Azərbaycandan Ermənistana neft və neft məhsulları göndərilə bilər

Şəklin mənbəyi, Getty
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Azərbaycandan Ermənistana neft və neft məhsulları göndərilə bilər.
Bunu dekabrın 6-da Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Qətərdə keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycanın Ermənistana neft və neft məhsulları göndərməsi ilə bağlı danışıqlar iki tərəf arasında Qəbələdə müzakirə olunub.
Ötən həftə Ermənistanın ilk yüksək vəzifəli şəxsi - Baş nazirinin müavini Mher Qriqoryan Azərbaycana, Qəbələyə gələrək orada danışıqlar aparıb.
Artıq Gürcüstan da ilk dəfə üçün Azərbaycan yanacağının Ermənistana dəmir yolu ilə pulsuz daşınacağını bildirib.
Belə qərarı Gürcüstan Baş nazir İrakli Kobaxidze verib.
Gürcüstan İctimai televiziyasının xəbərinə görə, Gürcüstan hökuməti "tərəfdaş ölkələrdən" Azərbaycan yanacağının Gürcüstan vasitəsilə Ermənistana daşınması ilə bağlı müraciət alıb.
Azərbaycan və Ermənistan arasında yük daşımalarında ilk dəfə buğda daşınıb. Daşınan buğda artıq Ermənistana çatdırılıb.
Azərbaycan əvvəl Qazaxıstan, sonra Rusiya buğdasının öz ərazisindən keçib Gürcüstan vasitəsilə Ermənistana çatdırılmasına icazə verib.
Ermənistan bir müddət əvvəl deyib ki, Türkiyə ərazisindən daşınan yüklərin onun ərazisindən Azərbaycana keçə bilər və buna hazırdılar.
Yük maşınlarının keçməsi üçün marşurut da göstərilib, ancaq Azərbaycan tərəfi hələ bu məsələyə münasibət bildirməyib.







