İsrail və Həmas atəşkəs barədə razılığa gəliblər

HƏMAS-İsrail

Şəklin mənbəyi, AFP

İsrail və Həmas atəşkəs və girovların dəyişdirilməsi barədə razılığa gəliblər.

Bu, Qətər Baş nazirinin Həmas və İsrail nümayəndələrilə öz ofisində ayrı-ayrılıqda görüşündən sonra baş verib, BBC-yə məlumatlı mənbələr xəbər verib.

Ümid edilir ki, atəşkəs razılaşması Qəzzada müharibənin dayandırılmasına aparacaq.

Həmçinin bu, girov və məhbusların dəyişdirilməsinə şərait yarada biləcək.

Bundan əvvəl Həmas-ın yüksək rütbəli rəsmisi israilli 34 girovun siyahısını BBC ilə paylaşıb. Fələstinli qrup İsraillə potensial atəşkəs razılaşmasının birinci mərhələsində həmin girovları azad etməyə hazır olduğunu bildirib.

İsrail Baş nazirinin ofisi Həmas-ın İsrailə girovların siyahısını təqdim etməsi ilə bağlı xəbərləri təkzib edib.

Girovlardan neçəsinin sağ qaldığı bəlli deyil.

Girov götürülmüş şəxslər arasında 50-85 yaş arasında olan 10 qadın və 11 kişi, həmçinin Həmas-ın daha əvvəl İsrailin hava hücumu nəticəsində öldürüldüyünü bildirdiyi azyaşlı uşaqlar da var.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Həmas-ın sözlərinə görə, siyahıda, həmçinin xəstələr də var.

Həmas-ın idarə etdiyi Qəzzadan verilən xəbərə görə, həftəsonu İsrailin hava zərbələri nəticəsində 100-dən çox adam həlak olub.

Həftəsonu Qətərin paytaxtı Dohada atəşkəs danışıqları bərpa edilib. Lakin görünən odur ki, danışıqlarda hələlik ciddi irəliləyiş olmayıb.

Həmas rəsmisi Reuters-ə deyib ki, israilli girovların qaytarılması ilə bağlı istənilən anlaşma İsrailin Qəzzadan çıxması və daimi atəşkəs və ya müharibəyə son qoyması ilə bağlı razılaşmadan asılı olacaq.

"Lakin indiyədək işğalçı qüvvələr atəşkəs və geri çəkilmə məsələlərində razılığa gəlməkdə inadkarlığını davam etdirir və irəliyə doğru heç bir addım atmayıb", - deyə adının açıqlanmasını istəməyən rəsmi bildirib.

Həmas daha əvvəl 19 yaşlı israilli əsirin İsraili sövdələşməyə çağırması ilə bağlı video yayıb.

O, Həmas-ın 7 oktyabr 2023-cü ildəki hücumu zamanı Qəzza sərhədində xidmət edən altı qadın əsgərlə birlikdə girov götürülüb.

Həmas-ın başçılıq etdiyi silahlılar həmin gün İsrailin cənubuna hücum edərək 1200-ə yaxın adamı öldürüb, 251 nəfəri girov götürüb.

Qəzzadakı səhiyyə nazirliyinin məlumatına görə, bundan sonra İsrailin apardığı əməliyyat zamanı azı 46 minə yaxın insan həlak olub.

Eyni mənbə İsrailin hava zərbələri nəticəsində şənbə günü Qəzzada 88 nəfərin öldüyünü bildirib.

Reuters-in səhiyyə mənbələrinə istinadən verdiyi məlumata görə isə, bazar günü İsrailin bu əraziyə dörd ayrı hücumu nəticəsində daha 17 nəfər ölüb.

İsrail ordusu bazar günü bildirib ki, onun hava qüvvələri həftə sonu Qəzza zolağı boyunca 100-dən çox "terrorçu" obyektinə hücum edib və onlarla Həmas döyüşçüsünü öldürüb.

Livan Hizbullah

Şəklin mənbəyi, Reuters

Bundan əvvəl, 2024-cü ilin noyabrında ABŞ Prezidenti Joe Biden İsraillə İranın dəstəklədiyi Hizbullah döyüşçüləri arasında davam edən döyüşlərə son qoymaq üçün atəşkəs sazişini elan edib.

Həmas-ın oktyabr hücumundan sonra Qəzzaya geniş miqyaslı hərbi əməliyyatlara başlayan İsrail ötən ilin sentyabrında Hizbullah-ın Livandakı hərbi bazalarına hava zərbələri endirmişdi.

Atəşkəs sazişini elan edərkən ABŞ və Fransa birgə bəyanatla bildiriblər ki, saziş Livanda döyüşləri dayandıracaq və "İsraili Hizbullah və digər terror təşkilatlarının təhlükəsindən qoruyacaq".

ABŞ Prezidenti Joe Biden jurnalistlərə deyib ki, razılaşma “daimi atəşkəs üçün nəzərdə tutulub”.

Azərbaycan atəşkəs razılaşmasını dəstəklədiyini açıqlayıb. Bu barədə Xarici İşlər Nazirliyinin X hesabında yazılıb. Qurum bildirib ki, Azərbaycan bu atəşkəsin hərbi əməliyyatlara son qoyacağına ümid edir.

İran da atəşkəsi dəstəklədiyini bildirib. İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Beqai atəşkəsi alqışlayıb və “Livan hökuməti, milləti və müqaviməti”nə dəstəyini vurğulayıb.

Ötən ilin sentyabrında İsrail Hizbullah-a ardıcıl zərbələr endirməyə başlamışdı.

Atəşkəsin şərtlərinə əsasən, Hizbullah öz döyüşçülərini və silahlarını 60 gün ərzində Livan və İsrail arasında qeyri-rəsmi sərhəd olan “Mavi xətt” və Litani çayı arasındakı ərazidən, təxminən 30 km şimaldan çıxaracaq.

Yüksək rütbəli bir ABŞ rəsmisinin sözlərinə görə, Hizbullah döyüşçüləri həmin ərazidə infrastrukturun və ya silahların yığışdırılmasını təmin edəcək. Həmin ərazidə Hizbullah döyüşçülərini Livan ordusunun 5000 əsgəri əvəz edəcək.

Bu 60 gün ərzində İsrailin qalan hərbi qüvvələrini tədricən geri çəkəcəyini söyləyən Biden, bunun sərhədin hər iki tərəfindəki mülki şəxslərin evlərinə qayıtmasına imkan yaradacağını bildirib.

Atəşkəsə necə nəzarət ediləcək? Əvvəlki atəşkəslərə nəzarət edə BMT-nin sülhməramlıları UNIFIL, Livan və İsrailin təsis etdiyi üçtərəfli mexanizmə indi ABŞ və Fransa da qoşulur.

Həm İsrail, həm də Hizbullah bir-birilərini əvvəlki atəşkəs razılaşmalarını pozmaqda ittiham edib.

İsrail pozuntulara cavab vermək hüququna iddia edir: Baş nazir Netanyahu deyib ki, İsrail “ABŞ-ın tam anlayışı ilə” Livanda “tam hərbi əməliyyat azadlığını qoruyacaq”.

Netanyahu deyib ki, Hizbullah yenidən silahlanmağa cəhd edərsə, infrastrukturun bərpası baş verərsə və ya raketlərdən istifadə edərsə, bunu cavabsız buraxmayacaq.

Ötən ilin sentyabrında nə baş vermişdi?

Livan bombardman

Şəklin mənbəyi, Reuters

2024-cü ilin sentyabrın 23-də Livanın Səhiyyə Nazirliyi İsrailin hava zərbələri nəticəsində azı 274nəfərin öldüyünü və 1000-dən çox insanın yaralandığını bildirib.

Rəsmilər ölənlər arasında qadın və uşaqların da olduğunu deyib.

İsrail ordusu 2023-cü il oktyabrın 7-dən bəri Livandakı "Hizbullah" hədəflərinə ən əhatəli hava hücumunu həyata keçirib.

İsrail hərbiyyəsinin sözçüsü kontr-admiral Daniel Hagari deyir ki, İsrail hava qüvvələri bu gün 300-dən hədəfi vurub və əlavə edib: "vurduğumuz hər evdə silahlar var".

Onun sözlərinə görə, İsrail hərbiyyəsi "Hizbullaha qarşı hücumları sistemli şəkildə genişləndirir".

Ölkənin cənubundakı hədəflərlə yanaşı, şərqdə Beka vadisi və şimalda Suriya sərhədindəki bəzi bölgələr havadan vurulub.

Hagari livanlıları "silah yerləşən evlərdən uzaq durmağa" çağırıb: "Hizbullah o silahları İsrailə qarşı istifadə etmək istəyir və biz buna imkan verməyəcəyik! Öz təhlükəsizliyiniz üçün uzaq durun."

İsrail bildirib ki, Livanın cənubunda yaşayan vətəndaşlara "Hizbullah"-ın istifadə etdiyi yerlərdən uzaq durmaları ilə bağlı telefon mesajı göndərməklə xəbərdarlıq edib və bundan sonra "Hizbullah"a qarşı hücumları "dərinləşdirib".

Livanlı rəsmilər mesajları "psixoloji müharibə" adlandırmış, İsrailin müdafiə naziri isə "məqsədlərimizə çatana qədər - şimal sakinlərini təhlükəsiz şəkildə evlərinə qaytarana qədər" zərbələrin davam edəcəyini demişdi.

İsrail-Livan

Şəklin mənbəyi, Reuters

Livan, İsrail, hava zərbələri

Bu hücumlardan bir neçə gün əvvəl Livanda "Hizbullah" üzvlərinin peycərləri partlamış, azı 20 nəfər ölmüş, 450 nəfərdən çox adam yaralanmışdı.

"Hizbullah" partlayışlara görə İsraili günahlandırıb. İsrail mövzuyla bağlı hələlik reaksiya verməyib.

Yerusəlimdən (Qüds) Daniel De Simone bildirir ki, BMT münaqişəyə görə 90 min insanın Livanın cənubunu tərk etdiyini deyib.

İsrail hakimiyyəti isə dəfələrlə deyib ki, Hizbullahın raket hücumlarına görə şimalda 60 min insan evindən köçüb və onları qaytarmaq "müharibə hədəfidir".

Hələ ki, bu məqsədə çatılmayıb və Hizbullahın raket hücumları davam edir.