Netanyahu İranın raket zərbələri barədə: "Bu, İrana baha başa gələcək"

Şəklin mənbəyi, Getty Images
İsrailin Baş naziri Benjamin Netanyahu İranın İsrailə raket hücumu etməsini “böyük səhv” adlandırıb və bunun İrana baha başa gələcəyini deyib.
İranın nəhəng ballistik raket hücumundan bir neçə saat sonra İsrail hava qüvvələri Livanın paytaxtı Beyrutda Hizbullah-a məxsus olduğunu iddia etdiyi hədəflərə daha çox zərbə endirib.
Çərşənbə axşamı İran İsrailə "onlarla raket zərbəsi" endirib, İran rəsmiləri bildiriblər.
İsrail bildirib ki, bu, sirenaların səslənməsinə və israil vətəndaşının sığınacaqlara yerləşdirilməsinə səbəb olub.
Livana sonuncu hücumundan öncə İsrail Müdafiə Qüvvələri (İDF) hədəf aldığı bölgədəki mülki əhalini təxliyyə etmələrinə ehtiyac olduğuna dair X-də xəbərdarlıq edib.
İran bildirib ki, əgər İsrail cavab hücumuna keçərsə, onlar daha güclü hücumlar edəcək.
“Əgər [İsrail]... bu cinayətləri davam etdirmək istəsə və ya suverenliyimizə, ərazi bütövlüyümüzə qarşı hər hansı bir hərəkət etmək istəsə, bu gecə əməliyyatı bir neçə dəfə daha güclü şəkildə təkrarlanacaq və onların bütün infrastrukturu hədəfə alınacaq”, - İran ordusunun komandiri Məhəmməd Baqiri deyib.

İsrail və ABŞ bildirib ki, ABŞ qoşunları və İsrail İranın atdığı 200 raketi zərərsizləşdirdiriblər. İsrail buna görə ABŞ-a təşəkkür edib. ABŞ İsraili sona qədər dəstəkləyəcəyini bəyan edib.
Bazar ertəsi ABŞ rəsmisi bildirmişdi ki, İsrailə hücumun İran üçün ciddi nəticələri ola bilər.
Oktyabrın 1-də İran hava məkanını müvəqqəti bağladığı üçün bir sıra beynəlxalq aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş etməli olub, Heydər Əliyev Beynəlxalq Aeroportu bildirib.
Onlar Varşava–Mumbay reysini həyata keçirən “LOT Polish Airlines” və Moskva–Doha reysini yerinə yetirən “Qatar Airways” aviaşirkətləri olub.
“İsrail İranın bu hücumunu cavabsız qoymayacaq…” – Frank Gardner-in şərhi

Şəklin mənbəyi, Getty Images
Apreldə etdiyi həmlədən fərqli olaraq, İsrail indi İrana daha böyük qüvvə ilə qarşılıq verməyə çalışacaq.
Həmin vaxt İran Suriyanın paytaxtı Dəməşqdəki konsulluq binasının İsrail tərəfindən bombalanmasına cavab olaraq 300-ə yaxın raket və dronlarla İsrail ərazisini hədəf almışdı. O zaman birgə beynəlxalq diplomatik cəhdlər sayəsində İsrailin güc yolu ilə İrana cavab verməsinin qarşısı alınmışdı.
Nəticədə İsrail simvolik olaraq kiçik raket hücumu ilə İranın nüvə obyektlərinə yaxın əraziləri vurdu. Bu hücum İrana az miqdarda zərər vursa da, Təl-Əviv göstərdi ki, onun İrana uzana bilən əli də var.

Şəklin mənbəyi, Reuters
Bu dəfə isə hər şey fərqli ola bilər. İsrail hazırda regionda atdığı addımlarla düşmənlərinin məhv edilməsində və üzləşdiyi bütün təhdidlərin aradan qaldırılmasında qərarlı görünür.
İyulda Tehranda Həmas lideri İsmayıl Haniyənin və sentyabrda Hizbullah liderinin Livanda öldürülməsindən sonra İran özündə İsrailə cavab vermə öhdəliyi hiss etdiyi kimi, İsrail də böyük ehtimalla İranın bugünki birbaşa hücumunu cavabsız qoymayacaq.
İsrailin hədəfinin miqyası bu dəfə İranın nüvə obyektlərindən, İslam İnqilabı Keşikçiləri Korpusunun bazaları və raket anbarlarına qədər geniş sahəni əhatə edə bilər.

İsrailin "Dəmir Günbəz" anti-raket sistemi İsrailin cənubundakı Aşkelon üzərində raketlərin qarşısını alıb, İsrail rəsmiləri deyib.
BBC müxbirləri Yerusəlimdə/Qüdsdə iki raketin zərərsizləşdirildiyini eşidiblər.
İsrail Müdafiə Qüvvələri (İDF) əhalini siren səsi eşidən kimi sığınacağa getməyə və orada qalmağa çağırıb.
İDF onu da bildirib ki, eşidilən partlayış səsləri zərərsizləşdirilmiş mərmilərindir.
İsrail İrana: "Bu hücumun nəticələri olacaq"
ABŞ İsraili müdafiə etmək üçün İrandan gələn raketlərin bir hissəsini zərərsizləşdirib, ABŞ-ın bir müdafiə rəsmisi BBC-nin amerikalı tərəfdaşı CBS telekanalına bildirib.
O, təfərrüata varmayıb.
Hərbçilərin israillilərə sığınacağı tərk etmələrinə icazə verildiyini dedikdən bir neçə dəqiqə sonra danışan İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Hagari deyib: "Biz həm müdafiə, həm də hücumda yüksək hazırlıq vəziyyətindəyik. Biz İsrail dövlətinin vətəndaşlarını müdafiə edəcəyik".
O bildirib ki, bu hücumun nəticələri olacaq.
“Planlarımız var və qərar verdiyimiz yerdə və vaxtda yerinə yetirəcəyik".
“Hər hansı itki barədə məlumatımız yoxdur; bu, sizin məsuliyyətli davranışınız sayəsindədir”, o, ictimaiyyətə müraciətində deyib.

İranlı siyasətçi: Raket zərbələrinin ikinci dalğası da ola bilər

Şəklin mənbəyi, Getty Images
İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri İbrahim Əzizi dövlət televiziyasında deyib ki, bu SEPAH-ın hücumlarının ilk dalğasıdır.
O deyib ki, bugünkü raket zərbələrinin hədəfi "hərbi mərkəzlər və obyektlər olub, amma düzgün aparılmayan hesablamalara görə mülkilər də vurulmuş ola bilər."
Əzizi qeyd edib ki, İsrail yenə səhv edrəsə, daha dağıdığı ikinci dalğa ola bilər.
İranın qiymətləndirmələrinə görə, İsrail bu gecə İrana cavab verə bilməz, o əlavə edib.
İran: "İsrailə onlarla raket atılıb"
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə onlarla raket atdığını bildirib.
Məlumata görə, raket hücumu İranın Ali Milli Təhlükəsizlik Şurasının razılığı və Silahlı Qüvvələrin Baş Qərargahının xəbərdarlığı və İran İslam Respublikası Ordusu və Müdafiə Nazirliyinin dəstəyi ilə həyata keçirilib.
İRNA məlumat yayıb ki, İranın paytaxt Tehranla yanaşı ölkənin müxtəlif yerlərindən İsfahan, Təbriz, Şiraz, Xürrəmabad, Ərək kimi şəhərlərdən səmaya raketlər atılıb.
BBC-nin diplomatiya üzrə müxbiri Caroline Hawley xəbər verir ki, İranın dövlət televiziyası İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən İsrailə “onlarla” raket atıldığını təsdiqləyən bəyanat yayıb və İsrailin cavab verəcəyi təqdirdə növbəti hücumla hədələyib.
Məlumata görə, İnqilab Keçikçiləri raket zərbəsini cümə günü öldürülən Hizbullah lideri Həsən Nəsrullahın, eləcə də iyulda öldürülən Həmas lideri İsmayıl Haniyənin və Livan və Fələstin "xalqının öldürülməsinə cavab olaraq endirdiklərini" elan edib.
Zərbələrin İsrailin hava qüvvələrinin “vacib bazaları”nı hədəfə aldığını və detalların daha sonra elan ediləcəyi bildirib.

ABŞ İranın İsrailə raket atacağını deyib
Bundan əvvəl bir neçə xəbər agentliyi yazıb ki, ABŞ-da İranın İsrailə “qaçılmaz” ballistik raket hücumu etməyə hazırlaşdığına dair işarələr var.
Frans-Press Agentliyi bu məlumatı adını çəkmədiyi ABŞ rəsmisindən alıb. Lakin Reuters və Axios da oxşar məlumat paylaşıblar.
ABŞ rəsmisi deyib ki, İsrailə hücumun İran üçün ciddi nəticələri ola bilər.
O, "İranın İsrailə birbaşa hərbi hücumu İran üçün ağır nəticələrə səbəb olacaq" deyə rəsmi xəbərdarlıq edib və əlavə edib ki, ABŞ "İsraili bu hücumdan müdafiə etmək üçün müdafiə hazırlıqlarını" dəstəkləyir, yüksək rütbəli Ağ Ev rəsmisi BBC-nin tərəfdaşı CBS-ə deyib.
İranın bu məlumatlara şərhi məlum deyil.

Şəklin mənbəyi, İDF
ABŞ rəsmisi deyib ki, bu hücum İranın aprelin 13-dəki hücumu qədər və ya ondan daha böyük ola bilər. Həmin vaxt İranın raketlərinin 99 faizi İsrail və onun tərəfdaşları - ABŞ və Britaniya tərəfindən zərərsizləşdirilmişdi.




