Ukrayna müharibəsi: Rusiyanın pop ulduzu Alla Puqaçova “xəyali məqsədlər üçün gənclərimiz ölür” dedi
Laurence Peter
BBC News

Şəklin mənbəyi, Getty Images
Rusiyanın məşhur müğənnisi Alla Puqaçova Ukrayna müharibəsinə qarşı olduğu üçün ittham edilən həyat yoldaşı Maksim Qalkini dəstəkləyərək, rəsmi orqanlara “məni də xarici agent elan edin” deyib.
Tanınmış aparıcı və müğənni olan Maksim Qalkin cümə günü Rusiyanın Ukraynada apardığı müharibəni tənqid etdikdən sonra “xarici agenti” olmaqda günahlandırılıb.
Rusiya hökuməti “xarici agent” ittihamını Kremlin siyasətini açıq şəkildə tənqid edən insanlara, qruplara, təşkilat və media qurumlarına qarşı işlədir.
On illiklərdir ölkənin ən sevilən müğənnilərindən olan Alla Puqaçova sosial media hesabından paylaşım edərək, həyat yoldaşının “gənclərin xəyali məqsədlər uğrunda ölməsinə razı olmayan, həqiqi və sadiq bir rus vətənpər” adlandırıb.
Puqaçova rəsmi Moskvanın “xəyali məqsədlərinin” Rusiyanın beynəlxalq ictimaiyyətdən izolyasiya etdiyini və vətəndaşların həyatını çətinləşdirdiyini bildirib.
O, televiziya aparıcısı, komediya ustası və müğənni olan həyat yoldaşı Qalkinin “öz vətənində rifah, sülh və ifadə azadlığını müdafiə etdiyini” deyib.
Meqastar danışdı, təsiri nə ola bilər?
Steve Rosenberg-in şərhi
BBC Rusca redaktoru
Alla Puqaçovanın musiqi dünyasındakı karyerası 1960-cı illərdə başlayıb və Sovet İttifaqının dağıldığı illərdən keçərək bugünədək davam edir.
Rusiyada çox sevilən və hörmət edilən sənətçi Puqaçovanın Ukrayna müharibəsi barədə dedikləri böyük xəbərdir.
Xüsusilə də “gənclərimiz ölkəmizi beynəlxalq aləmdən təcrid edən xəyali məqsədlər naminə ölür” sözləri böyük ehtimalla Kremli çox əsəbləşdirəcək.
Lakin onun açıqlamalarının Putinin “xüsusi hərbi əməliyyat” kimi təqdim etdiyi müharibədə ictimaiyyətin fikirlərinə təsir edib-etməyəcəyini demək hələ tezdir.

Şəklin mənbəyi, Getty Images
“Yollarımızın ayrıldığı bəllidir"
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Puqaçova və Qalkin Rusiyanın Ukraynaya hücum etməsindən bir ay sonra, martda İsrailə getmişdilər. Ötən ayın sonunda övladları ilə birlikdə Rusiyaya qayıtdılar.
Sentyabrın əvvəllərində Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov Qalkin barədə danışarkən “Yollarımızın ayrıldığı bəllidir. Çox pis açıqlamalar verdi” deyib.
Qalkin rus əsgərlərinin törətdiyi iddia edilən müharibə cinayətlərini qınayıb və Ukraynanın işğal edilməsinə heç bir şeylə bəraət qazandırılmayacağını qeyd edib.
2014-cü ildə Rusiyanı tərk edən və Estoniyada yaşamağa başlayan rus musiqisinin tanınmış simalarından biri Artemi Troytski Puqaçovanın dediklərinin önəmli olduğunu düşünür.
“Alla Puqaçova Rusiyada son 50 ilin ən böyük pop ulduzudur. Adlı-sanlı, çox böyük və əfsanəvi şəxsdir. Hesab edirəm, bir çoxları Alla Puqaçovadan belə bir addım atacağını gözləyirdi, çünki həyat yoldaşı Maksim Qalkin aylar əvvəl müharibəyə qarşı olduğunu dəfələrlə açıqlayıb.
Puqaçova ilk dəfədir cəmiyyətə bu cür siyasi mesaj verir və məncə, tək bunun özü Rusiya xalqına təsir edəcək açıqlamadır. Lakin rus ictimaiyyətinə təsir edən yalnız onun dedikləri deyil. Rusiya ordusunun buraxdığı səhvlər, Ukrayna ordusunun əks-hücuma keçməsi və iqtisadi vəziyyətin pisləşməsi Putin və onun müharibə siyasətinə qarşı fikirlər formalaşdırır”, - Troytski əlavə edib.
Kreml Rusiya ictimaiyyətinə Ukraynada neo-nasistlərə qarşı döyüşdüyünü və Ukraynanın NATO ittifaqı ilə əlaqə yaratmasının ölkə üçün təhdid yaratdığını deyir.
24 fevral 2022-ci il tarixindən başlayan işğal müddətində BMT tərəfindən aparılan qeydlərə əsasən, 5 min 718 mülki insan ölüb, 8 min 199 mülki şəxs yaralanıb və 7 milyondan çox ukraynalı isə evini tərk etmək məcburiyyətində qalıb.
Müharibə nəticəsində ölən mülki əhalinin qeydə alınan rəqəmlərdən daha çox olduğu ehtimal edilir.
Ölən və yaralanan əsgərlərin sayının isə 10 minlərlə olduğu bildirilir.










