Qadın fəallar: “Polis şəxsi məlumatlarımızı zərərçəkənin yaxınlarına verir”

Aygül Mehman

BBC News Azərbaycanca

qadın zorakılıq polis siyasət iqtisadiyyat güc

Şəklin mənbəyi, Getty Images

Azərbaycanda bəzi qadın hüquq müdafiəçiləri polis əməkdaşlarının onların şəxsi məlumatlarını zərərçəkənlərin ailə üzvlərinə ötürdüyünü iddia edirlər.

BBC News Azərbaycancaya danışan fəallar bildirirlər ki, zərərçəkəni müdafiə edən hüquq müdafiəçilərinin şəxsi əlaqə vasitələri və ya ünvanları barədə dməlumatlar onların icazəsi olmadan üçüncü tərəfə açıqlanır.

Daxili İşlər Nazirliyi bu iddiaları rədd edir, bildirir ki, belə şikayətlər əsassızdır və polisə “sığınacaqların ünvanlarının kiməsə verilməməsi ilə bağlı tapşırıq verilib”.

BBC-yə danışan hüquqşünaslar məişət zorakılığı ilə üzləşmiş şəxsləri müdafiə edənlərlə bağlı məlumatın zərərçəkənlərin əlaqə saxlamaq istəmədiyi şəxslərə verilməsinin inzibati, hətta “cinayət məsuliyyəti” də yarada biləcəyini vurğulayırlar.

“Polis dedi ki...”

Hüquqşünas İnara Camal əri tərəfindən döyülən qadının evdən çıxıb polisə getməsinə kömək edib.

O iddia edir ki, qadına lazımi köməklik göstərdikdən bir gün sonra onun mobil nömrəsi polis tərəfindən kömək etdiyi qadının qohumlarına verilib.

İnara Camal, hüquqşünas
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

“Polis səhərisi gün mənə zəng vurdu ki, bəs, qızın qohumları tökülüşüb gəliblər şöbəyə, onu axtarırlar. Daha sonra qızı bibisi ilə danışdırdıq. Bibisi danışanda, onu görmək istədiyini deyəndə mən də qadına ünvan verdim ki, filan saatda həmin ünvanda olsun. Mən bibiyə yer demişəm, saat demişəm görüş üçün. Polis də götürüb telefon nömrəmi ona verib. Bibi gözünə döndüyüm də götürüb nömrəmi qohumlara paylayıb. Ata zəng vurub mənə ki, səni tapıb öldürəcəm. Başqa qohumları zəng vurub təhdid edirlər. Yəni, bunu düşünmək lazım idi ki, bibi mənim nömrəmi paylaşa bilər”.

İnara Camalın sözlərinə görə, o, polis əməkdaşından bunu niyə etdiyini soruşanda belə bir cavab alıb ki, “bibi görüşə gələndə, onları asan tapa bilsin”.

“Halbuki, görüş yeri də elə çətin yerdə deyildi. Kimdən soruşsa, göstərərdi - sosial işçi deyir, - məsələ bilirsiniz necədir? Bəlkə də polis burada yaxşı niyyətlidir. Ancaq polis bilməlidir ki, o mənim nömrəmi başqasına verə bilməz. Bəlkə onun ağlına belə gəlməyib ki, nəsə baş verə bilər. Ancaq sən polissən də. Sən bilməli idin ki, nəsə baş verə bilər. Sən əgər bunu sadəlövhlüyündən vermisənsə, bu lap pis. İllərdir polis işləyirsən, bilmirsən ki, bibi mənim nömrəmi yayacaq?”

İnara Camal əlavə edir ki, bundan sonra Bakı şəhər Baş Polis İdarəsinə çağrılıb, amma heç kimə töhmət verilməyib, sadəcə deyilib ki, polislərə “etdikləri səhvlərlə bağlı” təlimlərin keçirilməsi nəzərdə tutulur.

"Qorxurdum"

qadın zorakılıq sığınacaqlar hüquq müdafiəsi hüquq müdafiəçiləri qadın fəallar zorakılıq qurbanları sığınacağa üz tutanlar qurbanların qohumları

Şəklin mənbəyi, Getty Images

"Polisin olduğum yeri ailəmə bildirməsi mənə pis hiss etdirdi. Özümü təhlükədə hiss edirdim. Düşünürdüm ki, ailəm məni yenə tutub aparsa, bu dəfə onlara da (polisə-red".) gedə bilməyəcəm, çünki olduğum yeri ailəmə elə polis verib axı..." - özünü Sevgi kimi təqdim edən zorakılıq qurbanı deyir.

"Polisə olan güvənim də itdi. Çölə çıxmaq istəmirdim. Qorxurdum ki, indi də bəzən qorxuram ki, ailəm yenə küçəyə çıxanda məni döyüb aparacaq", ailəsi sığındığı yerin ünvanını əldə etdikdən sonra, məkanını dəyişmək məcburiyyətində qalmış 20 yaşlı gənc qadın deyir.

“Adam durub gedib bizim evə, məni axtarıb...”

Feminist fəal Nərmin Şahmarzadə iddia edir ki, ərindən davamlı zorakılıq gördüyünü deyən, Gəncədə yaşayan gənc bir qadına kömək etdikdən sonra polis onun şəxsi məlumatlarını - qeydiyyatda olduğu ünvanı həmin qadının həyat yoldaşına verib.

“Qadın bir müddət əvvəl məndən kömək istədi. Mən də Gəncəyə getdim və qadını və iki övladını evdən çıxartdım. Biz daha sonra hadisəni polisə bildirərək, qadının itkin olmadığı barədə xəbərdarlıq etdik. Mən DİN-lə danışmışdım. Vəziyyəti izah etmişdim. Gəncə polisi isə durmadan zəng edirdi ki, gəlib itkin düşmədiyinə dair də ərizə yazsın. Mən də onlara deyirdim ki, etdiyiniz qanunsuzdur. Çünki adam itkin düşübsə, necə gedib şiddətlə bağlı ərizə yaza bilər? İtkin deyil ki, yazıb da”, - o vurğulayır.

Nərmin Şahmarzadə hesab edir ki, elə bundan sonra polis onun qeydiyyatda olduğu ünvanı zərərçəkənin həyat yoldaşına verib.

“Adam durub gedib bizim evə, məni axtarıb. Qonşumuzdan anama zəng etməsini istəyib. Tələbi isə bu idi ki, Nərmin mənim ailəmlə görüşməyimə imkan vermir, ailəmi dağıdır. Mən araşdıranda, danışdığım polislərin heç biri inkar da etmədi ki, nömrəni onlar verməyiblər. Mənə dedilər ki, araşdıracağıq. Ancaq ortada heç bir nəticə yoxdur”.

Hüquq müdafiəçisi güman edir ki, qadının həyat yoldaşı onu tapsaydı, onların arasında hansısa münaqişə, bəlkə də onun həyatına təhlükə yarana bilərdi.

Daxili İşlər Nazirliyi BBC ilə söhbətində polisin zərərçəkənin yaxınlarına onu müdafiə edənlərin ünvanlarını verməsinə dair iddiaları rədd edib.

sosial iş polis aktivistlər qadın hüqüq müdafiəçiləri qadın hüquqları hüquq fəalları hüquq müdafiəçiləri

Şəklin mənbəyi, Getty Images

Sosial işçi Sənubər Heydərova da polisin onun barəsində zərərçəkənin ailəsinə məlumat verdiyini iddia edir. O danışır ki, anası və qardaşı tərəfindən evdə incidilən, sonuncu dəfə isə telefonu əlindən alınaraq təcrid edilməyə çalışılan gənc bir qıza kömək etməyə çalışıb:

“Polis zərərçəkənə kömək etməyə həvəsli görünmürdü. Yalnız mən məsələni ictimailəşdirdikdən sonra qızı gətirib sığınacağa yerləşdirib, müəyyən addımlar atdılar. Sonra da növbəti addımları mənim kimliyimi ailəyə demək olub”. 

Ancaq o ehtimal edir ki, polis onun ad-soyadını zərərçəkənin ailəsinə söyləsə də, ünvanını və nömrəsini verməyib, çünki ailə qızın rəfiqələri ilə əlaqə saxlayaraq onun (Sənubər Heydərovanın-red.) nömrəsini istəyib. 

Sosial işçi deyir ki, bu cür hadisələr onda təhlükəsizliyi ilə bağlı narahatlıqlar yaradır.

“Bu şəxslər sığınacağa gələrək ordakılara hədə-qorxu gələ bilirlərsə, gör, tək adama nə edərlər”. 

“Nə qədər polisə deyək ki...”

Qadın və uşaq sığınacaq rəhbərləri də polisin sığınacaqların ünvanını qurbanların yaxınlarına verilməsindən şikayətlənirlər.

Bakıda sığınacaqlardan birinə rəhbərlik edən Kəmalə Ağazadə deyir ki, bir neçə ay bundan öncəyədək bu, çox ciddi məsələ idi.

"Polislə aparılmış söhbətlərdən sonra onlarda vəziyyət bir qədər dəyişib, amma tamamilə aradan qalxmayıb", o qeyd edir.

“Əgər zərərçəkən varsa, zərər verən də var. Və onlar zərərçəkəni tapıb fikrindən döndərmək üçün əllərindən gələni etməyə hazırdılar. Buna görə də biz hər dəfə bildiririk ki, yerimizi deməyin. Məsələn, bu yaxınlarda bizə uşaq yerləşdirildi. Üstündən heç bir neçə saat keçməmişdi ki, uşağın qohumları gəldilər və onlar bildirdilər ki, ünvanı polisdən alıblar. Mən araşdırdım, amma polisdən bildirdilər ki, onlar heç kimə heç bir söz deməyiblər. Ancaq bu o demək deyil ki, belə hallar yoxdur, olmayacaq, olmaya bilər. Çünki nə qədər ki, polis şöbələrində davamlı maariflənmə işi aparılmır, bu cür halları biz gözləyirik”, - sığınacaq rəhbəri əlavə edir.

Kəmalə Ağazadənin sözlərinə görə, sığınacağın ünvanının qurbanın yaxınlarına verilməsi bir sıra problemlər yaradır:

“Bəzən qohumlar gəlib sığınacaq ətrafında səs-küy salırlar, bu da qonşularda narahatlıq yaradır. Bəzən qurbanların yaxınları onları oğurlamağa çalışır, qurbanları qorxudurlar”. 

O deyir ki, bəzən qurbanların məsələsi ilə bağlı illərlə məhkəmə prosesləri davam edir və bu müddət ərzində də ünvanı bilən-tanıyan ailə üzvləri ona şər-böhtan atıb uşağın sığınacaqda zorla saxlanıldığına dair iddialar irəli sürüblər. 

Kəmalə Ağazadə deyir ki, indiyədək onun şəxsi məlumatlarını öyrənib evinə qədər gəlib çıxanlar və əmlakına zərər yetirənlər də olub. Lakin o bununla bagli, sadəcə, polisə şikayətlənməklə kifayətlənib.

Bakıda yerləşən digər bir sığınacağın rəhbəri Mehriban Zeynalova da bir müddət əvvəl “sığınacaqların problemləri arasında polis əməkdaşlarının sığınacaq ünvanını bilməməli olan şəxslərə verməsini” sadalamışdı.

müsəlman qadın, qadınlar, hicablı qadın

Şəklin mənbəyi, Getty Images

“Polis ünvanı niyə desin?” 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev deyir ki, polisin zərərçəkənin yaxınlarına onu müdafiə edənlərin və ya sığınacaqların məlumatlarının ötürməsi ilə bağlı deyilənlər yalnız iddiadır.

Elşad Hacıyev deyir ki, aparılmış araşdırmalarda "sığınacaqları axtarıb tapıb gələnlərə ünvanları polisin vermədiyi məlum olub".

Cənab Hacıyevin sözlərinə görə, hər ay aralarında azyaşlıların da olduğu onlarla şəxs müvafiq sığınacaqlara yerləşdirilir və onların təhlükəsizliyi diqqət mərkəzində saxlanılır: “Polis ünvanı niyə desin? Polisə bu lazımdırmı bu?..” 

Elşad Hacıyev polislərin ailə-məişət zorakılığı hallarında polisin necə davranması ilə bağlı polislərə təlim keçirilib-keçirilməməsi məsələsinə şərh verməyib.

Hüquqşünas Əsabəli Mustafayev deyir ki, sığınacağın ünvanı məxfi məlumatdır və müvafiq qanunvericilikdə öz əksini tapıb. Ancaq onun fikrincə, qanunda hər xırda məsələyə yer verilməsi mümkün deyil. 

“Polis işçiləri hazırlıqlı insanlardır, həm fiziki, həm də əqli cəhətdən. Onlar bilirlər ki, hansı hərəkətləri nə ilə nəticələnə bilər. Onların hər addımlarının nəticəsini əvvəlcədən götür-qoy etmələri vacibdir. Polis başa düşməlidir ki, kontaktları qurbanın yaxınlarına verirsə, bu onun özü üçün də problem yarada bilər. Və üstəlik məlumatı verən hüquq-mühafizə orqanının əməkdaşı bununla öz peşə fəaliyyətinin qaydalarını da pozur”.

Hüquqşünas deyir ki, ünvan və ya əlaqə vasitələrini ötürməsi nəticəsində hər hansı bir hadisənin baş verməməsi o demək deyil ki, onlar məsuliyyət daşımırlar.

“Polisin şəxslərin təhlükəsizliyini təmin etmək vəzifəsi var. Ancaq əgər məlumat varsa ki, onlar yardım etmiş şəxsin məlumatını verilməli olmayan adama veriblər, nəticədə bir şey olarsa - həmin adama xəsarət yetirilərsə, ciddi problem yaranarsa, bu şəxslər Cinayət Məcəlləsi ilə məsuliyyət daşıya bilərlər”.

Onun sözlərinə görə, polis məlumatı tələb edən tərəfi araşdırmadan əlaqə vasitələrini və məxfi ünvanları paylaşarsa, bu, vəzifə səlahiyyətinin aşması, səhlənkarlıq deməkdir.

DİN sözçüsü deyir ki, bu məsələ diqqətdədir və “polis əməkdaşlarına Bakı şəhəri ərazisində yerləşən sığınacaqların ünvanının başqa şəxslərə verilməməsi ilə bağlı tapşırıqlar verilib”.