Laçın şəhəri və Zabux kəndində yaşayanlar köçməyə hazırlaşırlar

Şəklin mənbəyi, Getty Images
Laçın şəhəri və Zabux (Ağavno) sakinləri köçməyə hazırlaşırlar, erməni mediası yazır.
Cümə günü onlara evlərini tərk etmək üçün avqustun 25-dək vaxt verildiyi deyilib.
Separatçı “Dağlıq Qarabağın ərazi və infrastruktur naziri” Hayk Xanumyan onlara yardım veriləcəyini deyib.
Zabux sakinlərinə mənzil almaq üçün sertifikat verilməsi də nəzərdə tutulub, amma bunun üçün onlardan kənddəki "evlərə zərər vurmamaq" şərtilə köçmək istənilib.
Ermənistan mediasına görə, sakinlər deyiblər ki, Laçın dəhlizi avqustun 25-də Azərbaycana təhvil veriləcəyi üçün bu ərazilər boşaldılır.
Azərbaycan bəyan edib ki, “Laçın dəhlizinə alternativ” yeni yolda işlər yekunlaşan kimi Rusiya sülhməramlı qüvvələrinin həmin yola keçirilməsi nəzərdə tutulur.
Ermənistan iyulun 29-da həmin yolun öz ərazisinə düşən hissəsinin - Teğ-Kornidzor yolunun yenidən qurulması üzrə işlərə avqust ayında başlayacağını bildirib.
Laçın və Zabuxda yaşayanlar hara köçürlər?
"Artsakhtvnews" kanalı yazır ki, Zabux (Ağavno) sakinləri ev əşyalarını, əmlaklarını "istəməyə-istəməyə, yavaş-yavaş çıxarıb maşınlara yükləyirlər".
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Onlardan biri Aram İsaxanyan deyib ki, lap Yerevanın mərkəzində belə onlara dəbdəbəli evlər versələr, bu, itki ağrısı ilə müqayisəedilməzdir.
“Mən o 10 milyon [dram, 24 min dollar -red.] müavinətlə heç nə edə bilmərəm. Burada uşaqlıq keçirmişik, bütün bunları tikib yaratmışıq ki, uşağım özünü yaxşı hiss etsin, atasının tikdiyi bu beton üzərində yeriyir, atasının saldığı yolla yeriyir. Nəinki uşağım yenidən ac-susuz qalsın”.
Kəndin başçısı ailəsi ilə ermənilərin Artsax adlandırdığı Qarabağda qalmaq qərarındadır.
“Bu çox qısa müddətdə hər kəs harada qalacağı məsələsini həll etməli, ev tapmalıdır ki, sertifikatı versinlər. Artsaxda qalanlar üçün, deyəsən, həll olunub - bir az asandır. Bir 8-9 ailə də bizə qoşulub, bir yerdə olacağıq. Biz hamımız bir yerdə, bir-birimizə yaxın yerləşmək istərdik, lakin hələ dəqiq məlum deyil”, Andranik Çavuşyan deyib.
Laçın (ermənilər Laçına Berdzor deyir -red.) icra başçısı Narek Aleksanyanın sözlərinə görə, Rusiya sülhməramlı kontingenti yerli sakinlərin təhlükəsizliyini avqustun 25-nə kimi təmin edəcək.
“Sülhməramlılar yerlərini dəyişib, alternativ dəhlizə keçəcəklər. Onlar hələ ki burada dinc əhalinin təhlükəsizliyini təmin edirlər, lakin sonra buradan çıxacaqlar”, Narek Aleksanyan deyib.
Laçında yaşayanlar isə çıxmağa tələsmirlər. "Deyirlər, asan deyil bir qərara gəlmək: hara üz tutasan, harda mənzil salasan ki, bir daha indiki vəziyyətə düçar olmayasan?", media yazır.
İcra başçısı deyir ki, bir neçə gündən sakinlərin arasında bu qeyri-müəyyənlik keçib gedər.
“Bazar ertəsi evakuasiya prosesinin yerinə yetirilməsi ilə bağlı müəyyən məsələlər müzakirə olunacaq: nəqliyyat vasitəsi təqdim etmək və ya maliyyə yardımı ilə bağlı məsələlər”, Narek Aleksanyan qeyd edib.
Hazırda Laçında 150-dən çox artıq adam yaşayır.
Avqustun 5-də Laçında yaşayanlar “şəhərin təslim olmaması” tələbi ilə etiraz aksiyası keçiriblər, Ermənistan mediası yazır.
Etirazçılar Laçın dəhlizinə gedən yolu bağlayaraq onlara “aydın təminat” verilməsini istəyiblər.
Laçın sakinləri etiraz zamanı Rusiya sülhməramlılarının rəhbəri ilə danışmaq istəklərini bildiriblər. “Polis aksiyaya mane olub”, - Ermənistan mediası yazıb.

Şəklin mənbəyi, news.am
Laçın şəhəri və Zabux kəndi "avqustun 25-dək boşaldılacaq"
Avqustun 5-də Laçın şəhəri və Zabux kəndi (Ağavno) sakinlərinə avqustun 25-dək evlərini tərk etmək üçün vaxt verildiyi deyilib, news.am saytı bildirib.
Məlumatda deyilir ki, bu barədə onlara separatçı “Dağlıq Qarabağın ərazi və infrastruktur naziri” Hayk Xanumyan məlumat verib.
"Hayk Xanumyan bizə təxliyə proqramını təqdim etdi, kimin hara gedəcəyini söylədi. Amma heç kim getmək istəmir. Bizə silah versəydilər, qalıb döyüşərdik", - Ağavno (Zabux) kənd hakimiyyətinin başçısı Andranik Çavuşyan deyib.
Bu xəbərlər Qarabağda vəziyyətin gərginləşdiyi vaxta təsadüf edir.
Azərbaycan avqustun 3-də Qarabağda, Rusiya sülhməramlılarının məsuliyyət bölgəsindəki erməni silahlılarına qarşı hərbi əməliyyat keçirib və “əhəmiyyətli yüksəkliklər” tutduğunu bildirib.
Qarabağda yaranmış gərginlik nəticəsində Azərbaycan bir, erməni silahlıları iki hərbçisini itirdiyini açıqlayıb. Separatçı “Müdafiə ordusu” 19 hərbçisinin yaralandığını deyib.
Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan ordusunun hərbi əməliyyatını “Laçın dəhlizi ilə bağlı vəziyyətin birtərəfli şəkildə dəyişdirilməsinə cəhd” kimi qiymətləndirib. Bunu “qəbuledilməz” adlandıran Ermənistanın Xarici İşlər Nazirliyi hərbi əməliyyatla rəsmi Bakının 10 Noyabr bəyanatını “pozduğunu” bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın ittihamlarını “riyakarlıq” adlandırıb. Qurum son gərginliyə səbəb kimi “qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərində mövcudluğu və təxribatlara əl atmasımı” göstərib.
Bir neçə gün öncə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın Laçın dəhlizinin başqa marşrutla əvəzlənməsi tələbini “qanunsuz” adlandırmışdı.
“Bu müddət ərzində bu istiqamətdə müəyyən işlər görülüb, lakin hələ ki, razılaşdırılmış plan yoxdur. Hər halda Ermənistan heç bir planla razılaşmayıb, ona görə də Azərbaycanın tələbi qanunsuzdur”, - Ermənistan Təhlükəsizlik Şurasının katibi Armenpress saytına müsahibəsində deyib.

Şəklin mənbəyi, AAY
Amma bir müddət əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan bildirmişdi ki, Laçın dəhlizinə alternativ yol tikildikdən sonra keçmiş Dağlıq Qarabağ muxtar vilayəti ərazisindən kənarda yerləşən yaşayış məntəqələri, o cümlədən hazırda ermənilərin məskunlaşdığı Laçın və Zabux kəndləri Azərbaycana təhvil veriləcək.
“2020-ci il 9 noyabr üçtərəfli bəyanata əsasən, 3 il ərzində tərəflərin razılığı əsasında Laçın dəhlizi marşrutunun dəyişməsi nəzərdə tutulur. Bu məsələ üzrə ilkin razılaşma mövcuddur və dəyişikliyin məqsədi Dağlıq Qarabağ və Ermənistan üçün daha etibarlı və daha keyfiyyətli yol əlaqəsi təmin etməkdir. Və bizim müzakirələrimiz orada rusiyalı həmkarlarımızladır, çünki, bildiyiniz kimi, üçtərəfli bəyanata əsasən, dəhliz bütövlüklə Rusiya sülhməramlılarının nəzarəti altında olmalıdır”, - o bildirib.
Təhvil verilən kəndlərin sakinlərinin taleyi barədə isə Paşinyan bunu deyib:
“Laçın sakinlərinin problemini biz hökumət qərarları ilə həll edirik. Əhali, əlbəttə, evlərlə təmin olunmalıdır. Bu gün Laçında insanlar ailələrlə yaşamır. Ağavno kəndi sakinlərinə gəldikdə, onların problemi Artsax (Dağlıq Qarabağ) hakimiyyətinin köməkliyi ilə həll oluna bilər”.
Laçın dəhlizinin yenisi ilə əvəzlənəcəyi cümə günü Azərbaycan Prezidenti İlam Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel ilə telefon danışığında da müzakirə edilib.
İlham Əliyev “üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşmaya əsasən, Laçın dəhlizinə alternativ yeni yolun marşrutunun müəyyən edildiyini, Azərbaycan tərəfindən bu yolun inşasının yekunlaşmaq üzrə olduğunu və yolun tikinti işləri bitəndən sonra Rusiya sülhməramlı qüvvələrinin də həmin yola dislokasiya olunacağını deyib”, prezident.az saytı yazıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bildirib ki, Laçın şəhərinə daxil olmadan çəkilən yeni yolda işlərin bu il başa çatdırılması üçün "genişmiqyaslı işlər aparılır".





