Qarabağda "mağazalar boşdur, meyvə-tərəvəz dəhşətli bahadır"

Stepanakertdə/Xankəndidə ərzaq qıtlığı

Şəklin mənbəyi, Artsakh TV

Şəklin alt yazısı, Xankəndidə (Stepanaker) ərzaq dükanlarından birinin piştaxtası
    • Müəllif, Aleksey Manvelyan
    • Vəzifə, BBC News Azərbaycanca
    • Məkan, Yerevan

Artıq üç həftədir ki, Qarabağın ermənilər yaşayan ərazisi nə ərzaq, nə dava-dərman, nə də hər hansı başqa malla təmin olunur, Qarabağda yaşayan ermənilər BBC-yə deyib.

Ermənistanla Xankəndi/Stepanakerti birləşdirən yeganə yol bağlıdır. Laçın dəhlizindən yalnız Ermənistana ağır xəstə aparan Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınları buraxılır.

İyunun 15-də Laçın sərhəd-keçid məntəqəsində bir Azərbaycan hərbçisinin yaralanmasından sonra rəsmi Bakı bunu Ermənistanın “təxribatı” kimi qiymətləndirərək "müvafiq tədbirlər" görüldüyünü bəyan edib.

“Ən zəruri malları belə tapmaq son dərəcə çətindir, tapılanlar isə qiymətindən qat-qat baha satılır”, müxbirimizlə söhbətində Xankəndi/Stepanakert sakini Vlad BBC Azərbaycancaya danışır.

Onun özü də keçən ilin dekabr ayından öz maşını ilə Ermənistana gəlib və geri qayıda bilmir. O, Xankəndidə yaşayan valideynlərilə telefonla əlaqə saxlayır.

Xankəndidə yumurta almaq üçün növbəyə duranlar

Şəklin mənbəyi, Marut Vanyan

Şəklin alt yazısı, Xankəndi/Stepanakert-də yaşayan Marut Vanyan yazır ki, sakinlər yumurta almaq üçün növbə gözləyirlər

“Qarabağın özündə becərilib yetişdirilən meyvə-tərəvəz də dəhşətli dərəcədə bahadır. Tərs kimi bu il dolu meyvəni zay edib, qalanı da alverçilər alıb, qat-qat baha qiymətə satırlar. Turş və cır almanı, qozdan da balaca əriyi 2000-3000 drama (8-13 manat) satırlar”.

Müqayisə üçün, Yerevan bazarında ən yaxşı əriyin qiyməti 1200-1500 dramdır (5.5-6.5 manat), qiymətlər 200-250 dramdan (0.9-1.1 manat) başlayır, BBC Azərbaycancanın Yerevan müxbiri deyir.

Vladın sözlərinə görə, anası gileylənir ki, artıq mağazalarda qənd, şəkər tozu qalmayıb, paltaryuma tozu və digər ev təmizliyi vasitələri, körpə uşaqlar üçün qida və gigiyena vasitələri tapılmır.

Yerli hakimiyyət əhalini ərzaq mallarını qənaətlə istifadə etməyə çağırıb.

Paylaşımını ötürün X
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

Paylaşımın sonu X

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Ermənistanın Baş naziri Nikol Paşinyan cümə axşamı növbəti həftəlik hökumət iclasında Laçın dəhlizinin “qeyri-qanuni blokadası səbəbindən” Dağlıq Qarabağda humanitar vəziyyətin günü-gündən daha da ağırlaşdığını bildirib.

“Dağlıq Qarabağ bütün növ malların təchiz edilməsi imkanından məhrumdur. Dəhlizin tamamilə bağlanmasına görə, hətta Rusiya sülhməramlılarının təchizat imkanı yoxdur. Artıq bir neçə aydır ki, Qarabağa [erməni əhalisinin] təbii qaz və elektrik enerjisinin ötürülməsi də dayandırılıb”, - Nikol Paşinyan deyib.

Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 16-da bəyan edib ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş hücumdan sonra, “bu təxribatın səbəblərinin araşdırılması, sərhəd buraxılış məntəqəsinin və oradan keçidin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan tərəfindən həyata keçirilən müvafiq tədbirlərin “blokada” kimi qiymətləndirilməsi qəbuledilməzdir”.

Xankəndi/Stepanakertdəki İnformasiya Mərkəzinin məlumatına görə, “aylarla Ermənistandan qaz və elektrik enerjisi daxil olmadığı halda, son 20 gün ərzində yanacaq gətirilməyib”. Məhdud ölçüdə olan ehtiyat, böyük ehtiyac olduğu təqdirdə, talonlarla əldə edilə bilər.

Stepanakertdə/Xankəndidə ərzaq qıtlığı

Şəklin mənbəyi, Artsakh TV

Şəklin alt yazısı, Xankəndidə (Stepanaker) ərzaq dükanlarından birinin piştaxtasında qalan süd məhsulları

Tanınmamış DQR Prezidenti Arayik Harutyunyanın qərarı ilə iyulun 5-dən etibarən, “Stepanakert ictimai iaşə obyektlərində 50 nəfərdən artıq adamın iştirakı ilə doğum günü, toy və başqa şənlik tədbirləri və 30 nəfərdən çox adamın iştirakı ilə yas mərasimlərinin keçirilməsi qadağan olunub”.

Moskva Dağlıq Qarabağda atəşkəs rejiminin pozulması hallarının artması və Laçın dəhlizinin davam edən blokadasından son dərəcə narahatdır. Bunu cümə axşamı keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Dağlıq Qarabağda atəşkəs rejiminin pozulması hallarının artması və Laçın dəhlizinin blokadasının davam etməsi ilə bağlı son dərəcə narahat olduğumuzu bildiririk. Mövcud məlumata görə, regionda humanitar vəziyyət pisləşir. Təəssüflə bildiririk ki, Təchizat kəsilsə, Qarabağ əhalisi ərzaq, zəruri mallar və dərman ehtiyatları olmadan qala bilər”, - Mariya Zaxarova bildirib.

Qarabağı Ermənistanla birləşdirən yeganə yol olan Laçın dəhlizi 2022-ci il dekabrın 12-dən Azərbaycanın ekologiya fəalları olduğu deyilən onlarla etirazçı tərəfindən bağlanıb.

Bu müddət ərzində Qarabağım erməni əhalisi Ermənistandan nəql edilən və Azərbaycanın nəzarətində olan ərazilərdən keçən qaz borusu və elektrik enerjisi xətlərinin, vaxtaşırı telekommunikasiya və internetin də bağlandığını bildiriblər.

Bir sıra ərzaq məhsulları üçün kupon sistemi tətbiq edilib, əsas resurslar - yanacaq, ərzaq malları, dərmanlara və digər həyati vacib mallar qənaət rejimində sərf edilir.

Ermənistanda siyasətçilər deyir ki, fevralın 22-də Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın tələbini təmin edərək Azərbaycana Laçın dəhlizi ilə hər iki istiqamətdə malların, insanların və nəqliyyat vasitələrinin sərbəst hərəkətinə mane olmamağı tapşırıb, “lakin Bakı hələ də bu öhdəliyi yerinə yetirməyib”.

Aprelin 23-də Azərbaycan Laçın dəhlizində Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında nəzarət-buraxılış məntəqəsini yaradıb.

Baş nazir Paşinyan deyib ki, Ermənistan hakimiyyəti yolun açılması üçün diplomatik iş aparmalıdır.

"Bizim üçün həm siyasi, həm emosional cəhətdən nə qədər çətin olsa da, soyuqqanlılığımızı itirməməliyik", - Nikol Paşinyan bildirib.