BBC Ruscanın araşdırması: Erməni hərbçiləri kim öldürüb və bu, Bakıyla Yerevan arasındakı sülh danışıqlarına necə təsir edəcək?
BBC News Rusca

Şəklin mənbəyi, Telegram
Rəsmi Yerevan 2022-ci ilin sentyabr ayıında Ermənistan-Azərbaycan sərhədində baş vermiş qarşıdurmalar zamanı Azərbaycan hərbçilərinin "səkkiz silahsız erməni əsgərini güllələdiyini"iddia edib. BBC, Bellingcat araşdırma qrupu və Human Rights Watch (HRW) beynəlxalq hüquq müdafiə təşkilatının jurnalistləri hadisəni tədqiq ediblər.
Oktyabrın əvvəlində Azərbaycanın Baş Prokurorluğu faktla bağlı ibtidai istintaq aparıldığını açıqlayıb, bildirib ki, hadisədə iştirak etdiyi “iddia olunan şəxslərin, hərbi qulluqçuların təqsiri sübuta yetirilərsə, cinayət məsuliyyəti məsələsi həll oluna bilər”.
BBC Rusca bunun Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına necə təsir edəcəyini də araşdırdıb.
Rəqibin döyüş mövqelərini yenicə ələ keçirmiş şəxslər səhər şəfəqlərinin işıqlandırdığı təpədə üzərlərinə silah yönəltdikləri bir neçə hərbçini bir yerə toplayaraq əllərini qaldırmış şəkildə yerə oturmağa məcbur edirlər.
Atəş açılır. Kimsə Azərbaycan dilində qışqırır: "Vurma! Vurma!". Əsirlər yerə yıxılırlar, atəş səsləri hələ bir müddət də eşidilir.
Mobil telefonla lentə alınan bu 40 saniyəlik videogörüntü sosial şəbəkələrdə və “Teleqram” kanallarında sürətlə yayılıb. Ermənistan Azərbaycanı "hərbi əsirlərə qarşı qeyri-insani rəftarda və məhkəməsiz qətllərdə" ittiham edib. Ermənistanın insan haqları üzrə müvəkkili Kristina Qriqoryan BBC-yə deyib ki, bu iş üzrə materialları Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) göndərib.
Atəş açanlar və qurbanlar kimlərdir?
Videodan görünür ki, ən azı 15 hərbçi Ermənistan ordusunda istifadə olunan dəbilqə qoymuş və bu ordunun kamuflyajına uyğun geyimdə olan səkkiz (digər mənbələrə görə, doqquz) silahsız şəxsi mühasirəyə alıblar.

Şəklin mənbəyi, Telegram
BBC həm kamuflyajı, həm də dəbilqəni Ermənistan silahlı qüvvələrində istifadə olunanların fotoşəkilləriylə tutuşdurub.

Hücum edən əsgərlərin geyimi Azərbaycan ordusuna aid kamuflyajla eynidir. Amma hərbçilərin hansı bölməyə aid olduqlarını rozetlər vasitəsilə müəyyən etmək mümkün olmayıb.
Bellingcat tədqiqatçıları da eyni nəticəyə gəliblər - onlar hərbi formaların rəngini müxtəlif ölkələrin kamuflyaj variantlarının toplandığı “camopedia.org” saytındakı nümunələrlə müqayisə ediblər.

Videonu paylaşmış Azərbaycan yönümlü Telegram kanallardan biri videodakı hərbçilərin Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinə "aid olduğunu" bildirib.
BBC, HRW və Bellingcat araşdırmaçıları “Vurma” sözünü deyən şəxsin öz ana dilində danışdığını təsdiqləyiblər.
Əsirlərin sonrakı taleyi məlum deyil, amma Berkeley-dəki Kaliforniya Universitetinin professoru Rohini Haar HRW-yə açıqlamasında deyib ki, belə yaxın məsafədən açılan atəş altında sağ qalma ehtimalı çox aşağıdır.
Hadisə harada və nə vaxt baş verib?
Videonun 2022-ci ilin sentyabr ayında Azərbaycan və Ermənistan ordularının sərhəddə toqquşması zamanı çəkildiyi güman edilir.
Bellingcat tədqiqatçıları hadisənin vaxtını təyin etmək üçün xronolokasiya üsullarından, o cümlədən, peyk görüntülərindən və günəşin hadisə yerindəki mövqeyindən istifadə ediblər.
Mövcud məlumatlar həmin günün tarixini dəqiq müəyyən etmək üçün yetərli deyil: tədqiqatçıların fikrincə, insident avqustun ortalarından sentyabrın 13-nə qədərki aralıqda, səhər saat 6:00-6:30 radələrində baş vermiş ola bilər. Amma Ermənistan-Azərbaycan sərhədindəki döyüşlərin sentyabrın 12-dən 13-nə keçən gecə başladığını nəzərə alsaq, 13 sentyabr tarixini ən çox ehtimal olunan vaxt saymaq olar.

Şəklin mənbəyi, Peakvisor
BBC-nin ekspertlər komandası hərbçilərin güllələndiyi yeri aşkar edib və bu, HRW və Bellingcat tədqiqatçılarının tapdıqları yerlə üst-üstə düşür.
Erməni tərəfinin məlumatına görə, insident Ermənistan ərazisində, Sevan gölünün şimalındakı İşxanasar yüksəkliyində, əvvəllər “Hovaz-1” kimi tanınan hərbi mövqedə baş verib.

Şəklin mənbəyi, Google Earth
BBC və Bellingcat araşdırmaçıları Google Earth xidmətindən istifadə edərək Ermənistan Xarici İşlər Nazirliyinin təqdim etdiyi koordinatları özlərinin və Fransanın Liberation qəzetinin müəyyən etdiyi yerlə müqayisə edərək aradakı məsafənin təxminən bir kilometr olduğunu aşkar ediblər.

Şəklin mənbəyi, Ermənistan hökuməti
Təhqiqatçılar Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatını təsdiqləyə bilməyiblər və videodakı görüntülərlə İşxanasar yüksəkliyi ərazisinin mənzərəsi arasında uyğunluq tapmayıblar.
BBC-nin geolokasiya ekspertlərinin fikrincə, çəkiliş bucağını nəzərə alsaq, hadisə yeri olaraq Azərbaycanın Laçın rayonu ərazisindəki sərhəd nöqtəsi göstərilməlidir (diaqramda mavi rənglə qeyd olunub). SSRİ dağılandan sonra orada sərhəd delimitasiya edilməyib, bölgə 1990-cı illərdən etibarən Yerevanın nəzarətində olub.
Reaksiyalar və qarşılıqlı ittihamlar
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Ermənistan Azərbaycanı “hərbi cinayət törətməkdə” ittiham edərək Avropa İnsan Haqları Məhkəməsinə və dövlətlərin bir-birinə qarşı iddialarını araşdıran Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.
Azərbaycan hakimiyyəti videonun yayılmasıyla bağlı “çoxsaylı istintaq hərəkətləri” başladıldığını, o cümlədən, 10 cinayət işinin açıldığını elan edib.
Baş prokurorun birinci müavini Elçin Məmmədov istintaq sirrini əsas gətirərək BBC News Azərbaycanca xidmətinə açıqlama verməkdən imtina edib, amma “videoda saxtakarlıq elementlərinin olduğunu” da qeyd edib.
Azərbaycanın keçmiş təcrübəsinə əsaslanan müşahidəçilər hər hansı tədbir görüləcəyinə ümid etmirlər.
"2020-ci ildəki müharibədə döyüşlər başa çatandan qısa müddət sonra erməni əsgərlərinə işgəncə verilməsini əks etdirən videogörüntülər ortaya çıxmış, Azərbaycan prokurorları hərəkətə keçəcəklərini vəd etmiş və şübhəli şəxs qismində bir neçə nəfəri həbs etmişdilər. Amma istintaq dalana dirəndi və heç kim mühakimə olunmadı. 2020-ci ildə həbs olunan hərbçilərdən ən azı biri 2022-ci ildə “Vətənə xidmətə görə” medalıyla təltif edilib. Elə Ermənistanda da heç kim hərbi cinayətlərə görə məhkum olunmayıb”, – Joshua Kuchera, Ani Mejlumyan və Ülkər Natiqqızı eurasia.org saytında dərc olunmuş məqalədə belə yazıblar.

Şəklin mənbəyi, Anadolu Agentliyi
Azərbaycan 8 noyabrda İkinci Qarabağ müharibəsində qələbənin ikinci ildönümünü qeyd edib. Bu münasibətlə Şuşada çıxış edən prezident İlham Əliyev bildirib ki, 13-14 sentyabr hadisələri “Ermənistan üçün dərs olmalıdır”. O, Bakıyla Yerevan arasında etimadı bərpa edə biləcək mümkün addımlar barədə heç nə deməyib.
Müharibədən iki il sonra da iki ölkə arasında qarşılıqlı nifrət ovqatı zəifləməyib, əksinə, daha da güclənib.
“Prezident Əliyevin Şuşada Ermənistanı “düşmən” adlandırması və sentyabrda ona “dərs verildiyini” deməsi məyusluq doğurur” – Carnegie Fondunun böyük elmi əməkdaşı, Qarabağ haqqında kitab yazmış Thomas de Waal özünün Twitter hesabında belə yazıb.
O, həmçinin xatırladıb ki, iki il ərzində Bakı və Yerevan 2020-ci ildəki müharibəyə son qoymuş sazişdə nəzərdə tutulmasına baxmayaraq, nəqliyyat kommunikasiyalarını bərpa edə bilməyiblər.

Şəklin mənbəyi, RESUL REHIMOV/ANADOLU AGENCY VIA GETTY IMAGES
Hər iki ölkə öz sərt mövqeyini qarşı tərəfin sülhdən imtinasıyla əsaslandırmağa çalışır. Azərbaycanın Baş Prokurorluğu “Ermənistan Silahlı Qüvvələrinin apardığı təcavüzkar müharibə və İkinci Qarabağ müharibəsi zamanı törədilmiş cinayət faktları üzrə" 87 cinayət işi açıb.
Azərbaycan Birinci Qarabağ müharibəsindən sonra 3890 şəxsin itkin düşdüyünü deyir və ərazilərini işğaldan azad etdikdən sonra oradan bir neçə dəfə kütləvi məzarlıqlar aşkarlayıb.
Bu kütləvi məzarlıqlar barədə məlumatlar Avropa Məhkəməsinə təqdim olunub.
Tarixin girovları
Oksford Universitetinin Qlobal və Regional Tədqiqatlar Məktəbinin əməkdaşı Leyla Əliyeva xatırladır ki, hərbi üsullara üstünlük verilməsi faktını münaqişənin əvvəldən necə inkişaf etməsi kontekstində nəzərdən keçirmək lazımdır.
"Əslində, hərbi üsullar ölkələr arasında münasibətləri tənzimləyən beynəlxalq hüququn zəif işləməsinin (və ya heç işləməməsinin) kompensasiyasıdır. Məsələn, Birinci Qarabağ müharibəsində olduğu kimi - beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulması beynəlxalq təşkilatlar və beynəlxalq ictimaiyyət tərəfindən sanksiyalarla və ya digər təzyiq formalarıyla nəticələnmədi” - Leyla Əliyeva belə deyir.

Şəklin mənbəyi, Anadolu agentliyi
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə, yəni Birinci Qarabağ müharibəsi zamanı qəbul etdiyi, Azərbaycan rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirilməsini pisləyən və silahlı dəstələrin dərhal oradan çıxarılmasını tələb edən dörd qətnaməsini Azərbaycan tez-tez xatırladır. Ermənistan heç bir şəkildə onlara əməl etməyib və sənədlərin heç bir nəticəsi olmayıb.
Yerevanda Azərbaycanın hərbi təzyiqlərini fərqli şərh edirlər.
“Rusiyanın Ukraynaya təcavüzünün ilk günlərindən Bakı hərbi diplomatiya siyasətini çox fəal şəkildə həyata keçirir, Cənubi Qafqazda yaranmış güc vakuumundan və Ermənistanla Azərbaycan arasındakı mövcud hərbi disbalansdan istifadə etməyə çalışır”, - erməni politoloq Tiqran Qriqoryan belə deyir.
Qriqoryanın fikrincə, bu, Ermənistanı Azərbaycan üçün əlverişli sülh sazişinə məcbur etmək məqsədilə istifadə olunan çəkindirici taktikadır.
O xatırladır ki, “Ermənistan 2022-ci il oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüş zamanı Azərbaycanın tələblərini artıq qəbul edib və sülh müqaviləsi imzalamağa, eləcə də ilin sonunadək delimitasiya prosesini başa çatdırmağa razılaşıb”.
Amma sərhədlər və sülh sazişi məsələlərində razılığa gəlmək mümkün olsa belə, bunun hər iki ölkə əhalisi arasında legitimləşdirilməsi problemi ortaya çıxacaq. Razılaşmanın işlək olması üçün kompromislər lazımdır, ancaq, deyəsən, tərəflərdən hələ heç biri buna hazır deyil. Qan tökülməyə davam etdikcə, qarşılıqlı inamın yaranması prosesi uzanır.
Sülh müqaviləsini "xalqa satmaq" üçün nə etməli?
Tiqran Qriqoryan hesab edir ki, atəşkəs rejiminin pozulması "danışıqlar prosesindəki hazırkı dinamikanı dəyişməyəcək. Amma bu, Ermənistan hökumətinin sülh müqaviləsini ictimaiyyətə "satmaq" vəzifəsini ciddi şəkildə çətinləşdirəcək".
Onun sözlərinə görə, Ermənistanda belə bir fikir formalaşıb ki, ölkəni ədalətsiz sülhə məcbur edirlər.
“Münaqişələr zamanı insanlarda qarşı tərəfdəki cəmiyyəti hər kəsin eyni mövqeyi bölüşdüyü və hamının eyni münasibətə layiq olduğu monolit birlik kimi qəbul etmək xüsusiyyəti yaranır. Özlərini müdafiə edə bilməyən insanlara qarşı vəhşilik nümayiş etdirənlər Ermənistanda qonşularına [Azərbaycana] qarşı son dərəcə mənfi stereotipləri gücləndirir” - erməni jurnalist və yazıçısı Mark Qriqoryan belə deyir.
Mark Qriqoryan qeyd edir ki, Ermənistanda azərbaycanlıları “türk” adlandırırlar və bununla da “əsl” türklərə qarşı ermənilərin 1915-1923-cü illərdəki qətliamından qaynaqlanan bütün emosiyaları sanki onlara yükləyirlər:
"Düşmənçilik, yadlıq və nifrət uçurumunun indi daha da dərinləşdiyi hiss olunur".
Azərbaycanın ictimai məkanında da erməni qonşular haqqında nadir hallarda pozitiv fikirlər səslənir. Ermənistana hərbi təzyiqləri pisləyənlərə qarşı “Satqını tanı” həştəqli kampaniya aparılır.
Azərbaycan hər il fevral ayında Xocalı faciəsinin - Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş yüzlərlə mülki əhalinin xatirəsini yad edir. Azərbaycan günahkarların mühakimə olunmasını tələb edir.

Şəklin mənbəyi, Getty Images
Rusiya hərbçiləri həm Dağlıq Qarabağdakı ayırıcı xətdə patrul xidməti həyata keçirirlər, həm də Ermənistan ərazisində yerləşiblər. Amma Ukraynada müharibə başlayandan bəri Rusiyanın bölgədəki təsiri gündən-günə zəifləyir. Münaqişədə vasitəçilik edən Qərb ölkələri tərəfləri növbəti eskalasiyadan saxlamaq üçün çox səy göstərməlidirlər, amma, təbii ki, bu kifayət deyil.
Bəzi müşahidəçilər bu məsələdə pessimist olsalar da, diplomatlar hesab edirlər ki, Bakı və Yerevan ləng də olsa, 2020-ci ildəki sazişdən sonra sülhə doğru ilk mühüm addım sayıla biləcək razılaşmaya doğru irəliləyirlər. Amma sentyabrdakı kimi toqquşmalara iki paytaxtda fərqli yanaşırlar: bəziləri üçün bu, “sülhə məcbur etmə”, digərləri üçünsə “hərbi təzyiqlər fayda verir” arqumentinin uğurudur.
Sentyabrda nə baş vermişdi?
Sentyabrın 13-də və 14-də, demək olar ki, bütün Azərbaycan-Ermənistan sərhədi boyu baş vermiş toqquşmanın səbəbi hələ də məlum deyil. Azərbaycan Ermənistanı “təxribatda və Azərbaycan ərazisindəki rabitə vasitələrini minalamaq cəhdində” ittiham edib.
Ermənistansa Azərbaycanı“ölkənin suveren ərazisini işğal etməkdə” günahlandırıb. Bakı bu ittihamı rədd edir.
Aktiv diplomatik səylər nəticəsində atəşkəs əldə olunub. Bakı vasitəçilikdə Rusiyanın rolunu qeyd edib, Yerevansa bu işə ABŞ Dövlət Departamentinin töhfə verdiyini vurğulayıb. Hər iki tərəfdən itkilərin sayı 280 nəfəri ötüb.
Prezident İlham Əliyev müharibənin başa çatmasının ikinci ildönümüylə bağlı noyabr ayındakı çıxışında təsdiqləyib ki, sentyabr döyüşləri nəticəsində sərhəd zonasındakı yüksəkliklərdə Azərbaycan ordusunun mövqeləri güclənib.
Keçid dövrü üçün ədalət məhkəməsi?
Çətin ki, Ermənistan və Azərbaycanın ədliyyə sistemləri öz hərbi qulluqçularının törətdikləri cinayətləri araşdırmaq məsuliyyətini öz üzərlərinə götürsünlər.
Əsirlərlə bağlı video Azərbaycan cəmiyyətində müəyyən qədər tənqid edilsə də, geniş şəkildə müzakirə olunmayıb.
Beynəlxalq Böhran Qrupunun azərbaycanlı analitiki Zaur Şiriyev deyir ki, bunun əsas səbəblərindən biri həm birinci, həm də ikinci Qarabağ müharibəsindən sonra Ermənistan və Azərbaycanda hərbi cinayətlərin araşdırılmaması, cəmiyyətlərin bunu “yeni norma” kimi qəbul etməsi olub. Daimi qarşılıqlı ittihamlar da burdan qaynaqlanır.
Millətlərarası münaqişələr yeni fenomen deyil, amma onların uğurla həll edildiyi ölkələrdə keçid dövrünün ədalət məhkəməsi böyük rol oynayıb.
Bu, insan haqlarının kütləvi şəkildə pozulduğu ölkələrə ağır siyasi mirasın öhdəsindən gəlməyə kömək edən hüquqi və qeyri-hüquqi proseslərin hibrid tətbiqi mexanizmidir.
Sözügedən mexanizm standart proseslərdən istifadə etmək şansının az olduğu münaqişələrə tətbiq edilib.
Kanada və Avstraliyada yerli xalqlara qarşı tarixi ədalətsizliklər bu üsulla həll edilirdi.

1990-cı illərdə Cənubi Afrika Respublikasında arxiyepiskop Desmond Tutunun rəhbərlik etdiyi Həqiqət və Barışıq Komissiyası yaradılıb. Komissiyanın iclaslarında həm aparteid dövründə zorakılığa məruz qalmış qurbanlar, həm də amnistiya müqabilində əməllərini etiraf edən günahkarlar çıxış ediblər.
Çoxlarının fikrincə, CAR-ın demokratiyaya keçidinə məhz bu komissiya kömək edib. Mükəmməllikdən uzaq mexanizm olsa da, o, keçid dövrü məhkəməsinin uğuru hesab olunur.
Bu mexanizmdən qanlı millətlərarası müharibələr baş vermiş Balkanlarda da istifadə etməyə çalışıblar.
BMT-nin 1993-cü ildə keçmiş Yuqoslaviya üzrə yaratdığı beynəlxalq tribunal 160-dan çox şəxsi günahlandırıb, 91 nəfər haqqında hökm şıxarıb, 59 nəfərə həbs cəzası kəsib.
Ən önəmlisi isə Srebrenitsada 8 min müsəlman kişinin serb hərbçilər tərəfindən qətlə yetirilməsinin soyqırım kimi tanınmasına dair hökm olub. Amma BBC News Serbcə xidmətinin rəhbəri Aleksandra Nikşiç bəzi Balkan ölkələrində prosesin dalana dirəndiyini xatırlayır: şahidlərin qorxudulması və regional hüquq-mühafizə strukturları arasında əməkdaşlığın olmaması itkin düşənlərin tapılmaması, müharibə cinayətlərinə aydınlıq gətirilməməsiylə nəticələnib.
Yaraları necə sağaltmaq olar?
Zaur Şiriyev deyir ki, keçid dövrü üçün ədalət məhkəməsi elementlərinin sülh danışıqlarına cəlb edilməsinə böyük ehtiyac var və bu, Azərbaycanla Ermənistan arasındakı sülh sazişində də öz əksini tapmalıdır.
Hər iki tərəfdə hər iki müharibə qurbanlarının yaralarının sağalması prosesi getməlidir, çünki otuz illik münaqişədən sonra sülhə çox az inam qalıb.
Keçid dövrü məhkəməsi ideyasının, xüsusən də hadisələrlə bağlı həqiqətlərin və təzminatların ictimai dəstəyə ehtiyacı var. Bunun üçünsə prosesə rəhbərlik edə biləcək fəal vətəndaş cəmiyyəti və azad mətbuat lazımdır.
“Təəssüf ki, 2020-ci ildəki müharibədən sonra biz bu fəallığı görmürük. Bu addımlar atılmasa, təəssüf ki, biz yeni hərbi cinayətlərin şahidi olacağıq və hər iki ölkənin ictimaiyyəti onlara haqq qazandıracaq” – Şiriyev belə deyir.
Məqalənin hazırlanmasında BBC əməkdaşı Paul Myers də iştirak edib.




