Hündürlükdən qorxmayanlar üçün iş - "Uzun müddət iş tapa bilmədim"

- Müəllif, Aygül Mehman
- Vəzifə, BBC News Azərbaycanca
BBC Azərbaycancanın "Necə yaşayırsan? Bizə danış!"-ın budəfəki qəhrəmanı sənaye alpinisti Emil Hüseynovdur. O deyir ki, ixtisasca kompyuter mühəndisidir və uzun illər İT mütəxəssisi işləyib.
Sənaye alpinisti şüşəli göydələnlərin fasadlarını, şüşələrini təmizləyənlərə deyilir.
"Sonra ixtisara düşdüm. Uzun müddət iş tapa bilmədim. Müxtəlif yerlərə CV vermişəm. Belə işlər daha çox tanışlıqla olur. Yəni, kimsə deyir ki, belə bir iş var, işləmək istəyərsənmi? Əgər insanın hündürlükdən qorxusu varsa, insan hündürlükdə işləyə bilmirsə, bu iş onun üçün alınası bir şey deyil", - Emil Hüseynov deyir.
O bildirir ki, "pul dalınca qaçmaq üçün hündürlükdə işləməyə razı olmaq yolverilməzdir".
"Misal üçün, mən birinci özümü yoxladım ki, işləyə bilərəm, ya yox. Ondan sonra kurslar keçdim. Alpinist işləməklə bağlı sertifikat aldım. Pul dalınca qaçıb, həyatı riskə atmaq düzgün deyil. Yəni, əgər görürsünüzsə, bu iş sizlik deyil, ona girişib, həyatı riskə atmağa dəyməz", - o əlavə edir.
Emil Hüseynov sənaye alpinisti ilə alpinist peşəsinin fərqini belə izah edir:
"Alpinistlər dağda, biz isə şəhərdə oluruq. Onlar qalxır, biz isə düşürük".
Emil Hüseynov çalışdığı peşədə qadınlara rast gəlmədiyini deyir. O bunun səbəbinin Azərbaycan cəmiyyəti ilə bağlı olduğunu düşünür.
Videoya YouTube kanalımızda baxın.










