Papa ölümündən əvvəl Ermənistan və Azərbaycanı sülhə çağırıb

Şəklin mənbəyi, Getty Images
Roma Papası Francis ölümündən bir gün əvvəl Azərbaycan və Ermənistanı sülhə çağırıb.
Pasxa bayramı münasibəti ilə yaydığı təbrikdə o bu sülhün əbədiliyi üçün dua edib.
"Bu bayram günündə gəlin Cənubi Qafqazı da xatırlayaq və dua edək ki, Ermənistan və Azərbaycan arasında yekun sülh razılaşması tezliklə imzalansın. Gəlin dua edək ki, bu razılaşma imzalandıqdan sonra yerinə yetirilsin və regionda çoxdan gözlənilən əmin-amanlığa gətirib çıxarsın", - Papa Francis bildirib.
O, martın 23-də hər iki ağciyərin pnevmaniyası diaqnozu ilə müalicə aldığı Gemelli xəstəxanasından çıxdıqdan sonra da Cənubi Qafqazdan danışmışdı.
"...Mən şadam ki, Ermənistan və Azərbaycan sülh sazişinin yekun mətni üzrə razılığa gəliblər".
Sosial mediada erməni istifadəçilər Papa Fransiski Azərbaycana, onun Prezidenti İlham Əliyevə dəstək verməkdə tənqid ediblər.
Onu Azərbaycanın Vatikanda "təmir-bərpa işləri aparması" və ya "hədiyyəsi" müqabilində minlərlə erməninin Qarabağı tərk etməsinə göz yummaqda ittiham ediblər.
Apreldə Vatikanda Azərbaycanda Xristianlıq mövzusunda keçirilmiş tədbir də erməni mütəxəssislərin tənqidinə səbəb olub.
Ötən il Vatikan şəhəri dövləti üzrə qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında (Basilica of Saint Paul Outside the Walls) bərpa işlərinə dair müqavilə imzalanıb.
Bundan əvvəl də Heydər Əliyev Fondu Vatikanda bir çox tarixi abidələrin, o cümlədən katakombaların bərpasına dəstək verib.
Papa Francis 5 il əvvəl Vatikanda qonaq olmuş İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya bu bərpa işlərinə görə təşəkkür edib, "Vatikanın bunu heç vaxt yaddan çıxarmayacağını" deyib, Azərbaycan Prezidentinin saytı yazıb.
Papa Francis özü 2016-cı ildə Bakıda rəsmi səfərdə olub və burda təkcə ölkə rəhbərliyi ilə yox, həm də yerli müxtəlif dini icma rəhbərləri ilə də görüşüb.
Papa Francis 2013-cü ildə Müqəddəs Piterdə taxta çıxmışdı. O, beynəlxalq səhnədə çox tanınırdı.
Videoya Youtube kanalımızda baxın.









