Xocalı qırğınları ilə bağlı daha bir nəfər təqsirləndirilir

DTX Raşid Beqlaryanın (mərkəzdə) hadisə yerində dindirlməsini göstərən video dərc edib

Şəklin mənbəyi, DTX/Youtube

Şəklin alt yazısı, DTX Raşid Beqlaryanın (mərkəzdə) hadisə yerində dindirlməsini göstərən video yayıb

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti Xocalı hadisələri ilə bağlı daha bir şəxsi müharibə cinayətlərində ittiham edib, qurumun yaydığı məlumatda bildirilir.

Bundan əvvəl, Qarabağ sakini Vaqif Xaçaturyan Xocalı hadisələrinə və Birinci Qarabağ müharibəsi dövründə müharibə cinayətlərinə görə 15 il müddətinə azadlıqdan məhrum edilib. O, ittihamları qəbul etməyib.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bazar ertəsi yaydığı məlumatda Raşid Beqlaryana qarşı əsirlərə və beynəlxalq humanitar hüquqla müdafiə olunan başqa şəxslərə işgəncə vermək, eləcə də sülh və insanlıq əleyhinə, müharibə cinayəti kimi digər ağır cinayət əməllərini törətməklə bağlı itihamlar irəli sürüb.

Raşid Beqlaryanın bu ittihamlara münasibəti bəlli deyil.

1992-ci ildə, Qarabağ müharibəsinin başlamasının ilk illərində Xocalı sakinləri erməni və rus hərbçilərinin hücumları nəticəsində evlərindən çıxmağa məcbur qalıblar. Tarixi mənbələrə görə, Xocalı faciəsində 613 nəfər həlak olub, 1275 nəfər əsir, 150 nəfər isə itkin düşüb.

DTX-nın saytının məlumatına görə, Raşhid Beqlaryan “əvvəllər Xankəndi şəhərində yerləşən 3 saylı uşaq xəstəxanasında saxlanılmış azərbaycanlı əsirlərə və beynəlxalq humanitar hüquqla müdafiə olunan başqa şəxslərə işgəncə verməkdə şübhəli bilinib”.

DTX bildirib ki, işgəncələrə məruz qalan azərbaycanlılar hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıblar.

Rəsmi məlumatda bildirilib ki, Raşid Beqlaryan “dindirilmə zamanı Xocalı hadisələrində iştirakçı olması barədə məlumat verib, oradan qaçan mülki şəxslərin Əsgəran qalası ətrafında güllələnməsi və sonradan basdırılmasından danışıb”.

DTX-nın yaydığı videoda Raşid Beqlaryanın Əsgəran qalası ətrafında əlləri qandallı ifadə verməsi görüntüləri əks olunub.

Erməni mediası avqust ayında Raşid Beqlaryanın saxlandığını yazıb.

1962-ci il təvəllüdlü Raşid Beqlaryan 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Şuşanı tərk edərək yaxın kəndlərdən birində məskunlaşıbmış, news.am yazıb.

Müharibə cinayətində ittiham olunan Vaqif Xaçaturyana 15 il həbs cəzası verilib

Qarabağ erməniləri

Şəklin mənbəyi, Azərtac

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Noyabrın 7-də Birinci Qarabağ müharibəsində müharibə cinayətlərində ittiham olunan Vaqif Xaçaturyan 15 il müddətinə azadlıqdan məhrum edilib.

1992-ci ildə Xocalı sakinlərinə qarşı qırğınlarda, eləcə də mülki əhalini deportasiya etmə və ya məburi köçürmədə ittiham edilən 68 yaşlı Vaqif Xaçaturyan Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirli bilinib.

O, özünü təqsirli bilməyib.

Məhkəmə zamanı son söz verilən Vaqif Xaçaturyan Xocalı qırğınlarında iştirak etmədiyini deyib.

Təqsirləndirilən şəxsin vəkili Radmila Abılova isə onun bu iddiasını əsas gətirərək məhkəmədən ona bəraət verilməsini istəyib, amma məhkəmə bunu təmin etməyib, Azərtac yazıb.

Uzun illər Qarabağda yaşamış Vaqif Xaçaturyan bu il iyulun 29-da Qızıl Xaç Cəmiyyəti tərəfindən müalicə almaq məqsədi ilə Ermənistana tibbi təxliyə edilərkən Azərbaycan sərhədçiləri tərəfindən saxlanılaraq, daha sonra Bakıya gətirilib və ilk dəfə oktyabrın 13-də məhkəməyə çıxarılıb.

Bu müddət ərzində bir neçə dəfə məhkəməsi keçirilən Vaqif Xaçaturyan, eləcə də zərərçəkmiş şəxslər ifadə veriblər, Azərtac bildirib.

Çərşənbə axşamı baş tutan məhkəmə prosesində dövlət ittihamçısı təqsirləndirilən şəxsə qarşı Bakı Hərbi Məhkəməsindən 15 il müddətinə həbs istəmişdi.

Cinayət Məcəllsinə əsasən, sülh və müharibə əleyhinə cinayətlərə görə cəzanın yuxarı həddi ömürlük azadlıqdan məhrumetmədir. Bununla belə, Azərbaycan qanunvericiliyinə görə, hökm çıxarılanadək 65 yaşı tamam olan şəxslərə qarşı ömürlük həbs cəzası verilməsi qadağandır.

Azərtac yazıb ki, prokuror Vaqif Xaçaturyana 15 il həbs cəzası təklif etməsini onun yaşı ilə əlaqələndirib. Belə ki, 2014-cü ilədək qüvvədə olan qanunvericilik çərçivəsində yaşı 65-dən yuxarı olan və bu cinayəti törədən şəxslərə qarşı azadlıqdan məhrumetmənin ən yuxarı həddi 15 il nəzərdə tutulub.

Təqsirləndirilən şəxsin qızı Vera Xaçaturyan BBC-yə verdiyi açıqlamada bildirib ki, iyulun 29-da atasını “ürək xətəliyindən təcili əməliyyat olunması” üçün Qarabağdan Yerevana aparırmışlar.

O, atasına qarşı qaldırılan ittihamların doğru olmadığını deyib.

"Öz ölkəni müdafiə etmək cinayət deyil. Azərbaycanda ədalətli mühakimə ola bilməz. Bəlkə bir gün ədalət yerini tapacaq, ancaq bizim onu gözləməyə vaxtımız yoxdur", - Vera Xaçaturyan qeyd edib.

Rəsmi Bakı İkinci Qarabağ müharibəsi, eləcə də bu ilin sentyabrında keçirdiyi “antiterror tədbirləri”ndə Azərbaycana qarşı döyüşmüş Qarabağ ermənilərinin cinayət məsuliyyətinə cəlb edilməyəcəyini, amma bunun Birinci Qarabağ müharibəsi zamanı müharibə cinayətləri törətmiş şəxslərə şamil olunmayacağını bəyan etmişdi.

Azərbaycan tərəfi bugünədək tanınmamış Dağlıq Qarabağ Respublikasının keçmiş “prezidenti” Arayik Harutyunyan, keçmiş dövlət naziri Ruben Vardanyan, eləcə də separatçı qurumda müxtəlif vəzifələr tutmuş Davit İşxanyan, Arkadi Qukasyan, Bako Sahakyan, David Babayan, Lyova Mnatsakanyan və Davit Manukyanın saxlanıldığını bildirib.