ABŞ İsrailə Qəzzaya humanitar yardım üçün 30 gün vaxt verib

Şəklin mənbəyi, Reuters
ABŞ hökuməti Qəzzada humanitar yardımın artırılması üçün İsrailə 30 gün vaxt verib. ABŞ, həmçinin İsrailə buna əməl etmədiyi halda, Amerikanın hərbi yardımlarının bir qisminin kəsilə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
ABŞ dövlət katibi Antony Blinken və müdafiə naziri Lloyd Austin-in imzaladığı məktub 13 oktyabrda göndərilib.
Məktub bu günədək Biden hökumətinin İsrailə etdiyi ən güclü xəbərdarlıq kimi qiymətləndirilir.
Bu xəbərdarlıq İsrailin Qəzzanın şimalında əməliyyatları davam edən vaxtda göndərilib.
ABŞ-ın pisləşən humanitar vəziyyətlə bağlı dərin narahatlığının ifadə olduğunu məktubda İsarilin keçən ay Qəzza zolağının şimal və cənubu arasındakı humanitar yardımın təxminən 90 faizinin qarşısını aldığı qeyd olunur.
Bir İsrail rəsmisi məktubu nəzərdən keçirdiklərini, ölkənin "bu məsələyə ciddi yanaşdığını" və "ifadə edilən narahatlığı” ABŞ-lı həmkarları ilə aradan qaldırmaq niyyətində olduğunu bildirib.
Bundan əvvəlki açıqlamasında İsrail şimaldakı HƏMAS yaraqlılarını hədəfə aldığını və humanitar yardım girişini dayandırmadığını bildirmişdi.
İsrail mediasında Qəzzanın şimalındakı 5 minə yaxın HƏMAS yaraqlısını təslim olmağa məcbur etmək üçün Benyamin Netanyahu hökumətinin “blokada” planı qurduğu yazılırdı.
Birləşmiş Millətlər Təşkilatının Dünya Qida Proqramının (WFP) işğal altındakı Fələstin torpaqlarındakı rəhbəri Antoine Renard Qəzzanın “daima fövqəladə vəziyyətdə” olduğunu, bölgənin şimalında insanların “sadəcə yardıma ümid etdiyini” və BMT qurumları tərəfindən təmin olunanlardan başqa təzə qidaya demək olar ki, çıxışları olmadığını qeyd edib.
ABŞ İsrailin ən böyük silah tədarükçüsüdür. İsrail ordusu ötən il Qəzzada HƏMAS-a qarşı apardığı müharibədə əsasən, ABŞ tərəfindən tədarük edilən təyyarələr, idarə edilən bombalar, raket və mərmilərdən istifadə edib.
Məktubda nə yazılıb?
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Məktubda müxtəlif təxliyə əmrləri ilə evindən didərgin düşmüş 1,7 milyondan çox insanın Qəzzanın sahil zolağında çox dar bir əraziyə sıxışdırıldığı və onların ölümcül keçici xəstəliklərlə üz-üzə olduğu vurğulanır.
İsrail hökumətindən getdikcə pisləşən humanitar vəziyyətlə bağlı verilən bir ay müddətində “təcili və davamlı” tədbirlər görülməsi istənilir.
Bu tədbirlərin görülməməsinin ABŞ-ın siyasətinə təsir edə biləcəyini həm Antony Blinken, həm də Lloyd Austin qeyd edir.
Məktubda, həmçinin humanitar yardımın qarşısını alan ölkələrə hərbi yardımın məhdudlaşdırılması ilə bağlı ABŞ qanun və qanunvericiliyə istinad edilir.
Qış gəlməmiş İsrailin hər gün azı 350 yük maşınının dörd ana keçiddən, həmçinin əlavə yeni bir keçiddən girişinə və Əl-Məvasi-dəki insanların daxili bölgələrə doğru hərəkət etməsinə icazə vermək də daxil olmaqla, “Qəzza boyunca hər cür humanitar yardımı artırmasına” ehtiyac olduğu vurğulanır.
Çərşənbə günü Washington-da mətbuat konfransı keçirən ABŞ Dövlət Departamentinin sözçüsü Matthew Miller jurnalistlərə bildirib ki, “məktubu ictimayyətə açıqlamaq fikirləri yoxdur”.
“Çünki bu, özəl diplomatik ünsiyyətdir”, - o bildirib.
İsrail 7 oktyabr 2023-cü ildə 1200 vətəndaşının ölümü ilə nəticələnən HƏMAS hücumundan sonra başladığı Qəzza əməliyyatında təşkilatı hədəfə aldığını və özünü müdafiə etdiyini bildirir.
Qəzzadakı yerli rəsmilər bu günədək müharibədə 42 mindən çox mülki şəxsin öldüyünü bildirir.

Şəklin mənbəyi, Getty Images
Bundan əvvəl İsrailin şimalında pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində 4 hərbçi ölüb, azı 60 əsgər yaralanıb, bazar ertəsi İsrail rəsmiləri bildirib.
İsraildə könüllü təcili yardım təşkilatı United Hatzalah-ın açıqlamasına görə, yaralıların vəziyyəti orta ağırdır. Onlar təcili yardım və helikopterlərlə bölgədəki 5 xəstəxanaya aparılıb.
Binyamina bölgəsindəki hücuma görə Hizbullah məsuliyyəti öz üzərinə götürüb. Silahlı qrup bildirib ki, İsrail ordusunun Hayfa və Təl-Əvivdə yerləşən Qolani briqadasına aid təlim düşərgəsini hədəf alıb.
İsrail mediası hücumun dəniz üzərindən həyata keçirildiyini yazıb.
Rəsmilər PUA-ların müdafiə sistemindən necə yayına bildiklərini araşdıracaqlarını bildiriblər.
İsrail üç səviyyəli müdafiə sistemi ilə qorunur.
Ən uzaq məsafəli təhlükələr "Arrow" sistemi, orta mənzilli təhlükələr "David's Sling" sistemi, ən yaxın təhlükələr isə "Dəmir günbəz" sistemi ilə zərərsizləşdirilir.
Oktyabrın 1-də İran 200-dən artıq raketlə İsrailə hücum edəndə, demək olar ki, hamısının qarşısı alınıb.

Şəklin mənbəyi, EPA
Livanın cənubundakı BMT Sülhməramlı Qüvvələri UNIFIL bazar günü səhər saatlarında İsrail tanklarının onların mövqelərindən birinə zorla girdiyini açıqlayıb.
UNIFIL bildirib ki, iki İsrail tankı onların İsrail sərhədi yaxınlığında- Ramyadakı qərargahının əsas qapılarını sındıraraq “işıqları söndürmək tələbi ilə” içəri soxulublar.
Bildirilib ki, təxminən iki saat sonra yaxınlıqda atəş açılıb və qərargaha daxil olan tüstü Sülhməramlı Qüvvələrin 15 əsgərində dəri qıcıqlanmasına və mədə problemlərinə səbəb olub.
İsrail ordusu isə hadisələrin fərqli olduğunu, UNIFIL qərargahına tank əleyhinə raketlə yaralanan əsgərləri təxliyə etmək üçün girdiklərini iddia edib.
Əsgərlərdən birinin "ağır yaralandığı", digərlərinin isə yüngül vəziyyətdə olduğu bildirilib.
Hadisə zamanı evakuasiya üçün “tüstü pərdəsi yaradıldığı”, UNIFIL ilə "daimi əlaqədə olunduğu" və İsrail ordusunun fəaliyyətində "UNIFIL üçün heç bir təhlükə olmadığı” bildirilib.
BMT-nin baş katibi António Guterres sülhməramlılara qarşı hər hansı hücumun “müharibə cinayəti ola biləcəyini” bəyan edib və əlavə edib ki, “UNIFIL komandası və əraziləri heç vaxt hədəfə alınmamalıdır”.
İsrail qüvvələrinin hücumları nəticəsində UNIFIL əsgərlərinin yaralandığı hadisələr daha əvvəl də olub.
İsrail tez-tez BMT qüvvələrini münaqişə bölgələrini tərk etməyə çağırır.

Şəklin mənbəyi, İsrail Hökuməti
İsrailin Baş naziri Benyamin Netanyahu şənbə günü etdiyi videomüraciətdə UNIFIL qüvvələrindən "zərər ala biləcəkləri yerlərdən" dərhal geri çəkilmələrini istəyib.
O iddia edib ki, UNİFİL qüvvələrinin bölgədəki mövcudluğu BMT qüvvələrini "Hizbullahın girovuna" çevirir.
UNIFIL hələlik bu tələblərə cavab verməyib.
Daha əvvəl UNIFIL əsgərlərinin yaralandığı hadisələrdə İsrail beynəlxalq arenada qınanmışdı, İsrail ordusu isə bəzi situasiyalarda BMT mövqelərinə atəş açıldığını qəbul etmişdi.
UNIFIL öz bəyanatında "Son günlərdə dördüncü dəfə İsrail ordusuna və bütün iştirakçılara BMT komandasının və əmlakının təhlükəsizliyini təmin etmək öhdəliyini xatırladırıq", – deyə bildirib.
UNIFIL, həmçinin şənbə günü İsrail əsgərlərinin sərhədə yaxın Kastellorizoda "kritik" logistika əməliyyatının qarşısını aldığını açıqlayıb. İsrail ordusu hələlik bu məsələ ilə bağlı açıqlama verməyib.
Livanda 50 ölkədən 10 min sülhməramlı və 800 mülki şəxs xidmət edir.
Onlar 1978-ci ildən bəri Litani çayında və Livan və İsrail arasında "Mavi xətt" adlanan, BMT tərəfindən tanınan sərhəddə patrul xidməti göstərirlər.
Daha əvvəl İsrail UNIFIL-dən 5 kilometr şimala çəkilməsini xahiş etmişdi. Bazar günü baş verən hadisələrdən əvvəl ümumilikdə beş sülhməramlı yaralanmışdı.





