Psixi sağlamlıq mərkəzində saxlanan əfqan qadınlar: "Bizim dalımızca heç kim gəlmir"

əfqanıstan qadınlar
Şəklin alt yazısı, BBC xəstə axınının öhdəsindən gəlmək üçün mübarizə aparan psixi sağlamlıq mərkəzinə baş çəkir
    • Müəllif, Mahjuba Novruz
    • Vəzifə, BBC Əfqan Xidməti, Kabil

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Əfqanıstanın paytaxtı Kabilin qərbində hündür bir təpənin üstündə, üstü tikanli məftillə örtülmüş polad qapıların arxasında elə bir yer var ki, yerli sakinlər onun haqqında nadir hallarda danışırlar.

Özləri də ora az-az gedirlər.

Əfqanıstan Qırmızı Aypara Cəmiyyətinin (ARCS) idarəsi altında olan psixi sağlamlıq mərkəzinin qadınlar şöbəsi – ölkədə qadınlara psixi xəstəliklər üzrə yardım göstərən azsaylı müəssisələrdən ən böyüyüdür.

Yerli əhali onu "Qala" adlandırır.

BBC 104 qadının saxlanıldığı, həddən artıq dolu olan bu mərkəzə daxil ola bilib və onun divarları arasında baş verənləri görüb.

Onların arasında Məryəm* adlı qadın da var. O, məişət zorakılığının qurbanı olduğunu iddia edir.

Təxminən 25 yaşı var və burada artıq doqquz ildir qalır. Onun sözlərinə görə, ailəsi tərəfindən zorakılıq və pis rəftarla üzləşib, daha sonra isə bir müddət evsiz qalıb.

"Hər dəfə qonşulara gedəndə qardaşlarım məni döyürdülər", – o deyir .

Məryəm bildirir ki, ailəsi ənənəvi inanclara görə onu evdən təkbaşına buraxmaq istəmirdi, çünki qızlara nəzarətsiz evdən çıxmaq olmaz.

Axırda qardaşları onu evdən qovur, gənc yaşında küçələrdə yaşamağa məcbur edirlər. Elə orada da bir qadın onun psixi vəziyyətindən narahat olaraq onu mərkəzə gətirib.

Belə bir tarixçəsi olsa da, Məryəm həmişə gülərüzdü.

Onu tez-tez mahnı oxuyarkən görmək olar və o binada işləməsinə icazə verilən azsaylı xəstələrdən biridir: təmizliyə könüllü kömək edir.

O çıxmağa hazırdır və arzulayır da.

Amma çıxa bilmir, çünki gedəcək yeri yoxdur.

Qala Kabilin ən böyük psixiatriya müəssisəsidir və burada 104 qadın xəstə yerləşir.
Şəklin alt yazısı, Qala Kabilin ən böyük psixiatriya müəssisəsidir və burada 104 qadın xəstə yerləşir.

"Atamın-anamın yanına dönəcəyimi gözləmirəm. Burada, Kabildə kiminləsə evlənmək istəyirəm, çünki evə qayıtsam yenə məndən imtina edəcəklər", – Məryəm deyir.

O, zorakılığa məruz qaldığı ailəsinə dönə bilmədiyi üçün faktiki olaraq, bu müəssisədə qapalı vəziyyətdədir.

Əfqanıstanda sərt Taliban qaydaları və dərin kök salmış patriarxal ənənələr qadınların müstəqil şəkildə yaşamasını, demək olar ki, mümkünsüz edir.

Qanun və cəmiyyət qadınları səyahət, iş və hətta bir çox xidmətlərdən yararlanmaq üçün kişi qəyyumu olmasına məcbur edir, həm də onlar üçün iqtisadi imkanlar yoxdur.

Nəsillər boyu gender bərabərsizliyi, təhsil və məşğulluq sahəsində məhdudiyyətlər qadınların çoxunun kişilərdən maliyyə asılılığına düşməsinə səbəb olub. Bu isə qadınların çox vaxt sağ qalmaq üçün kişi qohumlarına möhtac olduqları bir vəziyyət yaradır.

Məryəm doqquz ildir ki, bu müəssisədə işləyir.
Şəklin alt yazısı, Məryəm doqquz ildir ki, bu müəssisədə işləyir.
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Habibə yataqlardan birində oturur.

28 yaşlı qadın danışır ki, onu mərkəzə əri gətirib, çünki ərinin yenidən evlənməsindən sonra o evini tərk etməyə məcbur olub.

Məryəm kimi, onun da indi getməyə heç bir yeri yoxdur. O da azadlığa çıxmağa hazırdır, amma əri onu geri qəbul etmir, dul qalmış anası isə onu saxlaya bilmir.

Hazırda onun üç oğlu əmisi ilə yaşayır. Əvvəllər onu ziyarət edirdilər, amma bu il Habibə onları görməyib; telefon olmadığı üçün onlarla əlaqə də saxlaya bilmir.

"Mən övladlarımla yenidən görüşmək istəyirəm", - o deyir.

Onların hekayələri bu mərkəzdə heç də nadir deyil.

Müəssisəyə səfərimiz boyu, həm personal, həm də xəstələrlə söhbətlərimiz Taliban nümayəndələrinin nəzarəti altında aparıldı.

Bəzi qadınlar artıq 35-40 ildir buradadır, deyə mərkəzin psixoterapevti Salima Xalib bildirir: "Bəzilərini ailələri tamamilə atıb. Heç kim onları ziyarət etmir, nəticədə burada yaşayır və burada da ölürlər".

Onilliklər boyu davam edən münaqişələr bir çox əfqanların¿ xüsusilə də qadınların psixi sağlamlığına ciddi təsir göstərib, amma bu məsələyə çox vaxt diqqət yetirilmir və damğalanır.

Psixiatriya müəssisəsi təcrid olunmuş ərazidə, metal qapıların və tikanlı məftillərin arxasında yerləşir.
Şəklin alt yazısı, Psixiatriya müəssisəsi təcrid olunmuş ərazidə, metal qapıların və tikanlı məftillərin arxasında yerləşir.

BMT-nin Əfqanıstanda qadın hüquqlarının pisləşməsi ilə bağlı son hesabatına cavab olaraq, Taliban hökumətinin rəsmi nümayəndəsinin müavini Həmdullah Fitrat BBC-yə bildirib ki, hökumət qadınlara qarşı zorakılığa yol vermir və "Əfqanıstanda qadınların hüquqlarının qorunmasını təmin edib".

Lakin 2024-cü ildə BMT tərəfindən yayımlanan məlumatlar göstərir ki, Talibanın qadınların hüquqlarını məhdudlaşdırması ilə bağlı psixi sağlamlıq vəziyyəti pisləşib: sorğuya cəlb edilən qadınların 68 faizi öz psixi sağlamlığını "pis" və ya "çox pis" kimi qiymətləndirib.

Sağlamlıq xidmətləri həm mərkəzdə, həm də onun hüdudlarından kənarda çətinliklərlə üzləşir. Son dörd ildə xəstə sayı bir neçə dəfə artıb və indi hətta növbə yaranıb.

"Psixi xəstəliklər, xüsusilə də depressiya cəmiyyətimizdə çox geniş yayılıb", - ARCS-ın idarəsi altında olan Kabildəki qonşu xəstəxananın baş psixiatrı doktor Əbdül Vəli Utmanzay deyir.

O bildirir ki, gündə 50-yə qədər ambulator xəstə qəbul edir, onların çoxu qadınlardır: "Onlar ciddi iqtisadi təzyiqlə üzləşirlər. Çoxunun onları təmin edə biləcək kişi qohumu yoxdur – mənim pasiyentlərimin 80 faizi ailə problemləri yaşayan gənc qadınlardır".

Taliban hökuməti tibbi xidmət göstərmək üçün əlindən gələni etdiyini bildirir. Amma qadınların kişi müşayiəti olmadan səyahətinə qoyulan məhdudiyyətlər səbəbindən çoxları yardım ala bilmir.

Bütün bunlar Məryəm və Habibə kimi qadınların mərkəzi tərk etməsini çətinləşdirir və onlar burada nə qədər çox qalsalar, yardıma təcili ehtiyacı olanlar üçün bir o qədər az yer qalır.

Bir ailə düz bir il öz 16 yaşlı qızı Zeynəbi mərkəzə yerləşdirməyə çalışıb, lakin onlara deyilib ki, boş yer yoxdur. İndi o, ən gənc pasiyentlərdən biridir.

Ondan əvvəl o, evdə qapalı vəziyyətdə saxlanılırdı, ayaqlarına isə qaçmasının qarşısını almaq üçün qandal vurulubmuş.

Zeynəbin hansı psixi sağlamlıq problemləri yaşadığı dəqiq bilinmir, amma öz fikirlərini sözlə ifadə etməkdə çətinlik çəkir.

Atası Feda Məhəmməd göz yaşlarını gizlətmədən danışır ki, polis onun qızını evdən bir neçə kilometr aralıda tapıb.

Zeynəb bir neçə gün yoxa çıxıbmış, bu isə Əfqanıstanda qadınların kişi müşayiəti olmadan evdən uzağa getməsinin qadağan olunduğu şəraitdə xüsusilə təhlükəlidir.

"Biz qandalları çıxardıqda divarlardan aşaraq qaçır", - Feda Məhəmməd izah edir.

Zeynəb bəzən ağlamağa başlayır, xüsusilə də anasının ağladığını görəndə.

Feda Məhəmməd deyir ki, qızının səkkiz yaşı olanda onda dəyişikliklər seziblər. Amma vəziyyəti 2022-ci ilin aprelində oxuduğu məktəbdə baş verən bir neçə partlayışdan sonra daha da pisləşib.

"Partlayış onu divara çırpdı, - o danışır, - biz yaralıları çıxarmağa və cəsədləri toplamağa kömək edirdik. Bu dəhşətli id".

Əgər onun üçün yer tapılmasaydı, qızın başına nə gələ biləcəyini demək çətindir. Zeynəbin atası deyir ki, onun dəfələrlə evdən qaçması onun şərəfini alçaldır və bildirir ki, həm özü, həm də ailəsi üçün daha yaxşısı odur ki, o bu mərkəzdə qalsın. Zeynəb Məryəm və Habibə kimi "Qala"nın atılmış qadınlarından birinə çevriləcəkmi, hələlik bilinmir.

* Pasiyentlərin və onların ailə üzvlərinin adları dəyişdirilib.