Həmasın İsrailə hücumunun arxasında hansı səbəblər dayanır?

Həmas

Şəklin mənbəyi, AFP

Fələstinin Həmas silahlı qruplaşmasının oktyabrın 7-də İsrailə qarşı başladığı hücum miqyası və zorakılığı baxımından görünməmiş bir hadisə idi.

Xəbərdarlıq edilmədən həyata keçirilən bu hücum israillilərlə fələstinlilər arasında onilliklər boyunca davam edən gərginliyin nəticəsidir.

Həmas hücumlarının arxasında bir sıra səbəblər dayandığını deyir.

Onlardan dördünü burada əhatə edirik.

Qəzza

Qəzza zolağı İsrail, Misir və Aralıq dənizi arasında uzunluğu 41, eni 10 km olan bir bölgədir. Qəzzada təxminən 2,3 milyon insan yaşayır və bura dünyada ən yüksək əhali sıxlıqlarından birinə sahibdir. Qəzza İordan çayının qərb sahili və Şərqi Qüdslə birlikdə Fələstin ərazisinin bir hissəsini təşkil edir.

BMT-nin məlumatına görə, Qəzza əhalisinin təxminən 80 faizi beynəlxalq yardımdan asılıdır və buradakı təxminən bir milyon insan isə gündəlik ərzaq yardımına möhtacdır.

Bu isə orada yaşayan insanların gündəlik həyatının çox çətin olması deməkdir. BMT-nin məlumatına görə, 2021-ci ildə Qəzzada elektrik enerjisi orta hesabla, gündə yalnız 13 saat verilə bilib.

Ümumdünya Səhiyyə Təşkilatı bir insanın içmək, yuyunmaq, yemək bişirmək və çimmək üçün gündə 100 litr suya ehtiyacı olduğunu bildirir. Qəzzadakı orta istehlak isə təxminən 88 litrdir.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

İsrail Qəzza üzərindəki hava məkanı ilə sahil xəttinə nəzarət edir və sərhəd qapılarından kimin və hansı malların girib-çıxmasına icazə verilməsini məhdudlaşdırır.

Misir də eyni qaydada, Qəzza sərhədinə kimin girib-çıxmasına nəzarət edir. Onlar bunun təhlükəsizlik üçün vacib olduğunu iddia edirlər.

İndi İsrail hökuməti şənbə günü baş verən hücuma cavab olaraq Qəzzada "tam blokada" elan edib.

Qəzzada hər gün elektrik enerjisi kəsilir. İsrailin blokadasından sonra Qəzzada yeganə elektrik stansiyasının yanacağı bitdiyi üçün elektrik enerjisi kəsilib.

Qəzza 2007-ci ildə o vaxtki hakim Fələstin Muxtariyyətinə sadiq qüvvələrlə islamçı qrup arasında baş vermiş şiddətli qarşıdurmadan sonra Həmasın nəzarətinə keçib.

2014-cü ildə Həmas ilə yaşanan qısa bir münaqişədən sonra İsrail özünü raket hücumlarından və döyüşçülərin sızmasından qorumaq üçün Qəzza ətrafında “bufer zona” elan etdi. Lakin bu, insanların yaşaması və əkin yeri üçün mövcud olan ərazinin sahəsini azaltdı.

İsrail-Həmas

Əl-Əqsa məscidi

İsraillilərlə fələstinlilər arasındakı gərginliyi yəqin ki, Şərqi Qüdsdəki Əl-Əqsa məscidi kimi simvollaşdıran az sayda tikili var.

Bir təpə üzərində yerləşən Əl-Əqsa məscidi islamın üçüncü müqəddəs yeridir, bura, eyni zamanda onu Həram-əş-Şərif - Məbəd dağı kimi tanıyan yəhudilər üçün də ən müqəddəs yer sayılır.

Həmasın hərbi qanadı olan Əl-Qəssamın komandiri Məhəmməd əl-Deif hücum zamanı yayılan səs yazısında zorakılığın “Əl-Əqsa məscidinin həyətində Məhəmməd peyğəmbərimizi təhqir etməyə cəsarət edən israillilərin hər gün bu məscidə etdiyi hücumlara” cavab olduğunu bildirib.

Son illərdə israilli fundamentalist millətçilərin bura ziyarətinin artması fələstinliləri narahat edir.

Məscid ətrafında namaz qılan fələstinlilərlə İsrail təhlükəsizlik qüvvələri arasında tez-tez toqquşmalar olur.

Aprel ayında İsrail polisi dini fəaliyyətlərlə bağlı mübahisədən sonra səsboğucu qumbara və rezin güllələrdən istifadə edərək məscidə basqın edib.

2021-ci ildə İsrailin keçirdiyi reydlər Həmasla İsrail arasında 11 günlük qarşıdurmaya səbəb olub.

Həmasın Livandakı yüksək səviyyəli nümayəndəsi Osama Həmdan BBC-yə deyib ki, onlar İsrail hökumətinin Əl-Əqsa kompleksi ilə bağlı niyyətlərindən narahatdırlar və hər hansı dəyişiklik “çox aydın qırmızı xətt” olacaq.

İsrail rəsmiləri burada ibadət azadlığını qoruyacaqlarını bildiriblər.

Gaza

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, İordan çayının qərb sahilində fələstinlilər yəhudilərin Labib Məhəmməd adlı yeniyetməni öldürməsindən sonra nümayiş keçirir

Yəhudi məskənləri

İsrailin 1967-ci il müharibəsində bəzi əraziləri işğal etməsindən sonra, xüsusilə İordan çayının qərb sahilində yəhudi məskənlərinin sayı artmağa davam edir.

BMT 2022-ci ildə işğal olunmuş ərazilərdə təxminən 700.000 yəhudi yaşadığını hesablayıb.

BMT və bir çox ölkələr beynəlxalq hüquqa əsasən, bu yaşayış məntəqələrini qanunsuz hesab edir, lakin İsrail bununla razılaşmır.

BMT-nin məlumatına görə, bu il ekstremist israilli mühacirlərin işğal olunmuş İordan çayının qərb sahilindəki dinc fələstinli sakinlərə qarşı zorakılığında əhəmiyyətli dərəcədə artım müşahidə olunub və hər ay 100-dən çox insident qeydə alınıb.

BMT 2022-ci ilin əvvəlindən bəri təxminən 400 nəfərin öz torpaqlarından didərgin düşdüyü ilə bağlı xəbərdarlıq edir.

Mübahisəli ərazilərdə yəhudi məskənləri israillilərlə fələstinlilər arasında gərginlik mənbəyi olmaqda davam edir.

Həmas üzvü Osama Hamdanın sözlərinə görə, fələstinlilər İsrailin “Fələstinliləri İordan çayının qərb sahilindən qovmağı planlaşdırmasından” qorxurlar.

İsrail və ərəb ölkələri arasında münasibətlər

İsrail 1979 və 1994-cü illərdə imzalanmış sülh sazişlərindən sonra yalnız iki ərəb qonşusu Misir və İordaniya ilə tam diplomatik əlaqələr saxlayır.

Bununla belə, son illərdə İsrail Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi digər mühüm regional aktyorlarla oxşar razılaşmalara imkan yaradıb.

Sentyabr ayında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ-da yerləşən Fox News telekanalına deyib ki, ölkəsi İsraillə münasibətləri normallaşdırmağa “hər gün daha da yaxınlaşır”.

Səudiyyə Ərəbistanı əvvəllər hər hansı razılaşmanın Fələstin dövlətinin yaradılması istiqamətində irəliləyiş tələb edəcəyini bildirsə də, Həmas normallaşmanın İsrailin Fələstinin tələblərini qəbul etməsi yöndə təzyiqi azaldacağını deyərək buna qarşı çıxır.

Həmas lideri İsmayıl Haniyə oktyabrın 7-də televiziyada yayımlanan çıxışında ərəb ölkələrinin İsrailə qarşı barışdırıcı münasibət bəsləməsini hədəfə alıb.

“Bu quruluşla imzaladığınız normallaşdırma sazişlərinin heç biri bu münaqişəni həll edə bilməz”, - o deyib.