Azərbaycanda əldə edilmiş COP29 razılaşmasına dünyadan reaksiyalar

Şəklin mənbəyi, Getty Images
ABŞ Prezidenti Joe Biden Bakı COP29-da əldə edilən razılaşmanı “tarixi nəticə” kimi qiymətləndirib və COP29 Azərbaycan prezidentliyini və Tərəfləri buna görə təbrik edib.
Böyük Britaniyalı nazir Ed Miliband deyib ki, əldə edilən razılaşma "hər şey" deyil, "amma irəli bir addım atılıb".
Razılaşma mətninin birinci layihəsini tənqid etmiş Avropa İttifaqının rəsmisi Wopke Hoekstra COP29-u "iqlim maliyyəsi üzrə yeni dövrün başlanğıcı kimi yadda qalan" tədbir adlandırıb.
Nigeriyalı təmşilçi Nkiruka Maduekwe COP 29 Bakı razılaşmasını "təhqir", bəzi xeyriyyə təşkilatları isə "okeanda bir damla" adlandırıb.
Azərbaycan COP29, BMT-nin iqlim konfransında uzun danışıqlardan sonra əldə edilən razılığa görə, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə təxminən 10 il ərzində hər il 300 milyard dollar ödəyəcəklər.
Bu vəsait kasıb ölkələrə iqlim dəyişiklikləri ilə mübarizə aparmaq üçün verilir.
"Bu nəticə məqsədə daha bir addım yaxınlaşdırır"

Şəklin mənbəyi, Getty Images
Ağ evin yaydığı bəyanatda Joe Biden deyib ki, iqlimlə bağlı məqsədlərə nail olmaq üçün qarşıda onları hələ də böyük iş gözləyərkən, bugünkü nəticə onları məqsədə “əhəmiyyətli bir addım daha da yaxınlaşdırır”.
Prezident Biden vurğulayıb ki, bu razılığın əldə olunmasında ABŞ nümayəndə heyətinin də “yorulmaz səyləri” var.
“Bakıda Birləşmiş Ştatlar ölkələri təcili seçim etməyə çağırdı: ya həssas icmaları daha da fəlakətli iqlim fəlakətlərinə təslim edin, ya da bir addım atıb daha yaxşı gələcəyə doğru hamımızı təhlükəsizlik yola çıxarın”, - Biden bəyanında deyib.
ABŞ Prezidenti qeyd edib ki, ölkələr birlikdə 2035-ci ilə qədər iddialı beynəlxalq iqlim maliyyə məqsədini qoyurlar.
“Bu, bütün mənbələrdən maliyyə səviyyəsini səfərbər etməyə kömək edəcək, o da öz növbəsində inkişaf etməkdə olan ölkələrin ehtiyacları olan təmiz enerjiyə, Amerika istehsallı nəqliyyat, batareya və digər məhsullara yeni bazar açan dayanıqlı iqtisadiyyata keçidinin sürətlənməsinə təsir edəcək”, - Biden deyib.
“Hər şey deyil, amma..."

Şəklin mənbəyi, Getty Images
Böyük Britaniyanın enerji naziri Ed Miliband gecə əldə olunmuş Bakı razılaşmasından sonra qısaca deyib ki, bu onların və ya başqalarının istədiyi “hər şey” deyil, amma hamı üçün “irəliyə doğru bir addım atılıb”.
Onun sözlərinə görə, yeni sövdələşmə Britaniyanın üzərinə daha çox iqlim maliyyəsi öhdəliyi qoymur, amma əslində “Britaniya biznesinə başqa bazarlara sərmayə qoymaq üçün böyük fürsətdir”.
Nazir Miliband deyib ki, Böyük Britaniya “Bakıda ambisiyaya can atıb” və ölkəni “qlobal iqlim liderliyi mövqeyinə qaytarıb”.
BMT-nin baş katibi: "Daha iddialı nəticəyə ümid edirdim"

Şəklin mənbəyi, Getty Images
Danışıqlarda iştirak edən Avropa İttifaqının İqlim məsələləri üzrə komissarı Wopke Hoekstra deyib ki, COP29 "iqlim maliyyəsi üzrə yeni dövrün başlanğıcı kimi yadda qalacaq".
O, razılaşmanı "iddialı, real hədəfi olan və töhfə verməkdə genişlənən baza" kimi qiymətləndirib.
Bundan əvvəl, o, Azərbaycan COP29 sədrliyinin təqdim etdiyi ilk razılaşma layihəsini sərt tənqid etmiş, bunu “qəbuledilməz” və "lazım olan ambisiyadan uzaq" adlandırmışdı.
“Mən qarşılaşdığımız böyük problemin miqyasına cavab vermək üçün həm maliyyədə, həm də təsirlərin yumşaldılmasında daha iddialı nəticəyə ümid edirdim” , - deyən BMT-nin Baş katibi Antonio Guterres hesab edir ki, amma əldə edilmiş razılaşma onun üzərində davam etmək üçün zəmindir.
ABŞ-ın keçmiş vitse-prezidenti Al Gore-yə görə, razılaşma "uğursuzluğun qarşısını dərhal alsa da, “müvəffəqiyyətdən uzaqdır”. O əlavə edib ki, "məyusluğu qətiyyətə çevirməliyik".
"Adalarımızın batdığını söyləyərkən mübaliğə etmirəm"

Şəklin mənbəyi, Getty Images
İnkişaf etməkdə olan, o cümlədən, iqlim dəyişikliklərinə daha çox həssas olan ölkələr məyusdular ki, ortaya qoyulan məbləğ onların tələblərindən əhəmiyyətli dərəcədə azdır.
"Adalarımızın batdığını söyləyərkən mübaliğə etmirəm",- Kiçik Ada Dövlətləri İttifaqının rəhbəri Cedric Schuster deyib.
Eyni zamanda, Nigeriyanın təmsilçisi Nkiruka Maduekwe razılaşmanı "təhqir" kimi qiymətləndirib.
Okeanda bir damla: xeyriyyə təşkilatları COP29 Bakı razılaşmasını tənqid edir
Müxtəlif xeyriyyə təşkilatları xəbərdarlıq edib ki, 300 milyard dollarlıq yardım iqlim dəyişikliyinə ən həssas olanlara köməyə kifayət etmir.
“ActionAid UK” təşkilatı müqaviləni "tam bir fəlakət və komediya" kimi təsvir edib və deyib ki, bu məbləğ "iqlimdən əziyyət çəkən icmalara kömək etmək üçün lazım olan trilyonlarla" müqayisədə "okeanda bir damla"dır.
“Christian Aid” yoxsulluqla mübarizə qrupu deyir ki, zəngin ölkələr "yaxşı niyyətlə danışıqlarda uğursuzluğa düçar olublar " və bu, həssas insanların həyatı bahasına başa gələcək.
"Yerin Dostları" ətraf mühit qrupu Böyük Britaniya nümayəndə heyətini danışıqlarda məhsuldar rol oynadığına görə tərifləyib, amma vurğulayıb ki, danışıqlar "iqlim maliyyəsi məsələsini həll edə bilməyib”.







