Azərbaycan və Ermənistan arasında toponim mübahisəsi: "Göyçə gölü", "Artsax"

Şəklin mənbəyi, Getty Images
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Prezident İlham Əliyev noyabrın 3-də çıxışı zamanı Ermənistan ərazisindəki toponimlərin - yəni coğrafi adların mütləq əksəriyyətinin Azərbaycan mənşəli olduğunu bildirib.
"Təkcə 20-ci əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb", - prezident.az saytı İlham Əliyevin çıxışına istinadla yazıb.
O, həmçinin deyib ki, bu xəritələr təbliğ və tədqiq edilməlidir:
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmasa, YouTube kanalımızda izləyin.
"O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu çar Rusiyası edib. Həmin o çar Rusiyası ki, vaxtilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin. Yəni, bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir", Prezident Əliyev deyib.
Azərbaycan Prezidentinin bu sözləri Ermənistanda narazılıq yaradıb. Baş nazir Nikol Paşinyan da daxil olmaqla, digər yüksək rütbəli şəxslər onun sözlərinə reaksiya veriblər.
"Azərbaycanda Basarkeçər adı işləndiyi kimi, Ermənistanda da Artsax və ya Kovsakan kimi adlardan istifadə edilir. Bəzən Ermənistanda və Azərbaycanda insanlar tarixin yalnız öz baxış bucaqları ilə üst-üstə düşən hissəsini anlayır və onun həqiqət olduğunu qəbul edir, digər hissəni isə qeyri-legitim hesab edirlər. Onların dediklərinin doğru və ya səhv olmasından asılı olmayaraq, məsələyə bu cür yanaşmağın özü uğursuzluğun ilk səbəbidir", Nikol Paşinyan bildirib.
O deyib ki, tərəflər bir-birilərinin ərazi bütövlüyünü Alma-Ata Bəyannaməsi əsasında tanıyırlar.
Baş nazir əlavə edib ki, sülhün başlanğıc nöqtəsi hər iki ölkənin demarkasiya komissiyaları arasında imzalanmış birgə fəaliyyətə dair tənzimləmə sənədidir və bu, hər iki ölkədə ən yüksək hüquqi qüvvəyə malikdir.
"Növbəti sənəd Vaşinqton Bəyannaməsi və nəhayət, Ermənistanla Azərbaycan arasında paraflanmış sülh müqaviləsidir. Məhz bu üç sənədin mövcudluğu Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olduğunu deməyə əsas verir", Paşinyan qeyd edib.
Nikol Paşinyan onu da bildirib ki, sülh prosesi gündəlik diqqət və institutlaşma tələb edir və bunun üzərində iş davam edir.
Azərbaycan və Ermənistan avqustun 8-də Vaşinqtonda sülh müqaviləsindəki bütün müddəaların paraflandığını bəyan ediblər.







