COP29: Böyük razılaşma əldə edildi, amma bu, yetərlidirmi?

COP29-da etiraz edən fəallar

Şəklin mənbəyi, Getty Images

    • Müəllif, Matt McGrath
    • Vəzifə, BBC News, Ətraf mühit müxbiri

COP29 razılaşma və şikayətlə bitdi: inkişaf etməkdə olan ölkələr 2035-ci ilə qədər hər il iqlim maliyyəsi üçün alacaqları 300 milyard dolların məbləğindən narazıdırlar.

Böyük bir nailiyyət kimi görünən bu məbləğdən kasıb ölkələrin narazı qalması BMT-nin iqlim konfransında bir çox zəngin ölkəni heyrətə gətirdi. Hazırda bu məbləğ 100 milyard dollardır və əldə edilmiş yeni rəqəm ondan xeyli artıqdır.

Bununla belə, daha çoxunu istəyən inkişaf etməkdə olan ölkələrin (İEOÖ) yekun məbləğlə bağlı narazılığının arxasında səmimi narahatlıqlar var.

Fikir ayrılığı yaratmış böyük razılaşma

Şikayətlər bu idi ki, məbləğ sadəcə yetərli deyil və qrant və kreditlərin qarışığıdır. Varlıların ciblərini daha çox açmaq üçün son anı gözləmələri də qıcıq yaratdı.

Razılaşma əldə olunduqdan sonra Hindistanın nümayəndəsi Chandni Raina bunu "cüzi bir məbləğ" adlandırıb:

"Bu sənəd optik illüziyadan biraz yaxşıdır. Fikrimizcə, bu [məbləğ] üzləşdiyimiz problemin yanında heç nədir".

Sonda inkişaf etməkdə olan ölkələr razılaşmanı qəbul etməyə məcbur oldu, çünki bir çox zəngin ölkə iqlim məsələlərinə şübhə ilə yanaşan Prezident Donald Trump-ın gələn il fəaliyyətə başlayacağına işarə edərək, bundan daha yaxşı razılaşma olmayacağını iddia etdilər.

Ancaq razılaşmanı varlı ölkələr də tənqid edir, onu "gələcəyə hesablanmayan" adlandırırlar.

Müxtəlif qrup və icmalardan olan fəallar sammitə qatılaraq daha zəngin ölkələrdən “ödəmə” tələb ediblər.
Şəklin alt yazısı, Müxtəlif qrup və icmalardan olan fəallar sammitə qatılaraq daha zəngin ölkələrdən “ödəmə” tələb ediblər.

Mübahisə yaradan budur ki, dünyanı artan temperaturdan qorumaq istəyiriksə, varlı dövlətlər kasıb ölkələrə istixana qazlarını azaltmağa yardım etməlidir, çünki qlobal istiləşməyə səbəb olan qazların atmoserə buraxılmasında artımın 75 faizi məhz həmin ölkələrdə, son on ildə baş verib.

Gələn ilin yazında hər bir ölkə növbəti 10 ildə planetin istiləşməsinə səbəb olan qazları necə azaldacağını açıqlamalıdır.

Şübhəsiz ki, COP29-da daha səxavətli maliyyə razılaşmasının əldə edilməsi bu səylərə müsbət təsir göstərə bilərdi.

Amma qlobal qeyri-sabitliyin hökm sürdüyü bir vaxtda ölkələrin iqlim dəyişikliyilə mübarizədə birlik ola bilmələri mühüm məsələdir.

Pul uğrunda böyük savaş zənginlər və kasıblar arasındakı parçalanmanı yenidən qızışdırdı - belə qəzəb və narazılığa illərdir ki, şahid olmamışdım.

İp üzərində olan COP

Güclü yağışlardan sonra evsiz qalan ailələrin olduğu Hindistan razılaşmanın yetərli olmadığını deyib

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Güclü yağışlardan sonra evsiz qalan ailələrin olduğu Hindistan razılaşmanın yetərli olmadığını deyib
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

200 ölkəni iqlimin maliyyələşdirilməsi ilə bağlı qəliz müqaviləyə qol qoymağa razılaşdırmaq çətin işdir.

Ancaq COP prosesində əvvəllər iştirak etməmiş ölkə - Azərbaycan üçün bu, demək olar ki, asan deyildi.

Ölkə Prezidenti İlham Əliyevin neft və qazı “Allahın hədiyyəsi” kimi təsvir etməsi işləri qəlizləşdirdi. Onun sərt çıxışları - Qərbin "saxta xəbər mediası"nı, xeyriyyə təşkilatlarını və siyasətçilərini "dezinformasiya yaymaqda" ittiham etməsi vəziyyəti daha da pisləşdirdi.

Azərbaycan Misir və Birləşmiş Ərəb Əmirliklərindən sonra üçüncü avtoritar dövlətdir ki, COP-a ev sahibliyi etdi. Bu, ev sahibi ölkələrin necə seçilməsi ilə bağlı narahatlıqlara səbəb olub.

BƏƏ kimi, Azərbaycan da neft və qaz ixracı üzərində qurulmuş iqtisadiyyata malikdir və bu, dünyanın kömür, neft və qazdan uzaqlaşmasına çalışan proseslə ziddiyyət təşkil edir.

Danışdığım yüksək səviyyəli danışıqçıların bəziləri son onillikdə "ən pis COP" adlandırdıqları tədbirdən məyus olduqlarını deyiblər. Konfransın ortasında bir neçə yüksək səviyyəli iqlim lideri COP-un məqsədə uyğun olmadığını söyləyərək islahatlara çağıran ictimai məktub yazıb.

Çinin sakit yüksəlişi

Çinin ekologiya və ətraf mühit üzrə nazir müavini Zhao Yingmin COP29-a gəlmişdi

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Çinin ekologiya və ətraf mühit üzrə nazir müavini Zhao Yingmin COP29-a gəlmişdi

Trump Ağ Evə gələndən sonra ABŞ-ın gələcək iqlim danışıqlarında iştirak edib-etməyəcəyi bilinmir. ABŞ COP-dan çəkilərsə, qarşıdakı dörd il ərzində iqlim lideri hansı ölkə olacaq?

Təbii varis Çindir.

Çin dünyaya ən çox karbon buraxan ölkədir, amma iqlim dəyişikliyi ilə mübarizəyə ayıracağı maliyyənin məbləğini açıqlamasından başqa, onun səsi COP29 boyunca çox eşidilmədi.

Birləşmiş Millətlər Təşkilatı Çini "inkişaf etməkdə olan" ölkə kimi tanıyır, yəni əslində onun istixana qazı emissiyalarını azaltmaq və ya yoxsul ölkələrə maliyyə yardımı etmək kimi rəsmi öhdəliyi yoxdur.

Halbuki, Çin könüllü olaraq İEOÖ-lərə ayrılan ümumi fonda töhfə verdi. Bu, özlüyündə çox effektli və təsirli bir hərəkətdir.

"Çin Qlobal Cənuba (Afrika, Latın Amerikası, bəzi Asiya ölkələri və bəzi Okean ölkələri- red.) maliyyə dəstəyi ilə bağlı özünü daha çox göstərməyə başlayıb", - Asiya Cəmiyyəti Siyasət İnstitutundan Li Şuo deyir.

"Bu, ölkəni gələcəkdə daha geniş rol oynamağa təşviq edə bilər".

İqlimi “Trump-a davamlı etmək”

Trump COP-da iştirak etməsə də, varlığı hiss olunurdu.

Bakıdakı danışıqçılar Trump-ın ikinci administrasiyasının illərlə aparılmış iqlim danışıqlarını alt-üst edib-etməyəcəyini bilmək istəyirdilər.

Təəccüblü deyildi ki, varlı ölkələr 2035-ci ilə qədər maliyyə öhdəliyinin artmasında həvəsli idi.

Onlar hesab edirlər ki, həmin tarixədək Trump vəzifəsini tərk edəcək və ABŞ yenidən iqlim dəyişikliyilə mübarizə tədbirlərinə qayıdacaq.

Maliyyə ayıranların sayını artırmaq cəhdlərinin səbəbi də Trump-ın qərarlarından ehtiyatlanmalar idi.

Çinin masaya könüllü qismində də olsa, gətirilməsi COP kimi beynəlxalq forumlarda iştirakçılığın dəyərli olduğunu sübut etmək üçün idi.

"Hamı düşünür ki, Trump Ağ Evə gələndən sonra beynəlxalq iqlim danışıqlarına ancaq zərər verəcək. Bu razılaşma həmin zərəri minimallaşdırmaq üçün əldə edildi", - ODİ Global beyin mərkəzindən professor Michael Jacobs deyir.

Fəalların səsi daha çox eşidilirdi

Fəallar son dəqiqə maliyyə razılaşmasını qeyri-adekvat adlandırıb
Şəklin alt yazısı, Fəallar son dəqiqə maliyyə razılaşmasını qeyri-adekvat adlandırıb

Bu COP-da diqqəti ən çox cəlb edən ətraf mühit üzrə qeyri-hökumət təşkilatları (QHT) və fəalların bəzən daha aqressiv mövqe tutması idi.

ABŞ-ın iqlim məsələləri üzrə elçisi John Podesta-nın görüş məkanından fəalların “ayıbdır” şüarlarının sədaları altında uzaqlaşmasına özüm şahid oldum.

COP kimi mürəkkəb tədbirlərdə kasıb ölkələrin çoxu dəstək üçün bu QHT-lərə arxalanırlar.

Bu danışıqlar zamanı, demək olar ki, hər bir sövdələşmə fəalların köməyilə açıq şəkildə rədd edilirdi.

Bütün ölkələrin maliyyə mətnini qəbul etdiyi yekun plenar iclasda etirazla çıxış edənləri alovlu alqışlayan da fəallar idi.

Qarşıdurma və qızğın debatlar diplomatik iqlim konfransında yeni normaya çevriləcəkmi?

Bunu görmək üçün növbəti COP-u gözləməliyik.