“Əlimdən başqa iş gəlmir”, - Bakının "8-ci km bazarı"nda yerləri sökülənlər

8-ci kilometr bazarı, "vosmoyun bazarı" kimi tanına ərazidə ticarətlə məşğul olanlar bazarlarının dağıdıldığını deyirlər

Bakının "8-ci kilometr bazarı" kimi tanınan ərazisində piştaxtası sökülmüş satıcılar deyirlər ki, onlara noyabrın 25-də ərazidə işləməyə icazə veriləcəyi deyilib. Lakin söz verilən tarixdən iki gün keçsə də, onlara yerlərinə qayıtmaq üçün icazə verilmir.

"Əgər dövlət bizə yiyə durmursa, bircə yolu var. Traktorla yeri qəşəng qazsınlar, doldursunlar bizi içinə, öldürsünlər. Biz ticarətlə məşğuluq. Oğurluq etmirik ki? Yol kəsmirik ki? 22 ildir ki, mən xalqa xidmət edirəm. Balıq təmizləyirəm, balıq satıb, dolanıram", - yeri sökülən satıcı Rüstəm Eylasov BBC-yə bildirir.

Bu piştaxtalar oktyabrın 27-də sökülüb. Bakının Nizami rayon icra hakimiyyəti həmin vaxt bildirmişdi ki, "8-ci kilometr bazarı"nın kənarında "qanunsuz küçə ticarəti aradan qaldırılıb".

"Kimin qapısını döyürük, bizi boş qaytarırlar, deyirlər hara istəyirsiz, gedin. Mənim evdə iki qızım var. Yoldaşım astma xəstəsidir. Ayda 400 manat kirayə pulu verirəm. Əlimdə heç bir sənətim yoxdur, heç yeri oxumamışam. Yəni, bizim bu ticarətdən başqa bir işdən anlayışımız yoxdur", - yeri sökülən başqa bir satıcı Təbriz Muradov deyir.

Satıcılar deyirlər ki, onlara göy-göyərti və balıq satılan başqa bazarlarda yer təklif olunur. Lakin onlar bu yerlərin satış üçün əlverişli olmadığını düşünürlər.

Satıcılar hesab edirlər ki, 2019-cu ildə yanandan sonra sökülmüş "Diqlas" ticarət mərkəzinin hələ ki, boş qalan, təxminən 1000 kvadratlıq yeri onlara alış-veriş etmək üçün verilə bilər.

Videoya YouTube kanalımızda baxın.