Roma Papası pedofiliyanı insanları qurbanlıq etməyə bənzədib

Şəklin mənbəyi, Reuters
Roma Papası Francis uşaqların pedofil keşişlər tərəfindən cinsi istismara məruz qalmalarını qədim dövrlərdə insanların qurban edilməsi halları ilə müqayisə edərək, pedofil keşişləri "Şeytan aləti" adlandırıb.
Papa Francis bunları katolik kilsədə pedofiliya probleminə həsr olunmuş konfransda çıxış edərkən söyləyib.
Roma Papası katolik kilsə keşişləri arasında pedofiliya halları ilə mübarizə məqsədilə konkret tədbirlərin görüləcəyini söz verib.
"Bir vaxtlar bəzi mədəniyyətlərdə yer almış insanların, çox vaxtıar uşaqların, qurban edilməsi kimi qəddar bütpərəst adətlər adamaın ağlına gəlir", - Papa Francis deyib.
Eyni zamanda o qeyd edib ki, uşaqlara qarşı cinsi zorakılıq "bütün cəmiyyətlərdə və mədəniyyətlərdə geniş yayılmış" bir problemdir.
Konfransda qeyd olunduğu kimi, yaxın zamanlarda bu problemlə bağlı, keşişlərin hərəkətləri barədə şikayətlərə baxmaq üçün Vatikan strateji plan tərtibləyib təqdim etməlidir.
Papa Francis deyib ki, cinsi zorakılıq qurbanlarına ilk növbədə diqqət veriləcək, yepiskoplar üçün isə dəqiq təlimatlar hazırlanacaq ki, onlar həmin təlimatlara əməl etsinlər.
Roma Papsı pedofiliya hallarının gizlədilməsinə son qoyulacağı və günakarların hamısının məsuliyyətə cəlb olunacaqlarına dair də vəd verib.

Şəklin mənbəyi, EPA
Güman edildiyinə görə, minlərlə adam bir neçə onillik ərzində keşişlərin cinsi zorakılığının qurbanı olub.
Bu arada isə, pedofil keşişlərin qurbanı olmuş zərərçəkənlər azyaşlıların müdafiəsini təmin edən yeni qaydaların qəbul olunmasını tələb edirlər.
"Kilsədə azyaşlıların müdafiəsinin təmin olunması" mövzusunda keçirilmiş konfransda 130 ölkədən olan kilsə nümayəndələri iştirak ediblər.






