Laçın dəhlizində sərhəd-buraxılış məntəqəsi: Azərbaycan bayrağını qaldırıb

Laçin dəhlizi sərhəd bayraq

Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsində Azərbaycan bayrağı qaldırılıb, Azərtac xəbər verib.

Aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti ölkənin "suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurduğunu" bəyan edib.

Ermənistan və Rusiya bunu 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın pozulması kimi qiymətləndirib.

Azərbaycan bunun öz suveren və legitim hüququ olduğunu bildirib.

Çərşənbə günü Azərbaycan-Ermənistan sərhədində keçirilən bayraq qaldırılması mərasimində Dövlət Sərhəd Xidməti Azərbaycan Prezidenti İlham Əliyevə məruzə edib ki, onun tapşırığına əsasən, Həkəri çayının üzərindəki körpünün üstündə "fəxarət rəmzimiz olan 3 rəngli dövlət bayrağımız dalğalanmaqdadır" və bununla da Azərbaycan sərhədlərinin "bütövlüyü təmin olunub" - Dövlət Sərhəd Xidmətinin yaydığı videoda bəyan edilib.

Konteyner daşıyan yük avtomobili

Şəklin mənbəyi, Müdafiə Nazirliyi

Laçın dəhlizində sərhəd məntəqəsi: Fransa "pisləyir", ABŞ "narahatdır", Rusiya çağırış edib

Azərbaycan Fransanın Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qurulmasını "pisləyən" bəyanatı ilə bağlı deyib ki, “Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis edilməsi ölkəmizin suveren və legitim hüququdur.”

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bildirib.

Fransa Azərbaycanın Laçın dəhlizinin girişində nəzarət-buraxılış məntəqəsi qurmasını "pisləyir, bunun atəşkəs sazişi çərçivəsində götürülmüş öhdəliklərə zidd olduğunu və danışıqlar prosesinə zərər verdiyini hesab edir". Bu barədə Fransa XİN-in aprelin 23-də axşam yaydığı bəyanatda deyilib.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Paris Bakını "beynəlxalq öhdəliklərinə riayət etməyə, xüsusən Beynəlxalq Məhkəmənin 22 fevral tarixli qərarında qeyd edilmiş, məcburi olan müvəqqəti tədbirləri həyata keçirməyə" çağırıb.

"Bu qərar insanların və ticarətin Laçın dəhlizindən hər iki istiqamətdə sərbəst hərəkətinin, əhalinin fasiləsiz qaz və elektrik enerjisi təchizatının bərpa edilməsini tələb edir", bəyanatda deyilib.

Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə bununla bağlı həmçinin deyib ki, Azərbaycan öz öhdəlikləri çərçivəsində “Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə zəmanət verir və bu istiqamətdə müvafiq tədbirləri davam etdirəcək.”

Azərbaycanın “Ermənistanla münasibətləri normallaşdırmaq səyləri qarşılığında Fransa tərəfi bu kimi birtərəfli mövqe sərgiləməklə prosesə maneçilik cəhdlərinə şərait yaratmamalıdır", Azərbaycan XİN-in rəsmisi qeyd edib.

ABŞ və Rusiya da Laçın dəhlizində sərhəd məntəqəsinin qurulmasına reaksiya verib.

ABŞ Dövlət Departamentinin rəsmisi Vedant Patel qeyd edib ki, ABŞ “Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmasının sülh prosesinə etimadın yaradılması səylərini sarsıtmasından dərin narahatdır.”

ABŞ “Laçın dəhlizində insanların və ticarətin sərbəst və açıq hərəkəti olmalıdır və tərəfləri sülh danışıqlarını bərpa etməyə, sərhəddə təxribatlardan və düşmənçilik hərəkətlərindən çəkinməyə” çağırıb.

Rusiya Xarici İşlər Nazirliyi 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının "əsas müddəalarını pozan hər hansı birtərəfli addımların yolverilməzliyini" qeyd edib.

“23 aprel hadisələrinin son inkişafı kontekstində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının əsas müddəalarının pozulması ilə bağlı hər hansı bir birtərəfli addımların - Laçın dəhlizinin iş rejiminin razılaşdırılmamış dəyişikliyindən söhbət gedirmi və ya ondan sülh gündəminə cavab verməyən məqsədlər üçün istifadə etmək cəhdlərindən - qəbuledilməz olduğunu xüsusilə qeyd edirik.”.

RF XİN hesab edir ki, yaranmış problemlərin bir çoxu üçtərəfli bəyanatda qeyd olunmuş məsələlər üzrə, o cümlədən "regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin parametrlərinin razılaşdırılması üzrə danışıqlar prosesində” tərəqqinin olmamasının nəticəsidir.

Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb ki, 23 aprel, saat 12 radələrində Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd məntəqəsi qurulub.

Bakı ilə Yerevanın diplomatik dueli

Rəsmi Yerevan Laçın yolunda Azərbaycan tərəfindən sərhəd-buraxılış məntəqəsinin qurulmasını 10 noyabr 2020-ci il tarixli “Üçtərəfli bəyanatın əsas müddəalarından birinin kobud şəkildə pozulması” kimi qiymətləndirib.

“Rusiya Federasiyasını dəhlizin qanunsuz blokadasını aradan qaldırmağa və Azərbaycan Qüvvələrinin Laçın dəhlizinin bütün təhlükəsizlik zonasından çıxarılmasını təmin etməyə çağırırıq”, Ermənistan XİN-in bəyanatında deyilib.

Rəsmi Bakı Ermənistan XİN-in bəyanatını "Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi" kimi qiymətləndirərək, "qəbuledilməz” olduğunu və “qətiyyətlə rədd etdiyini” bildirib.

“Üçtərəfli Bəyanata əsasən, Azərbaycan Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət vermək öhdəliyinə malikdir. Bu öhdəlik eyni zamanda, Laçın yolundan sui-istifadənin qarşısının alınmasını ehtiva edir”, Azərbaycan XİN-i bildirib.

Rəsmi Bakı vurğulayıb ki, “sərhəd-nəzarət məntəqəsinin təşkili yol üzrə hərəkət rejimində dəyişiklik yaratmır.”

Azərbaycan bir daha bəyan edib ki, Qarabağdakı yerli erməni sakinlərinin “hər iki istiqamətdə məntəqədən keçidi üçün müvafiq şərait mövcuddur”.

Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub

Azərbaycan Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd məntəqəsi qurub.

Bu barədə məlumat Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən açıqlanıb.

Rəsmi məlumatda deyilib ki, aprelin 23-ü saat 12:00-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkənin "suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub”.

Azərbaycan Xarici İişlər Nazirliyi görülən tədbirlə əlaqədar bildirib ki, Laçın yolunun başlanğıcında sərhəd-nəzarət mexanizminin təsis edilməsi "yoldan hərəkət üzrə şəffaflığı, qanunun aliliyini və beləliklə, hərəkətin təhlükəsizliyini" təmin edəcək.

10 noyabr 2020-ci il tarixli "Üçtərəfli bəyanat üzrə öhdəliklərə uyğun olaraq, Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə bu əlavə tədbir çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bu məntəqədən hər iki istiqamətdə Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq şərait yaradılacaq", Azərbaycan XİN-in bəyanatında deyilib.

Bakı həmçinin bildiirb ki, "qeyd edilən nəzarət mexanizmi Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirmə şəraitində həyata keçiriləcək."

Bakı: Ermənistan Laçın-Xankəndi yolunun girişində sərhəd məntəqəsi qurub. Ermənistan: Bakı Həkəri körpüsünü "bağlayıb"

Azərbaycan Laçın-Xankəndi yolunun girişində Ermənistan tərəfindən sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulmasına dair məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyinin bildirdiyinə görə, aprelin 22-si saat 20:00 radələrində Ermənistanın Kornidzor yaşayış məntəqəsi istiqamətindən hərəkət edən avtomobil kolonu “Azərbaycan-Ermənistan şərti sərhədinin Həkəri çayı üzərində yeni inşa edilmiş körpüdən Azərbaycan ərazisinə daxil oldub”.

“Avtomobillər sonradan geri qayıdaraq Ermənistan ərazisində, Azərbaycanla sərhəddə Laçın-Xankəndi yolunun üzərində dayandıqdan sonra avtokran vasitəsilə 2 ədəd yaşayış konteyneri əvvəlcədən hazırlanmış yerə boşaldılıb”, MN-in məlumatında deyilib.

“Aparılan müşahidə Ermənistan tərəfindən əvvəlcədən razılaşdırılmadan, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı birtərəfli qaydada pozaraq Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulmasını təsbit edir”, Azərbaycan MN-i vurğulayıb.

MN qeyd edib ki, hərbi təyinatlı yüklərin Ermənistandan Azərbaycan ərazisinə daxil olması Rusiya sülhməramlılarının şərait yaratması ilə həyata keçirilib.

Ermənistan mediası Azərbaycan tərəfinin Həkəri körpüsünü "bağladığını" bildirib.

Azərbaycan MN: "Hərbçilərimiz Ermənistanda istehsal olunan minaya düşüb"

Minaya düşən maşın

Şəklin mənbəyi, Müdafiə Nazirliyi

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, aprelin 22-də Şuşa rayonunun Allahqulular kəndi yaxınlığında Azərbaycan Ordusunun hərbi yük maşınının minaya düşərək partladığı əraziyə baxış keçirilib.

“Axtarış zamanı həmin ərazidə 2021-ci ildə Ermənistanda istehsal olunmuş bir neçə ədəd tank əleyhinə və xeyli sayda piyada əleyhinə mina aşkar edilib,” məlumatda qeyd olunub.

“Bir daha bəyan edirik ki, Azərbaycanın Qarabağ iqtisadi rayonuna Ermənistandan hərbi yüklərin daşınması dərhal dayandırılmalı, qeyri-qanuni erməni silahlı dəstələrinin ən qısa müddətdə ərazimizdən çıxarılması təmin olunmalıdır”, Azərbaycan MN-i vurğulayıb.

Mina

Şəklin mənbəyi, Müdafiə Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Şuşa rayonunda Azərbaycan Ordusunun hərbi yük maşınının minaya düşməsini və 3 hərbçinin xəsarət almasını “Ermənistanın təxribatı” kimi qiymətləndirib.

“Ermənistan Azərbaycanın suveren ərazisindəki bütün hərbi təxribatlara dərhal son qoymalıdır”, Azərbaycan XİN-i bildirib.

Ermənistan mediasına əsasən, özünü separatçı “DQR”-in XİN-i adlandıran qurum Azərbaycan MN-in bəyanatını “yalan və həqiqətə uyğun olmadığını” bildirib.

Müdafiə Nazirliyi

Şəklin mənbəyi, mod.gov.az

Şuşa yaxınlığında minaya düşən üç azərbaycanlı hərbçi xəsarət alıb

Aprelin 22-si saat 17:00 radələrində Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Azərbaycan Ordusunun hərbi yük maşını minaya düşərək partlayıb, nəticədə üç azərbaycanlı hərbçi xəsarət alıb.

Azərbaycan Müdafiə Nazirliyi (MN) vurğulayıb ki, Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqelərinə təminat vasitələrini daşıyan hərbi maşın “ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb.”

MN qeyd edib ki, hadisə “Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində” baş verib və bunu “vəziyyətin gərginləşdirilməsi məqsədilə Ermənistan tərəfindən növbəti təxribat” kimi qiymətləndirib.

Mina partlayışı nəticəsində “avtomobilin sürücüsü və maşın başçısı yaralanıb, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb.”

Yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də “piyada əleyhinə minaya düşərək xəsarət alıb.”

Minaya düşən üç hərbi qulluqçuya tibbi yardımın göstərildiyi deyilib.

Bakı hadisə barədə Rusiya sülhməramlı kontingenti və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verib.

“Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.”, Azərbaycan MN-in məlumatında deyilib.

Ermənistan mediasına əsasən, özünü separatçı “DQR dövlət nazirinin müşaviri” adlandıran Artak Beqlaryan Azərbaycanın ittihamlarını şərh edərək, sözügedən ərazinin Azərbaycanın nəzarəti altında olduğunu və oradakı videomüşahidə sistemlərni qeyd edərək təzə minaların basdırılması mümkünlüyünü sual altına alıb. Beqlaryan iddia edib ki, Azərbaycan "yeni təxribatlar və təcavüzlər üçün əlavə səbəblər yaratmağa çalışır".

2021-ci ilin oktyabrında Ermənistanın baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevin mina xəritələri ilə bağlı narazılığına münasibət bildirərək deyib ki, Yerevan "əlində olanları verib".

Həmin ilin iyulun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində saxlanılan 15 erməni hərbçi Ermənistana təhvil verilib.

Həmin ilin oktyabr ayında Prezident İlham Əliyev "CNN Türk"ə müsahibəsində Ermənistanın Azərbaycana təqdim etdiyi mina xəritələrinin dəqiqliyinin "25 faiz" olduğunu bildirib.