Azərbaycanda Arayik Harutyunyana qarşı Cinayət Məcəlləsinin azı 9 maddəsi üzrə cinayət işi açılıb

Arayik Harutyunyan

Şəklin mənbəyi, Dövlət Təhlükəsizlik Xidməti

Cümə axşamı günü Dövlət Təhlükəsizlik Xidməti qondarma “Dağlıq Qarabağ Respublikasının keçmiş prezidentləri” Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki və "parlament sədri olmuş" İşxanyan Davit Rubenini saxlaması ilə bağlı məlumat yayıb.

Qurumun məlumatında bildirilir ki, bu şəxslər "Qarabağ ərazisində qanunsuz silahlı birləşmələr yaradaraq onların fəaliyyətini təşkil etməkdə" ittiham olunur.

Hər üç şəxs "Cinayət Məcəlləsinin "mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq", "terrorçuluğu maliyyələşdirmə", "terrorçuluq məqsədi ilə təlimlər təşkil etmə", "mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə" və "qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma və onların fəaliyyətində iştirak etmə" maddələri ilə ittiham elan edilməklə cinayət məsuliyyətinə cəlb ediliblər", - DTX bildirir.

Bu gün səhər saatlarındaisə özünü buraxmış separatçıların keçmiş "prezidenti" Arayik Harutyunyan cinayət məsuliyyətinə cəlb edilib, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğunun birgə məlumatında deyilir.

Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin azı doqquz maddəsi üzrə ittiham irəli sürülüb.

Arayik Harutyunyan oktyabrın 3-də Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Xankəndi şəhərində saxlanılıb, məlumatda deyilir.

 Bako Sahakyan, Arkadi Qukasyan, Davit İşxanyan

Şəklin mənbəyi, Getty Images/Armenpress

Şəklin alt yazısı, Bako Sahakyan (solda), Arkadi Qukasyan (mərkəzdə), Davit İşxanyan (sağda)

DTX və Baş Prokurorluğun birgə məlumatında bildirilir ki, Arayik Harutyunyan tərəfindən "Azərbaycan ərazisində qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” və digər adlar altında təcavüzkar müharibənin aparılmasında iştirak edilməsi, muzdluların yığılması, onlara təlim keçirilməsi və maliyyələşdirilməsinə, həmçinin onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadə edilməsinin təşkil olunmasına, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının pozulmasına, silahlı münaqişə dövründə cinayətkar əmr verilməsinə əsaslı şübhələr müəyyən edilib”.

O, Azərbaycan ərazilərinin "davamlı minalanmasında", Gəncə və Bərdənin raket zərbələri ilə vurulmasında da ittiham olunur.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Birgə məlumatda deyilir ki, Arayik Harutyunyan barəsində 2020-ci il oktyabrın 28-də həbs qətimkan tədbiri seçilmiş və beynəlxalq axtarışa verilmişdi.

Arayik Harutyunyanın bu ittihamlara münasibəti bəlli deyil.

Bu həbslərdən əvvəl isə Qarabağda sentyabrın 30-da özünü buraxmış qondarma qurumun keçmiş “xarici işlər naziri” David Babayan, ondan əvvəl isə keçmiş "dövlət naziri" Ruben Vardanyan saxlanılıb.

Baş Prokururluq bildirib ki, David Babayan sentyabrın 29-da Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və ona haqqında Azərbaycanda hələ 2020-ci ildə məhkəmə qərarı ilə çıxarılan ittihamlar elan olunub.

Cümə axşamı David Babayan öz Facebook hesabında yazmışdı ki, Azərbaycan onun Bakıya gəlməsini tələb etdiyi üçün, o, Şuşaya gedir.

Baş Prokurorluq həmin vaxt bildirmişdi ki, David Babayan haqqında Azərbaycanda 2020-ci ilin oktyabrından Cinayət Məcəlləsinin "təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma", eləcə də digər maddələri ilə cinayət işi açılıb:

"Barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək, o, beynəlxalq axtarışa verilib".

Qurum qeyd edib ki, "cümə günü saxlanıldıqdan sonra David Babayana məhkəmənin qərarı elan olunub və o, Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasına aparılıb”.

Baş Prokurorluğun məlumatında, həmçinin bildirilib ki, cümə axşamı Laçın sərhəd buraxılış məntəqəsində saxlanılan “DQR” generalı Lyova Mnatsakanyan da şənbə günü DTX istintaq təcridxanasına göndərilib.

Qurumun məlumatına görə, “Lyova Mnatsakanyanın azərbaycanlı əsirə işgəncə verməsi şübhəsi ilə 2006-cı ildə barəsində Azərbaycan CM-nin işgəncə maddəsi ilə cinayət işi açılıb”.

“Həmin ilin noyabrında müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə, o, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib", - Baş Prokurorluq qeyd edib.

Yevlax Qarabağ erməniləri

Şəklin mənbəyi, Azərtac

Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələləri üzrə yaradılmış İşçi qrupun üzvlərinin Xankəndiyə səfəri nəzərdə tutulub, cümə günü Prezident Administrasiyası bildirib, Azərtac yazıb.

Məlumatda deyilir ki, təsərrüfat, kommunal və digər bu kimi məsələlərin yerində həll edilməsi məqsədilə İşçi qrupun üzvlərinin oktyabrın 2-də Xankəndi şəhərinə səfəri nəzərdə tutulub.

Cümə günü Yevlax şəhərində rəsmi Bakının nümayəndələri Qarabağ ermənilərinin təmsilçiləri ilə reinteqrasiya məsələlərini müzakirə ediblər, Azərtac yazıb.

Bu, Qarabağdakı separatçı qurumun özünü buraxdığını bəyan etdikdən sonra tərəflər arasındakı ilk görüşdür.

Görüş keçirilən ərəfədə Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti bildirib ki, Ermənistan vətəndaşı, separatçı qurumun "Müdafiə Ordusu komandanının birinci müavini" Davit Manukyan həbs edilib. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin terrorçuluqla bağlı bir neçə maddəsi üzrə ittiham irəli sürülüb.

"Əldə olunmuş sübutlar əsasında ...1971-ci il təvəllüdlü Manukyan Davit Azati tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin "mütəşəkkil dəstə tərəfindən təkrar terrorçuluq", "qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama və daşıma", "qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma" və "Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə" maddələrində ehtiva olunan cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilib", - DTX bildirib.

Davit Manukyan çərşənbə günü saxlanılaraq "təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib", -DTX-nın məlumatında həmçinin deyilir.

Azadlıq radiosunun erməni xidməti yazıb ki, "DQR-in prezidenti" olmuş Samvel Şahramanyan separatçı qurumun hərbi-siyasi rəhbərliyini Qarabağdan təhlükəsiz şəkildə çıxarmaq üçün Azərbaycan tərəfi ilə danışıqlar aparır.

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) cümə günü açıqlayıb ki, "DQR generalı" Levon Mnatsakanyan da Laçın sərhəd-buraxılış məntəqəsində saxlanıb.

DSX-nın məlumatına görə, "Lyova Henrixi Mnatsakanyan 2015-2018-ci illərdə separatçı “Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri” vəzifəsində çalışıb".

O, cümə günü "Azərbaycandan Ermənistan istiqamətində hərəkət etməyə cəhd göstərərkən saxlanılıb", - DSX-nın məlumatında deyilir.

Saxlanılan şəxs Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib və barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib, xəbərdə deyilir.

Sentyabrın 27-də Azərbaycan DTX-sı rusiyalı iş adamı Ruben Vardanyanı saxlayaraq ona qarşı terrorçuluqla bağlı bir neçə ittiham irəli sürüb.

Cümə axşamı separatçı Dağlıq Qarabağ respublikasının "keçmiş xarici işlər naziri" David Babayan Facebook hesabında yazmışdı ki, Bakı onu tələb etdiyi üçün Şuşaya gedir. Amma onun Şuşaya gedb-getmədiyi bəlli deyil, Azadlıq radiosunun erməni xidməti yazb.

"Dağlıq Qarabağ Respublikası" özünü buraxdığını elan edib

SAMVEL

Şəklin mənbəyi, Armenpress

"Dağlıq Qarabağ Respublikası" özünü buraxdığını elan edib, bu barədə cümə axşamı separatçı qurumun mətbuat xidməti məlumat yayıb.

Separatçı qurumun “prezidenti” Samvel Şahramanyan bununla bağlı fərman imzalayıb.

Fərmanda deyilir:

“2024-cü il yanvarın 1-dək DQR-in tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilir və Artsax-ın mövcudluğu dayandırılır.

Həmçinin, Dağlıq Qarabağ əhalisi, o cümlədən oradan kənarda olanlar bu fərman qüvvəyə mindikdən sonra gələcəkdə Dağlıq Qarabağda qalmaq və ya ora qayıtmaq imkanları haqda müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olacaqlar”.

David Babayan "Bakının onu tələb etdiyi üçün" Şuşaya getdiyini bildirib

Babayan

Şəklin mənbəyi, ArmenPress

Sentrabrın 28-də separatçı Dağlıq Qarabağ respublikasının "keçmiş xarici işlər naziri" David Babayan bildirib ki, Azərbaycan onun Bakıya gəlməsini tələb etdiyi üşün Şuşaya gedir. O bu barədə Facebook hesabında yazıb.

“Hamınız bilirsiniz ki, mən Azərbaycanın qara siyahısındayam və Azərbaycan tərəfi müvafiq araşdırma aparılması üçün mənim Bakıya gəlməyimi tələb edib. Bu gün Stepanakertdən Şuşaya getmək qərarına gəldim”, - o bildirib.

Bu qərarın “ilk növbədə yaxınlarına böyük ağrı, narahatlıq və stress" yaşadacağını yazan Babayan yaxınlarının onu başa düşəcəyini də”qeyd edib.

“Görünməməyim, daha pisi, qaçmağım səbirli xalqımıza, bir çox insanlara ciddi ziyan vuracaq və mən vicdanlı, zəhmətkeş, vətənpərvər bir insan və xristian olaraq buna yol verə bilmərəm. Allah xalqımızı qorusun, Uca Allah onun dərdini azaltsın, yaralarına şəfa versin”, – David Babayan Facebook-da yazıb.

David Babayan bu ilin martında BBC Azərbaycancaya verdiyi müsahibəsində bildirmişdi ki, Azərbaycanın bir hissəsi olmaq istəmirlər, "qonşu olmaq" istəyirlər.

Sentyabrın 27-də Azərbaycan Dövlət Sərhəd Xidməti separatçı Dağlıq Qarabağ respublikasının "dövlət naziri” olmuş, erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyanı saxlayıb.

Qarabağ

Şəklin mənbəyi, Getty Images

Sentyabrın 19-da Azərbaycanın Xocavənd rayonunda 2-si mülkü, 4-ü polis olmaqla, 6 nəfər minaya düşərək həlak olub.

Azərbaycan bu hadisəni "terror aktı" adlandırıb və bəyan edib ki, hər iki hadisə "Ermənistanın Qarabağdakı erməni silahlı birləşmələrinin əraziyə mina yerləşdirməsi" nəticəsində baş verib.

Həmin gün Azərbaycan Qarabağda “antiterror əməliyyatlarına” başladığını açıqlayıb.

Azərbaycan bəyan edib ki, Qarabağdakı separatçı qurum təslim olmayınca, əməliyyatlar davam edəcək. Rəsmi Bakı Qarabağ erməniləri ilə Yevlaxda görüşə hazır olduğunu bildirib.

24 saat çəkən hərbi əməliyyatlardan sonra Qarabağdakı separatçı qurum rəhbərliyi Azərbaycanla razılaşmaya getdiyini açıqlayıb.

Azərbaycan bu əməliyyatlarda 192 hərbçisinin həlak olduğunu, 500-dən çoxunun isə yaralı olduğunu bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində deyib ki, Azərbaycan Qarabağda başladığı “antiterror tədbirləri” nəticəsində öz suverenliyini bərpa edib və "qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma" prosesi başlayıb.

O, Qarabağ ermənilərinə müraciətində onlar üçün müxtəlif sosial proqramlar icra etməyə hazır olduqlarını deyib və "bu tarixi şansı" qaçırmamağa çağırıb.

Sentyabrın 21-də Azərbaycanın Yevlax şəhərində Qarabağ ermənilərinin nümayəndələri ilə rəsmi Bakı arasında görüş keçirilib.

Rəsmi Bakı bildirib ki, separatçı qurumdakı silahlar və hərbi texnika Azərbaycana təhvil veriləcək.

“Antiterror tədbirləri”ndən sonra onminlərlə etnik erməni Qarabağı tərk edib.