Azərbaycan AŞPA ilə əməkdaşlığı dayandırmağa qərar verib

AŞPA

Şəklin mənbəyi, Azərtag

    • Müəllif, Fərid Həsənov
    • Vəzifə, BBC Azərbaycanca

Bu gün Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib.

Bu qərar AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatların çağırışlarından sonra verilib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatları çərşənbə günü keçirdiyi müzakirədə Azərbaycanın qurumdakı nümayəndə heyətinin etimadnaməsini təsdiq etməyib.

Assambleya rəsmi Bakının öz üzərinə götürdüyü “əsas öhdəlikləri” yerinə yetirmədiyi qənaətinə gəlib və bu barədə qətnamə qəbul edib.

Qətnamədə deyilir ki, rəsmi Bakı ölkədə pluralist demokratiya və qanunun aliliyi, eləcə də fundamental insan hüquq və azadlıqlarına hörmətlə bağlı öhdəlik götürsə də, bu müddət ərzində bu tələbləri həyata keçirməyib.

Bununla belə, Azərbaycan hökuməti ölkədə azad və ədalətli seçkilərin keçirilməsi, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması kimi öhdəliklərə də etinasız yanaşıb, qətnamədə deyilir.

Sənəddə həmçinin Azərbaycanda qanunverici hakimiyyətin icraedici hakimiyyət qarşısında zəif olması barədə narahatlıq da qeyd edilib.

Rəsmi Bakı həm də ölkədə demokratik institutların funksionallığı, çirkli pulların yuyulması, mütəşəkkil cinayətkarlıqla mübarizə, korrupsiya, LGBT qruplarının hüquqları, Avropa İnsan Haqları Məhkəməsinin hökmlərinin icrası, transmilli represiyalar, eləcə də Pegasus və bu tip digər proqramlar vasitəsilə gizli dövlət dinləmələrinin aparılması, jurnalistlərin müdafiəsinə dair qətnamələri yerinə yetirməməkdə ittiham edilib.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

“Azərbaycanda ən azı 18 jurnalist və media təmsilçisi hazırda həbsdədir”, - qətnamənin 3-cü bəndində əks olunub.

Bundan əlavə, sənəddə qurum Dağlıq Qarabağla bağlı, xüsusilə də Laçın dəhlizindən sərbəst və təhlükəsiz keçidin təmin olunması, Dağlıq Qarabağdakı humanitar vəziyyətə dair qətnamələrin yerinə yetirilməməsindən və yüz mindən çox erməni əhalinin bölgəni tərk etməsi ilə nəticələnən ötən ilin sentyabrında baş vermiş hərbi əməliyyatlardan narahatlıq keçirdiyini diqqətə çatdırıb.

AŞPA gələn ay Azərbaycanda keçirilməsi gözlənilən növbədənkənar prezident seçkisini müşahidə etmək üçün rəsmi Bakının quruma təklif göndərməməsindən də narazı qaldığını gizlətməyib.

Qurumun Monitorinq Komitəsinin həmməruzəçilərinin Azərbaycandakı siyasi məhbuslarla görüşünə icazə verilməməsi, monitorinq prosedur qaydalarının pozulması, AŞPA ilə əməkdaşlıqda yol verilən “boşluqlar” da qətnamədə öz əksini tapıb.

Azərbaycan hökuməti ilə bağlı qeyd edilən məqamları əsas gətirən AŞPA qurumda təmsil olunan deputatları rəsmi Bakının təşkilatdakı nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsinə çağırıb və qəbul edilib.

Qətnamənin ilkin mətnində həmçinin “prosedur qaydalar yerinə yetirildikdən sonra” Azərbaycanın nümayəndə heyətinin öz fəaliyyətini davam etdirə biləcəyi də əks olunub.

Azərbaycan AŞPA ilə əməkdaşlığı dayandırmağa qərar verib

Qətnamənin qəbul edilməsindən bir neçə saat əvvəl Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə əməkdaşlığı və təşkilatda iştirakını "qeyri-müəyyən müddətə dayandırmaq" qərarına gəldiyini açıqlayıb, Azərtac xəbər agentliyi yazıb.

Azərbaycanlı deputatlar verdikləri qərarı qurumda Azərbaycanla bağlı irəli sürülən qətnamənin ölkəyə qarşı “qarayaxma kampaniyası” olması ilə əlaqələndiriblər.

“Təxminən 20 ilə yaxın müddətdə Azərbaycan nümayəndə heyəti erməni işğalının ağır nəticələrini gündəmə gətirərkən bizə deyirdilər ki, AŞPA münaqişə ilə bağlı məsələlərin müzakirəsi üçün düzgün format deyil. İndi isə həmin AŞPA və həmin deputatlar bunun əksini deyir və Azərbaycana hücum etmək üçün heç bir fürsəti əldən vermirlər”, - Azərtac nümayəndə heyətinin bəyanatına istinadla qeyd edib.

Agentliyin yazdığına görə, Milli Məclisin AŞPA-dakı təmsilçiləri bildiriblər ki, Azərbaycan müstəqil olduğu dövrdən bugünədək ölkədə insan haqlarının müdafiəsi və qanunun aliliyinin təmin edilməsi istiqamətində “böyük irəliləyişlərə” nail olub.

Azərbaycanlı parlamentarilər AŞPA-nı beynəlxalq hüququ “selektiv şərh etməkdə, eləcə də dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərdə “fərqli yanaşma” nümayiş etdirməkdə günahlandırıb.

“Təəssüf ki, AŞPA-dan bəzi üzv dövlətləri hədəfə almaq üçün platforma kimi istifadə olunur. Müəyyən qərəzli qruplar AŞPA-nın əsas prinsiplərindən öz dar maraqlarının təmini məqsədilə sui-istifadə edirlər. AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm hökm sürən praktikaya çevrilib”, - nümayəndə heyətinin bəyanatında əks olunub, Azərtac bildirib.

Bunu əsas gətirən Azərbaycanın nümayəndə heyəti ölkənin bu qurumdakı etimadnaməsinə edilən etirazları da “çirkin kampaniyanın” tərkib hissəsi kimi dəyərləndirib və bu təşəbbüsü Azərbaycanda hazırda gedən seçki prosesinə “əsassız müdaxiləyə yönəlmiş məqsədyönlü və qəbuledilməz cəhd” olaraq qiymətləndirib.

“AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib”, - bəyanatda bildirilir.

Azərbaycan və Avropa Şurası arasında nə baş verir?

Bu gün Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib, Azərtac yazıb.

Monitorinq Komitəsi çərşənbə axşamı Avropa Şurası Parlament Assambleyasına (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməməyi tövsiyə edib.

Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov Monitorinq Komitəsinin hesabatına etiraz edib. "Biz hesab edirik ki, bu təşəbbüs müstəqil və suveren bir ölkə kimi Azərbaycana qarşı köklü qərəzin bariz təzahürüdür", - o deyib.

Avropa Şurasının Monitorinq Komitəsi bildirib ki, Azərbaycanın quruma üzvlüyündən 20 ildən çox müddət keçsə də, rəsmi Bakı "üzvlüyə qəbul edilərkən təşkilat qarşısında götürdüyü əsas öhdəlikləri yerinə yetirməyib".

AŞPA

Şəklin mənbəyi, PACE.coe.int

Monitorinq Komitəsi nə deyir?

Etimadnamələrin qəbul edilməməsi tövsiyəsini verən Monitorinq Komitəsi deyib ki, Azərbaycanda seçkilərin azad və ədalətli şəkildə keçirilməsi ilə bağlı "çox ciddi narahatlıqlar var".

"Bundan əlavə, qanunverici hakimiyyətin icraedici hakimiyyət qarşısında zəifliyilə, məhkəmə sisteminin müstəqilliyilə, eləcə də insan haqlarına hörmətlə bağlı mövcud olan narahatlıqlar İnsan Haqları üzrə Avropa Məhkəməsinin verdiyi bir çox hökmlərdə, o cümlədən Venesiya Komissiyasının rəylərində öz əksini tapıb", komitə qeyd edib.

Monitorinq Komitəsinə görə, Azərbaycanda “siyasi məhbuslarla” və söz azadlığının pozulma hallarının artması ilə bağlı təqdim edilən qeydlər də narahatlıq yaradır. "AbzasMedia saytının müstəqil jurnalistlərinin son həbsləri də ölkədəki vəziyyət barədə aydın təsəvvür yaradır".

Dağlıq Qarabağla bağlı vəziyyətə gəldikdə isə komitə Laçın dəhlizinin blokadaya alınmasını qınayan 2508 saylı qətnaməsini, eləcə də Azərbaycan ordusunun ötən ilin sentyabrında həyata keçirdiyi və Dağlıq Qarabağın bütün erməni əhalisinin ərazini tərk etməsi ilə nəticələnən hərbi əməliyyatı pisləyən 2517 saylı qətnaməsini xatırladır.

Komitə həmçinin “Assambleyanın monitorinq proseduru çərçivəsində qarşılıqlı əməkdaşlıq zamanı yol verilən boşluqlardan” da təəssüfləndiyini bildirib. Bu boşluqlara nümunə olaraq, Azərbaycanda gələn ay keçiriləcək prezident seçkisinin müşahidə etmək üçün rəsmi Bakının AŞPA-ya dəvət göndərməməsi və qurumun məruzəçiləri ilə əməkdaşlıq edilməməsi göstərilib.

Səməd Seyidov Avropa Şurası

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Səməd Seyidov Komitənin qərarına etiraz edib

Səməd Seyidov Monitorinq Komitəsinin qərarına etiraz məktubunda yazıb: "Nümayəndə heyətimizin etimadnaməsinin ratifikasiyasından imtina AŞPA-nın və ümumilikdə Avropa Şurasının hakimiyyətinə ciddi zərbə olacaq və onun ağır nəticələrinə görə məsuliyyət bu dar düşüncəli addımın təşəbbüskarlarının üzərinə düşür".

Frank Shwabe nə deyib?

AŞPA, Azərbaycan, siyasət, Qarabağ, seçki,

Şəklin mənbəyi, PACE.coe.int

Şəklin alt yazısı, Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi təklifini Almaniya nümayəndə heyətindən deputat Frank Schwabe verib.

Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi təklifi bazar ertəsi - AŞPA-nın qış sessiyasının açılış günü Almaniya nümayəndə heyətindən deputat Frank Schwabe-dən gəlib.

O buna səbəb kimi aşağıdakıları göstərib:

1. Azərbaycanda “siyasi məhbuslar var"

2. Qarabağdan “erməni sakinlər zorakılıqla çıxarılıb”

3. 2023-cü ildə AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri azı 3 dəfə baş tutmayıb

4. Azərbaycan fevralın 7-də keçiriləcək prezident seçkisini müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətini dəvət etməyib.

Onun bu təklifi Assambleyanın azı 30 üzvü tərəfindən dəstəklənib.

Təklif Assambleyanın Monitorinq Komitəsinə qiymətlədirilmək üçün təqdim edilib və çərşənbə günü müzakirəyə çıxarılacaq.

Qaydalara görə, Monitorinq Komitəsi öz rəyini təqdim etdikdən sonra Assambleya 3 seçimdən birinə səs verəcək: nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməsi, təsdiqlənməməsi və ya nümayəndə heyəti üzvlərinin bəzi iştirak və ya təmsilçilik hüquqlarından məhrum edilərək onların etimadnaməsinin təsdiqlənməsi.

Azərbaycan nümayəndə heyəti qərar qəbul olunanadək digər Assambleya üzvləri ilə eyni hüququ daşıyırlar, amma bu məsələdə səs verə bilməzlər.

Əsaslı səbəblər nədir?

Frank Schwabe etimadnamənin təsdiqlənməməsi təklifini, AŞPA qaydalarına görə, "əsaslı səbəblərə" əsaslanaraq verdiyini deyib.

Qaydalara görə, əsaslı səbəblər aşağıdakılardır:

1. Avropa Şurasının təməl prinsiplərinin - fərdi azadlıqlar, siyasi azadlıqlar, qanunun aliliyi - kobud şəkildə pozulması

2. Öhdəliklərin davamlı şəkildə yerinə yetirilməməsi və Assambleyanın monitorinq prosedurlarının yerinə yetirilməsində iştirak edilməməsi

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Liz Kristoffersen keçən ilin sonlarında Azərbaycana səfər edib, ancaq "siyasi məhbus" kimi tanınan şəxslərlə görüşə bilməyib.

AŞPA deputatları həmçinin Qarabağda vəziyyəti müşahidə etmək üçün quruma hakimiyyət tərəfindən icazə verilməməsindən narazıdır.

"Təəssüf ki, mən açıq və aydın mesajdan başqa çıxış yolu görmürəm. Məsələ təkcə siyasi məhbusların sayının dramatik şəkildə artması deyil, təkcə 100 mindən çox insanın Dağlıq Qarabağdan zorla çıxarılması da deyil. Bizim məruzəçilərin 2023-cü ildə azı üç dəfə Laçın dəhlizinə səyahət edə bilməməsinə və ya siyasi məhbuslara başa çəkə bilməməsinə görə Azərbaycan nümayəndə heyəti birbaşa məsuliyyət daşıyır", Schwabe çıxışında deyib.

O, 7 fevral prezident seçkilərinin müşahidə edilməsinə AŞPA-nın çağrılmamasını Avropa Şurasını "zəiflətmək cəhdi" adlandırıb və ATƏT kimi digər beynəlxalq təşkilatlara da qarşı olduğunu deyib.

Səməd Seyidov Azərbaycan nümayəndə heyətinin etimadnamələrinin qəbul edilməməsi tövsiyyələrinə səbəbləri əsassız adlandırıb. "Bildiyimizə görə, AŞPA tarixində heç vaxt milli nümayəndə heyətinin etimadnaməsinin təsdiqindən bu qədər əsassız bəhanələrlə imtina edilməyib", o deyib.

Azərbaycanın "ehtiyacı yoxdur"

Azərbaycan hökuməti hələ ki, bu məsələyə münasibət bildirməyib. Ancaq hakimiyyətə yaxın media yazır ki, artıq Qarabağ problemi həll olunub və Azərbaycanın "hazırda Avropada heç bir nüfuzu olmayan Avropa Şurasına ehtiyacı yoxdur".

APA xəbər agentliyinin saytında dərc olunmuş məqalədə deyilir ki, Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməzsə və ya səsvermə hüququ məhdudlaşdırılarsa, "Azərbaycan nümayəndə heyətinin bu qurumda fəaliyyətini dayandırması məqsədəuyğundur”.

Bundan başqa, Azərbaycanın İnsan Haqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasından çıxması variantı da gündəmə gələ bilər, APA yazır.

Azərbaycan hakimiyyəti ölkədə hər hansı “siyasi məhbus” olduğu iddiasını rədd edir və heç kimin siyasi və ya dini baxışlarına görə təqib olunmadığını bildirir.

Rəsmi Bakı erməni sakinlərin Qarabağı könüllü tərk etdiyini, onlara qarşı hər hansı zorakılıq edilmədiyini açıqlayıb.

"Presedent ola bilər"

Siyasi təhlilçi Şücaət Əhmədzadə hesab edir ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinə hər hansı məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi və ya qurumdakı etimadnaməsinin ləğvinin Azərbaycan cəmiyyəti üçün ciddi təsirləri olmasa da, ölkənin qurumdakı təmsilçiliyinə böyük zərbə vura bilər.

Onun sözlərinə görə, Azərbaycanın AŞPA-dakı nümayəndələrinin sayı onsuz da az olduğundan, bu qərar digər müzakirələrdə Azərbaycan tərəfinin mövqeyinin səsləndirilməməsi ilə nəticələnə bilər.

“Bu, özlüyündə presedent yarada və Azərbaycanın digər pan-Avropa təşkilatlarından sıxışdırılmasında əsas ola bilər və Qərblə münasibətlərə mənfi təsir göstərə bilər”, - Şücaət Əhmədzadə BBC Azərbaycancaya bildirib.

Bununla belə, o, AŞPA-Azərbaycan münasibətlərindəki gərginliyin Azərbaycanın Avropa Şurası üzvlüyünə son verilməsi səviyyəsinədək yüksələcəyinə inanmadığını qeyd edib.

Azərbaycanın AŞPA-da nümayəndə heyəti

Şəklin mənbəyi, Milli Meclis/BBC

Azərbaycanın AŞPA-da nümayəndə heyəti

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibinə aşağıdakı millət vəkilləri daxildir:

1. Səməd Seyidov

2. Nigar Arpadarai

3. Rafael Hüseynov

4. Kamal Cəfərov

5. Könül Nurullayeva

6. Sevil Mikayılova

Əvəzedici millət vəkilləri isə Sevinc Fətəliyeva, Erkin Qədirli, Tural Gəncəliyev və Pərvin Kərimzadədir.