Rüfət Səfərovun anasının ölkədən çıxışına "qadağa qoyulub"

Rüfət Səfərov və anası Tahirə Tahirqızı

Şəklin mənbəyi, R.Seferli/Facebook

Şəklin alt yazısı, Rüfət Səfərov və anası Tahirə Tahirqızı

Həbsdə olan tanınmış hüquq müdafiəçisi, Müdafiə Xətti təşkilatının icraçı direktoru Rüfət Səfərovun anası Tahirə Tahirqızının "ölkədən çıxışına qadağa qoyulub". Bu barədə BBC-yə Səfərovun anası məlumat verib. Onun sözlərinə görə, bir müddət əvvəl ölkədən çıxışına qadağa qoyulduğunu Daxili İşlər Nazirliyinin saytından öyrənib.

Rüfət Səfərov barəsində ötən ilin dekabrında məhkəmə dörd aylıq həbs qətimkan tədbiri seçib.

O, sağlamlığa qəsdən az ağır zərər vurma, dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə və xuliqanlıq maddələri ilə ittiham olunur. Rüfət Səfərov ittihamları rədd edir və həbsini fəaliyyəti ilə bağlayır.

Tahirə Tahirqızı deyir ki, o, bazar ertəsi oğlunun cinayət işi üzrə ifadə vermək üçün Bakı Şəhər Baş Polis İdarəsində olub.

"Bu gün gedib ifadə verməkdən imtina etdim. Soruşdum ki, niyə mənim ölkədən çıxışıma qadağa qoymusuz? Müstəntiq bildirdi ki, bundan əvvəl məni idarəyə dəvət ediblər, getməmişəm, ona görə qadağa qoyublar. Bundan əvvəl mənə zəng etmişdilər, mən də dedim ki, xəstəyəm, mümkündürsə, müstəntiq özü bizə gəlsin. Lakin onlar mənim ölkədən çıxışıma qadağa qoyublar", - Tahirə Tahirqızı BBC-yə bildirib.

Tahirə Tahirqızı bildirir ki, ərinin müalicəsi üçün o, ildə bir neçə dəfə Türkiyəyə getməlidir. O bu qadağanı qanunsuz sayır.

BBC məsələ ilə bağlı Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətindən cavab ala bilməyib.

Azərbaycanda insan haqları ilə bağlı işlər görən Müdafiə xətti təşkilatının icraçı direktoru Rüfət Səfərovun təşkilatı Azərbaycan insan hüquqlarının vəziyyəti barədə monitorinqlər aparıb, hesabatlar hazırlayıb, fəalların və jurnalistlərin müdafiəsinin təşkilində iştirak edib.
Şəklin alt yazısı, Rüfət Səfərov

Rüfət Səfərov ABŞ Dövlət Departamenti tərəfindən insan hüquqları sahəsində mükafata layiq görülüb. O, həbsindən bir neçə gün əvvəl mükafatı almaq üçün ABŞ-a getməyə hazırlaşırmış, vəkilləri BBC-yə bildirib.

Mükafat dekabrın 10-da Beynəlxalq İnsan Hüquqları günüdə ABŞ Dövlət katibi Antony Blinken tərəfindən ona təqdim ediləcəkdi.

Vəkili Bəhruz Bayramovun sözlərinə görə, Rüfət Səfərov həbsini siyasi sifariş hesab edir.

Cənab Səfərovun rəhbərlik etdiyi təşkilat Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə monitorinqlər aparıb, hesabatlar hazırlayıb, fəalların və jurnalistlərin müdafiəsinin təşkilində iştirak edib.

Bu, Rüfət Səfərovun ilk həbsi deyil. Onun daha əvvəlki həbsini də beynəlxalq təşkilatlar siyasi hesab edib.

Azərbaycan hökuməti isə ölkədə siyasi motivlə həbs edilənlərin olmadığını bildirir.

BBC News Azərbaycanca üçün videonu jurnalist Əminə Məmmədova hazırlayıb.

Videoya YouTube kanalımızda baxın.