Qəzzanın bombardmanı: “tam xaos” hökm sürür

İsrail Həmas Qəzza

Şəklin mənbəyi, Getty İmages

İsrailin cümə günü Qəzzanı intensiv bombalamağa başlamasından sonra Türkiyə Prezidenti Recep Tayyip Erdoğan İstanbulda keçirilən mitinqdə İsraili "müharibə cinayətkarı elan edəcəklərini" söyləyib.

İsrailin xarici işlər naziri Eli Coen bildirib ki, İstanbuldan gələn "sərt bəyanatlar"dan sonra İsrail diplomatlarına Türkiyəni tərk etməyi tapşırıb.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari şənbə günü mediaya bildirib ki, İsrail əsgərləri "hələ də meydandadırlar və müharibəni davam etdirirlər".

İsrail qüvvələri, o cümlədən tanklar cümə günü Qəzza zolağına daxil olub.

BBC-nin Qəzzada olan müxbiri Rüşdi Əbualuf İsrailin gecə bombardmanından sonra Qəzzada "tam xaos" hökm sürdüyünü yazır.

Onun sözlərinə görə, İsrail Qəzzanın şimalı və Qəzza şəhərini bombalayır.

Hələ də fəaliyyət göstərən yerli radiostansiya şimalda dörd ərazidə kütləvi bombardiman olduğu barədə məlumat verib və bildirib ki, hücum adamların “heç vaxt görmədiyi” miqyas və intensivlikdədir.

İsrail bildirib ki, gecəboyu "təxminən 100 qırıcı təyyarə Qəzzanı bombalayıb.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Gecə hücumu nəticəsində ölənlərin və yaralıların sayı barədə hələ ki, məlumat yoxdur. Kommunikasiya şəbəkələrinin işi dayanıb, Qəzzadakı insanlarla əlaqə saxlamaq mümkün deyil.

Frans-Pess xəbər verir ki, Həmas-ın mülki müdafiə xidməti Qəzzada yüzlərlə binanın dağıldığını bildirib.

"Minlərlə başqa evə ziyan dəyib" - deyə mülki müdafiə xidmətinin sözçüsü əlavə edib ki, intensiv bombardmanlar Qəzzanın şimalının "mənzərəsini dəyişib".

İsrailin cümə günü Qəzzada hərbi əməliyyatları intensivləşdirdiyindən sonra Sərhədsiz Həkimlər təşkilatı Qəzzada çalışan bəzi fələstinli həmkarları ilə əlaqələrinin kəsildiyini bildirib.

İsrail Müdafiə Qüvvələri cümə günü iddia edib ki, gecə əməliyyatları zamanı Həmasın oktyabrın 7-də İsralə hava hücumu əməliyyatlarının rəhbəri öldürülüb.

Cümə günü Qəzza zolağında güclü partlayışlar müşahidə olunub - İsrail quru qoşunlarının bu gecə əməliyyatları genişləndirdiyini bildirib.

BBC-nin İsrailin cənubunda, Qəzza yaxınlığında olan jurnalistləri deyir ki, bu dəfəki bombardman hər zamankından daha güclüdür.

İsrail Müdafiə Qüvvələri sözçüsü Qəzza şəhəri sakinlərinə cənuba hərəkət etməyi məsləhət görüb.

Erdoğan: "İsraili müharibə cinayətkarı elan edəcəyik"

Erdoğan Həmas İsrail Qəzza

Şəklin mənbəyi, BBC

AKP-nin İstanbulda təşkil etdiyi “Böyük Fələstin mitinqi”nə yüz minlərlə insan qatılıb, BBC Türkcə yazıb.

Atatürk Hava Limanında keçirilən mitinqdə çıxış edən Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Qəzzada baş verənlərə görə həm Qərb dövlətlərini, həm də İsraili sərt şəkildə tənqid edib.

O, “Qəzzadakı qətliamın ən böyük məsuliyyətini Qərbin daşıdığını” deyib və əlavə edib: “İsrail, səni müharibə cinayətkarı elan edəcəyik”.

“Dünən Ukrayna-Rusiya müharibəsində qətlə yetirilən dinc sakinlər üçün timsah göz yaşları tökənlər bu gün minlərlə günahsız uşağın ölümünü səssizcə izləyirlər”, - Erdoğan çıxışında deyib.

O, İsraili "1947-ci ildə Qəzza və Fələstin nə idi, bu gün nədir? İsrail, sən bura necə gəldin? Necə girdin içəri? Sən işğalçısan, təşkilatsan” deyə tənqid edib.

İsrailin xarici işlər naziri Eli Coen X hesabında yazıb ki, İstanbuldan gələn "sərt bəyanatlar"dan sonra İsrail diplomatlarına Türkiyəni tərk etməyi tapşırıb.

"İsrail sərhəddən dəqiqədə bir neçə dəfə Qəzzaya zərbələr endirir"

Jeremy Bowen

Beynəlxalq məsələlər üzrə redaktor, Yerusəlim

Mən İsrailin Sderot şəhərindəyəm, burdan, sərhəddə yerləşən bu şəhərdən Qəzzanı görmək mümkündür.

Qəzzaya ağır artilleriya atəşi davam edir. Bura yaxın olan İsrail artilleriyası dəqiqədə bir neçə dəfə atəş açır.

Şəhərin özü, demək olar ki, boşdur. Mülki əhalinin əksəriyyəti ya buranı tərk edib, ya da təxliyə olunub.

İsrail ordusunun sözçüləri əməliyyatların davam etdiyini və Həmasın aparıcı komandirini öldürdüklərini iddia edirlər.

İsrailin yerdə atdığı addımın həm də mülki fələstinliləri öldürdüyü dəqiqdir.

Onlar daha çox fələstinli öldürdükcə, Orta Şərqdə, düşmən, hətta dost ölkələrdə İsrailə qarşı qəzəb artır.

Bu, müharibənin yayılacağı demək deyil, amma bu, onsuz da bölgədə kövrək olan dəyişkənliyi və qeyri-müəyyənliyi artırır.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü: İsrail əsgərləri "hələ də meydandadırlar"

İsrail Qəzza Həmas

Şəklin mənbəyi, Epa

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari mediaya bildirib ki:

• İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalına daxil olub, hava və dənizdən "əhəmiyyətli hücumlarla quru fəaliyyətini genişləndirib".

• Həmas komandirləri, o cümlədən İsrailə 7 oktyabrda edilən hücumun "əsas iştirakçısı öldürülüb".

• İsrail əsgərləri "hələ də meydandadırlar və müharibəni davam etdirirlər". İsrail Müdafiə Qüvvələrinin “itkisi yoxdur”.

• Qəzzaya humanitar səylər bu gün daha çox qida, su və dərman tədarükü ilə genişləndiriləcək

• Həmasın girovluğunda olan şəxslərin azad edilməsi "ali milli səy" olaraq qalır.

Qəzza İsrail

Şəklin mənbəyi, Epa

Qəzzanın şimalında “miqyası görünməmiş bombardiman”

Rüşdi Əbualuf

Qəzza, Xan Yunisdən reportaj

Qəzzanın şimalında heç vaxt görmədiyimiz bir bombardman baş verdi.

Səmaya yüksələn böyük alovları görmək olardı – görünür, onlar müxtəlif növ bombalardan istifadə edirlər.

Buradakı xəstəxanada təcili yardım sürücüləri mənə dedilər ki, heç kimlə əlaqə saxlaya bilmirlər, ona görə də, sadəcə partlayışlar olan tərəfə gedirlər.

Hər yerdə çaxnaşma var, hətta burada, partlayışın az olduğu Xan Yunisdə belə insanlar təhlükəsizlikdə olduqlarını yoxlamaq üçün başqa yerlərdəki yaxınları ilə əlaqə saxlamağa çalışsalar da, telefonlar işləmir.

Bu, tam bir xaosdur.

İsrail Həmas Qəzza

Şəklin mənbəyi, Getty İmages

İsrail rəsmisi: gecə "təxminən 100 qırıcı təyyarə" Qəzzanı bombalayıb

İsrailin Hərbi Hava Qüvvələrinin əməliyyatlar üzrə rəhbəri, Briqada generalı Gilad Keinan-ın sözlərinə görə, İsrailin Qəzza zolağını gecə boyu yüzlərlə Həmas hədəfini məhv etdiyi bombardmanda “yüzə yaxın döyüş təyyarəsi” istifadə edilib.

X platrormasında yayımlanan bir postda İsrail qüvvələri Gilad Keinan-dan sitat gətirib ki, hava qüvvələrinin “məqsədi aydındır – Həmasın əlinin toxunduğu hər şeyi məhv etmək”.

Qəzza xəritəsi
Qəzza

Şəklin mənbəyi, AFP

Həmas da bombalayır

Həmasın hərbi qanadı Əl Qəssam Briqadaları deyir ki, İsrailin cənub şəhərləri Sderot və Aşdod "intensiv raket" hücumları ilə hədəfə alınıb.

Onlar həmçinin Aşkelon şəhərinə raket atdıqlarını deyirlər.

Aşkelon və Sderotda olan BBC müxbirləri hava həyəcanı siqnallarının səsləndiyini təsdiqləyib.

Bu gün raketlər Aşkelona düşüb və İsrail Dəmir Günbəz raketdən müdafiə sistemləri onları tutmayıb.

İsrail Həmasın oktyabrın 7-də 1400 insanın ölümü ilə nəticələnən hücumundan sonra Qəzzanı bombalamaqdadır.

Həmas Qəzzada tutduğu 229 girovu saxlamaqdadır.

Qəzzada Həmasın səhiyyə nazirliyi deyib ki, İsrailin qisas əməliyyatları başlayandan bəri 7000 mindən çox insan ölüb, onlardan 3500-dən çoxunun uşaq olduğu deyilir.

Cümə axşamından bəri nə qədər adamın öldüyü barədə hələəlik məlumat yoxdur.

İsrail Həmasın hava əməliyyatlarının rəhbərini öldürdüyünü bildirir

Həmasın istifadə etdiyi deyilən paraplan

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Qəzza zolağı ilə həmsərhəd İsrailin Kfar Aza bölgəsində oktyabrın 7-də fələstinli yaraqlılar tərəfindən istifadə edildiyi iddia edilən zədələnmiş motorlu paraplan

Bu gün İsrail ordusu oktyabrın 7-də paraplanlarla İsrail ərazisinə hücum edən Həmas döyüşçülərinə komandanlıq etdiyi və İsrailin hərbi postlarına pilotsuz təyyarələrlə hücumlara görə məsuliyyət daşıdığı iddia edilən şəxsi öldürdüyünü bildirib.

İsrail Müdafiə Qüvvələri (IDF) əvvəllər X platformasında yazıb: “Gecə IDF döyüş təyyarələri Həmasın hava qüvvələrinin rəhbəri Asem Abu Rakabanı hədəf alıb".

"Asem Abu Rakaba Həmasın PUA-ları [pilotsuz uçuş aparatları], paraplanlar, havada aşkarlama və müdafiədən məsul idi. O, oktyabrın 7-də qırğınının planlaşdırılmasında iştirak edib və paraplanlarla İsrailə sızan terrorçulara komandanlıq edib, pilotsuz təyyarələrin hücumlarına cavabdeh olub", - IDF bəyan edib.

Sərhədsiz Həkimlər: Qəzzadakı işçilərlə əlaqə itib

Yeni çəkilmiş fotoşəkildə Qəzza şəhərində Al Shifa xəstəxanasının işıqlandırıldığı görünür

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Yeni çəkilmiş fotoşəkildə Qəzza şəhərində Al Shifa xəstəxanasının işıqlandırıldığı görünür

Sərhədsiz Həkimlər (MSF) kimi tanınan xeyriyyə təşkilatı, Qəzzada çalışan bəzi fələstinli həmkarları ilə əlaqələrinin kəsdiyini elan edib.

Təşkilatın sosial mediada paylaşılan mesajında qrup, "xüsusilə Al Shifa xəstəxanasına və digər səhiyyə müəssisələrinə sığınan xəstələr, tibb işçiləri və minlərlə ailə üçün narahat olduğunu" bildirib.

"Biz Qəzza zolağı boyunca bütün tibb müəssisələrinin, işçi heyətinin və mülki şəxslərin birmənalı şəkildə müdafiəsinə çağırırıq", - MSF bəyan edib.

MSF-nin internet saytında deyilir ki, o, İsrailin evakuasiya əmrindən sonra beynəlxalq tibb işçilərini oktyabrın 13-də Qəzzanın cənubuna köçürüb.

Bundan əvvəl qrupun Qəzza zolağının şimalındakı Al Shifada cərrahi əməliyyatların apardığı yeri olub. Al-Şifa Qəzza şəhərinin əsas xəstəxanasıdır.

Bundan əvvəl İsrail ordusunun sözçüsü Həmasın xəstəxanadan yeraltı tunellər və komanda mərkəzləri üçün qalxan kimi istifadə etdiyini iddia etmişdi. Həmas bu ittihamı rədd edib.

Daha geniş münaqişə qorxusu realdır

Paul Adams

BBC News-un müxbiri

İsrail ordusu bu gecə dağıdıcı nəticələrə gətirən Qəzza əməliyyatlarını açıq-aşkar gücləndirib.

Ancaq bunun hamının gözlədiyi quru hücumunun başlanğıcı olub-olmadığını bilmək çətindir.

Mən başa düşürəm ki, regiondakı digər oyunçuların – Livandakı Hizbullah, İraq və Suriyadakı şiə yaraqlıları və Yəməndəki Husilərin şanslarını azaltmaq üçün Qərb diplomatlarının İsraili hərtərəfli işğalı sürətli yox, əksinə, eskalasiyanı yavaş-yavaş aparmağa təşviq etməsi iştirakçıların sayını getdikcə artırır.

Daha geniş regional münaqişə qorxusu realdır. Yaxın Şərqdə qırmızı xəbərdarlıq işarəsi yanıb-sönür.

İsrail və Hizbullah hər gün toqquşmalarla üzləşir. İsrail və ABŞ son günlər Suriyadakı hədəfləri vurub. Yəməndən atıldığı güman edilən mərmilər cümə günü Misirin Qırmızı dəniz sahilindəki iki şəhəri vurub. Demək olar ki, onlar İsrailə qarşı yönəlmişdilər.

Yəməndəki Husilərin siyasi bürosunun üzvü Hizan əl-Əsəd bu axşam sosial media postunda bir kəlmə yazıb: “Eliat”. Bu, İsrailin yeganə Qırmızı dəniz limanını işarə edir.

İsrailin müttəfiqlərinin məsləhətlərinə qulaq asmaq əhval-ruhiyyəsində olub-olmadığı bəlli deyil.

Qəzzada ailəsini itirən Əl-Cəzirə-nin jurnalisti xəbər verməyə davam edir

CNN-in verdiyi məlumata görə, Əl-Cəzirə telekanalının jurnalisti Vael əl-Dahduh 10-dan çox ailə üzvünün İsrailin hava hücumu nəticəsində öldürülməsindən sonra Qəzza zolağından canlı reportaj yayımlamağa davam edib.

Əl-Cəzirə telekanalının Qəzza bürosunun rəhbəri əl-Dahduhun cümə günü hadisə yerindən apardığı canlı yayım zamanı arxada atəş səsləri eşidilib.

Çərşənbə günü Əl-Dahduhun həyat yoldaşı, oğlu, qızı və nəvəsi Qəzza zolağının mərkəzindəki Nuseyrat qaçqın düşərgəsinə endirilən hava hücumunda həlak olub. Əl-Cəzirə telekanalının məlumatına görə, onun ailəsi köçmək məcburiyyətində qaldıqdan sonra bu evə sığınıb.

Ailənin açıqlamasına görə, 9-u uşaq olmaqla, ümumilikdə 12 nəfər həlak olub.

Cümə axşamı İsrail Müdafiə Qüvvələri CNN-ə bildirib ki, jurnalistin qohumlarının öldürüldüyü Qəzza bölgəsinə hava hücumu təşkil edib.

"Həqiqət zamanı"

BMT Baş katibi Antonio Gueterres X platformasında atəşkəsə çağırıb.

"Bu, həqiqət anıdır. Tarix bizim hamımızı mühakimə edəcək", - o deyib.

O bundan öncə xəbərdar edib ki, Qəzza yemək, su və elektrik çatışmazlığına görə "görünməmiş insan əzabı" yükü altındadır.