist rejiminin Yəməndəki Hudeyda və Ras-İssa bölgələrindəki hərbi hədəflərinə hücum edib", İsrail Müdafiə Qüvvələri (İDF) X-da bildirib.

İDF həmçinin “neft idxal etmək üçün istifadə olunan dəniz limanına və elektrik stansiyalarına hücum edib”.

İsrail iddia edib ki, bu ərazilər İran silahlarının daşınması üçün istifadə edilib.

Hücumlar Husilərin İsrailə "son hücumlarına" cavabdır, İsrail bildirib.

Husilər cümə günü İsrailin mərkəzinə hava zərbəsi endirdiyini demişdi, amma İsrail onu zərərsizləşdirdiyini açıqlamışdı.

Son hücumda Yəmənə nə qədər zərər dəydiyi bilinmir.

Husi xəbər agentliyi “İsrailin Hudeydəyə təcavüzünə” cavab verən bir bəyanat yayaraq, “Yəmən dəstək cəbhəsinin dayanmayacağını, sionist düşmənə qarşı zərbələrin dayanmayacağını” deyib.

Hizbullah lideri Həsən Nəsrullah İsrail hücumunda öldürülüb

Həsən Nəsrallah, Hizbullah lideri, İsrail hücumu

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, İranda keçirilən nümayişdə bir etirazçı əlində Həsən Nəsrullahın portretini tutub (27 sentyabr 2024)

Hizbullah lideri Həsən Nəsrullah ölüb, qrup açıqlayıb.

Qrupun yaydığı Telegram postunda onun "vəfat etdiyi" yazılıb.

Hizbullah həmçinin deyib ki, o, "sionistlərin cənub rayonlara xain basqınından sonra" ölüb.

Bundan əvvəl, İsrail Bakı vaxtilə günorta saatlarında Hizbullah lideri Həsən Nəsrullahın öldürüldüyünü deyib.

"Həsən Nəsrullah artıq dünyanı terror edə bilməyəcək", İsrail Müdafiə Qüvvələri (İDF) X hesabında yazıb.

Paylaşımını ötürün X
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

Paylaşımın sonu X

İsrail gecəboyu Beyruta hava hücumları həyata keçirib. İsrail hərbiyyəsindən BBC-yə bildirilib ki, məqsəd Nəsrullah və digər Hizbullah komandirlərini hədəfləmək olub.

Hezbollah İsrailə qarşı mübarizənin, "Qəzza və Fələstinə, Livanın və onun xalqının müdafiəsini davam etdirəcəyi vədini" verib.

Livanlı rəsmilər İsrailin cümə günü endirdiyi hava zərbələri nəticəsində 6 nəfərin öldüyünü, 91 nəfərin yaralandığını bildirib. Məlumata görə, bazar ertəsindən bəri İsrailin Livana hücumları zamanı ölənlərin sayı 800-ə çatıb.

Husilər Netanyahunu hədəfləyən raket atdıqlarını deyir

İsrail hərbiyyəsi axşam saatlarında bildirib ki, Yəməndəki Husilərin atdığı raketi zərərsizləşdiriblər.

İranın və Hizbullahın müttəfiqi olan Husilər açıqlama verib ki, onlar İsraildəki Ben Gurion hava limanını hədəfləyiblər.

Raket atışı İsrail Baş naziri Benjamin Netanyahunun hava limanına enməsi ilə eyni vaxta təsadüf edib, Reuters və AFP bildirib. Netanyahu ABŞ-dan, BMT-nin Baş Assambleyasından geri dönürdü.

Husilər artıq ikinci dəfədir ki, İsraili hədəfləyir. İlk raket cümə günü atılıb.

İsrail niyə Hizbullahı hədəfləyib?

Hizbullah və İsrail arasında döyüşlər 8 oktyabr 2023-cü ildən bəri artan xətt üzrə davam edir.

Bundan bir gün əvvəl Həmas silahlılarının İsrailə görünməmiş hücumu olmuşdu. Bu hücum həmçinin Qəzzada müharibəyə səbəb oldu.

Hizbullah bildirib ki, İsrailə hücumları o vaxt dayana bilər ki, Qəzzadakı müharibə sona çatsın.

İsrail İrana meydan oxuyur - Frank Gardner-in təhlili

İsrail Müdafiə Qüvvələrinin Hizbullah liderini hədəf alması böyük eskalasiyadır və bu, silahlı qruplaşmanı dəstəkləyən İrana qarşı ciddi təxribat yaradır, BBC-nin təhlükəsizlik üzrə müxbiri Frand Gardner yazır.

Bugünədək İran İsrail və Hizbullah arasında getdikcə qızışan münaqişəni kənardan izləmə siyasəti aparsa da, hazırda Tehran Yaxın Şərqdəki əsas müttəfiqini sistemli şəkildə itirmək riski ilə üzləşib.

Həsən Nəsrullah 1992-ci ildən bəri Hizbullaha rəhbərlik edirdi. O, kiçik hərbi dəstəni dünyanın ən güclü və heç bir dövlətə tabe olmayan silahlı qruplaşmasına çevirə bilmişdi. Nəsrullah bu işdə ona sadiq olan komandirlərin də köməyindən yararlanıb.

İranın İnqilab Keşikçiləri Korpusunun dəstəyi ilə Nəsrullah rəhbərlik etdiyi qruplaşmanın raket arsenalını qurmağı bacarmışdı. Hazırda həmin sursatların çoxu yerin altında saxlanılır.

Lakin onun öldürülməsi və Hizbullahın yüksək rütbəli komandirlərinin İsrail tərəfindən sui-qəsdə məruz qalması, təşkilatın reputasiyasına və döyüş qabiliyyətinə böyük zərər vuracaq.

İntiqam üçün çağırışlar olacaq və hazırda bütün gözlər İranın buna necə reaksiya verəcəyinə yönəlib.

İranın lideri Xameneyi İsrail barədə danışdı

İran, Ayətullah Əli Xameneyi, İsrail, müharibə

Şəklin mənbəyi, Reuters

Seyid Həsən Nəsrullahın ölüm xəbəri yayılandan sonra İranın Ali dini lideri Ayətullah Xameneyi açıqlama verib.

Rəsmi saytda dərc olunan açıqlamada o, Nəsrullahın adını çəkməyib.

O şərhinə "Livanın müdafiəsiz xalqının öldürülməsini pisləməklə" başlayıb və deyib ki, bu, İsrailin "liderlərinin uzaqgörənliyini və axmaq siyasətini sübut etdi".

“İsrail cinayətkarları bilməlidirlər ki, onlar Livanda Hizbullahın qalalarına ciddi ziyan vura bilməyəcək qədər kiçikdirlər,” Xameneyi əlavə edib: “Bölgədəki bütün Müqavimət qüvvələri Hizbullahı dəstəkləyir və onun yanındadır”.

O, həmçinin bütün müsəlmanları Livan və Hizbullah xalqının yanında olmağa və “qəsbçi və zalım rejimlə mübarizədə” onlara dəstək olmağa çağırıb.

Nəsrullahın ölümü İsraildə böyük qələbə kimi qiymətləndirilir

Jeremy Bowen

Beynəlxalq məsələlər üzrə redaktor

Hizbullah, Həsən Nəsrullah, müharibə, münaqişə, İsrail, İran

Şəklin mənbəyi, EPA

Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsi İsraildə böyük qələbə kimi qiymətləndirilir.

Nəsrullah 30 ildən çoxdur Hizbullah silahlı qruplaşmasının döyünən ürəyi olub. Qruplaşma lideri İrandakı yaxın müttəfiqlərinin köməyi ilə Hizbullahı döyüşən qüvvəyə çevirə bilmişdi. Bunun nəticəsi idi ki, Hizbullah 2000-ci ildə İsraili Livanın cənub torpaqlarındakı 20 illik işğala son qoymağa məcbur etdi.

2006-ci ilədək davam edən bu müharibədə Nəsrullah qruplaşmaya rəhbərlik edirdi və həmin il müharibənin dayandırılması qərarını da o vermişdi.

Son illərə kimi Nəsrullah İsrailin yeganə ən böyük düşməni idi. Yalnız ötən ilin oktyabrında Həmasın İsrailə hücumuna rəhbərlik edən Yəhya Simvar Təl-Əvivin ən böyük düşməninə çevrildi.

ABŞ-dakı müttəfiqlərinin istəklərinə zidd olaraq, İsrail yenidən Hizbullahla savaşa girdi.

Son bir neçə həftə ərzində İsrail müharibə planını yenidən aktivləşdirdi. Təl-Əviv 2006-cı ildə bitən Hizbullahla apardığı sonuncu müharibədən bəri bu plan üzərində işləyirdi.

İsrail Livandakı düşməninə böyük zərər vurdu. Onun liderini öldürmək isə ən böyük zərbə oldu.

İndi əsas sual Hizbullah və İranın buna necə reaksiya verəcəyidir. Onlar indi böyük ehtimalla düşünürlər ki, əgər ciddi qarşılıq verməsələr, strateji məğlubiyyətlə üzləşməyə davam edəcəklər.

Orta Şərqdəki qeyri-müəyyənlik və təhlükə onu göstərir ki, əslində ABŞ və İsrailin qərb müttəfiqləri Baş nazir Benyamin Netanyahunu atəşkəsi qəbul etməyə ona görə inandırmağa çalışırdılar ki, vəziyyət daha da gərginləşməsin.

İndi artıq bunun üçün çox gecdir.

İsrailin hücumlarında İran generalı da öldürülüb

Jiyar Gol

BBC-nin Beynəlxalq məsələlər üzrə müxbiri

İsrailin cümə günü Livanın paytaxtı Beyruta endirdiyi hava zərbələri nəticəsində Hizbullah lideri ilə yanaşı, iranlı general Abbas Nilforuşan da öldürülüb, İran rəsmiləri açıqlayıb.

O, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi əməliyyatlar üzrə komandir müavini idi.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu 40 il əvvəl ölkədə dini sistemi müdafiə etmək məqsədi ilə yaradılıb. SEPAH həm də ölkədəki nizami orduya paralel güc kimi də fəaliyyət göstərir.

İraq: İsrail “bütün qırmızı xətləri” keçdi

İraq, İsrail, müharibə, münaqişə, Hizbullah,

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, İraqın Baş naziri Məhəmməd Şiə Əl-Sudaninin ofisi İsrailin Hizbullah liderini öldürməklə İ"bütün qırmızı xətləri" keçdiyini bildirib.

İraq Baş nazirinin ofisindən verilən məlumatda Hizbullah liderinin öldürülməsinə görə İraqda üç günlük matəm elan olunub.

Qurum Həsən Nəsrullahın öldürülməsinə münasibət bildirərkən, İsrailin “bütün qırmızı xətləri” keçdiyini bildirib.

Yəməndəki Husi hərəkatı da qruplaşma daxilində Hizbullah liderinin öldürülməsinə görə matəm elan etdiklərini açıqlayıb. Husi qruplaşması Hizbullaha “daha güclü və daha böyük dəstək” verəcəyini elan edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani İsrailin Livana endirdiyi hava zərbələrini “müharibə cinayəti” adlandırıb və buna görə həm İsrailin, həm də ABŞ-ın məsuliyyət daşıdığını bildirib, dövlət mediası yazıb.