HƏMAS lideri Yahya Sinvar İsrail hərbçiləri tərəfindən öldürülüb

Şəklin mənbəyi, Reuters
HƏMAS lideri Yahya Sinvarın Qəzzanın cənubunda İsrail əsgərləri tərəfindən öldürüldüyünü İsrail təsdiqləyib.
Sinvar 2017-ci ildən Qəzzada silahlı qruplaşmaya başçılıq edirdi və İsrail, ABŞ və Böyük Britaniya tərəfindən 7 oktyabr hücumlarının - HƏMAS silahlılarının İsraildə 1200-ə yaxın adamı öldürdüyü və 251 nəfəri girov götürdüyü hücumların təşkilatçısı kimi tanınıb.
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Həmas liderinin öldürülməsi Qəzzada bir ildir davam edən müharibənin sonu deyil, “sonun başlanğıcı”dır.
BBC News-un beynəlxalq redaktoru Jeremy Bowen yazır ki, Yahya Sinvarın öldürülməsi İsrailin Qəzzada HƏMAS-a qarşı müharibədə indiyə qədər əldə etdiyi ən böyük qələbədir.
Onun ölümü İsrail dövlətinə tarixində ən böyük məğlubiyyəti daddıran HƏMAS üçün ciddi zərbədir.
O, xüsusi təyinatlıların planlaşdırılan əməliyyatı zamanı deyil, Qəzzanın cənubundakı Rəfahda İsrail qüvvələri ilə təsadüfi qarşılaşmada öldürülüb.
İsrail ordusu bildirib ki, Sinvar çərşənbə günü ərazinin Rəfah bölgəsinin cənubunda öldürülən üç yaraqlıdan biri olub.
O əlavə edib ki, həmin ərazidə girovların izi tapılmayıb. Daha əvvəl Sinvarın müdafiə vasitəsi kimi israilli girovlarla birlikdə səyahət edəcəyi iddia edilmişdi.
İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Hagari bildirib ki, üç silahlı İsrail əsgərləri tərəfindən evdən evə qaçarkən görünüb. Bir dəfə atəş açıldıqdan sonra onlar ayrılıblar və Sinvar təkbaşına bir binaya girib.
Daniel Hagari əlavə edib ki, o, kresloda oturarkən bir dron tərəfindən müşahidə edilib - ona taxta parçası atıb. Əsgərlər binaya girərək Sinvarı qoruyucu jilet, silah və 40.000 şekel pul (18 min 243 manat) ilə tapdılar.
İsrail dişlərin yoxlanması və barmaq izlərini müqayisə etdiyi üçün onun ölümünün təsdiqi bir neçə saat gecikib. Sinvar İsrail həbsxanasında keçirdiyi on illərlə müddətə görə onun genetik məlumatları İsrail tərəfində olub.
Rəsmi xəbərlərdən əvvəl internetdə yayılan görüntülərdə başından ağır zərbələr alan, dağıntılar arasında uzanan Sinvara bənzəyən meyitin fotoları və videosu yayaılıb.
IDF o zaman onun öldürülməsinin mümkün olduğunu deyib - lakin bir ildən artıqdır ki, təqib etdiyi bir adamın ölümünü vaxtından əvvəl təsdiqləmək istəməyib.
Netanyahu Sinvarın öldürülməsini alqışlayıb və deyib ki, HƏMAS silahlarını yerə qoysa və Qəzzada saxlanılan qalan girovları qaytararsa, münaqişə “sabah” başa çata bilər.
Daha əvvəl girovların ailələrinə müraciət edən Netanyahu İsrailin "sevdiklərinizin hər birini evə gətirənə qədər bütün gücümüzlə davam edəcəyik, çünki onlar bizim də əzizlərimizdir" deyib.
“Xan Yunis qəssabı”: Yahya Sinvar kimdir?

Şəklin mənbəyi, Getty Images
61 yaşlı Yahya Sinvar daha çox Əbu İbrahim kimi tanınıb və Qəzza zolağının cənubundakı Xan Yunis qaçqın düşərgəsində doğulub, böyüyüb və İslam Universitetini bitirdikdən qısa müddət sonra burada “Müsəlman Qardaşlar” qruplaşmasına qoşulub.
İsraillilər Sinvarı ilk dəfə 1982-ci ildə 19 yaşında “islamçı fəaliyyət”ə görə, ikinci dəfə isə 1985-ci ildə həbs ediblər. Təxminən bu zaman o, HƏMAS-ın banisi Şeyx Əhməd Yasinin etimadını qazanıb.
1987-ci ildə, HƏMAS yarandıqdan iki il sonra o, İsraillə əməkdaşlıqda şübhəli bilinən hər kəsi ovlamaq və öldürməklə məşhurlaşan Əl-Məcd daxili təhlükəsizlik təşkilatını yaradıb.
Sinvar 1988-ci ildən 2011-ci ilə kimi, yetkin həyatının böyük bir hissəsini - 22 ildən çoxunu - İsrail həbsxanalarında keçirib. Onun orada, o cümlədən təkadamlıq kamerada qalması, görünür, onu daha da radikallaşdırıb.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Sinvarın həbsxanada olduğu müddətdə İsrail hökumətinin hazırladığı onun şəxsiyyətinin təhlilinə görə, xarakteri “qəddar, nüfuzlu, təsirli, qeyri-adi dözümlülük qabiliyyətli, hiyləgər və manipulyasiya qabiliyyətinə malik, aza qane olan... Hətta həbsxanada başqa məhbuslar arasında belə sirr saxlayır... İzdihamı arxasınca cəlb etmək qabiliyyətinə malik” kimi təsvir olunur.
Sinvarın amansızlığı və qəddarlığı ona “Xan Yunis qəssabı” ləqəbini qazandırıb.
Sinvar 2011-ci ildə bir israilli girov – İsrail Silahlı Qüvvələri (İSQ) əsgəri Gilad Şalitin - müqabilində 1027 fələstinli və israilli ərəbin həbsdən azad edilməsi razılaşması çərçivəsində azad olunub.
Həbsdən çıxandan dərhal sonra Sinvar Əl-Qəssam Briqadaları ilə də ittifaq yaradıb.
2013-cü ildə o, Qəzza zolağında HƏMAS Siyasi Bürosunun üzvü seçilib, 2017-ci ildə isə onun başçısı olub.
2015-ci ildə ABŞ Dövlət Departamenti Sinvarı rəsmi olaraq “xüsusi axtarışda olan beynəlxalq terrorçular” sırasına daxil edib.
2021-ci ilin mayında israillilər onun Qəzza zolağındakı evinə və ofisinə hava zərbələri endiriblər. 2022-ci ilin aprelində o, televiziya çıxışında insanları bütün mümkün üsullarla İsrailə hücum etməyə çağırıb.










