Azərbaycanda bankların bağlanması ilə bağlı mübahisə

Banklar "təhrif edilmiş" maliyyə hesabatı təqdim etdiyinə və müştəriləri "yanlış yönləndirdiyinə görə" buna nəzarəti həyata keçirən Mərkəzi Bank "məsuliyyətə cəlb olunmalıdır", bank hüquqşünası Əkrəm Həsənov BBC Azərbaycancaya müsahibəsində deyib.
"Mərkəzi Bank banklarda vaxtaşırı yoxlama apardığına görə bunu müəyyən etməliydi, amma etməyib ya da etmək istəməyib. Amma Palata bunu 4 ay ərzində müəyyən etdi", cənab Həsənov deyir.
İyul ayının 22-də isə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) daha 4 bankın- “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC- lisenziyasını ləğv etdiyini bəyan edib.
Buna səbəb banklara verilən tələblərin yerinə yetirilməməsi, o cümlədən, təhrif edilmiş hesabatlar təqdim etməsi olduğu deyilir.
Mərkəzi Bankın sözçüsü Namiq Əliyev isə deyir ki, banklardan hesabatların alınmasına nəzarət etdiyi son günə qədər hansısa bankın "təhrif olunmuş hesabat" təqdim etməsi faktı qeydə alınmayıb.
Onun sözlərinə görə, MBNP-ə təhvil verilən hesabatlar arasında da hər hansı təhrif olunmuş hesabat olmayıb.
Faizlər
Ekspertlər bankların sayının azalmasının kredit faizlərinə təsir etməyəcəyini, əksinə, "faizlərin azalmasına gətirib çıxara bilməsi ehtimalını" istisna etmir.
2016-ci ilin əvvəlində Mərkəzi Bank 6 bankın lisenziyasını ləğv edib. Bunlar "Bank of Azerbaijan", "Gəncəbank", "United Credit Bank", "AtraBank", Qafqaz İnkişaf Bankı və "Texnika Bank"-dır. "Bank Standart" və "Azərbaycan Beynəlxalq Bank"ında sağlamlaşdırılma aparılır.
Hazırda Azərbaycanda lisenziya ilə çalışan bankların sayı 33-dür.
"Pis banklar"

Şəklin mənbəyi, Courtesy photo
Bank hüquqşünası Əkrəm Həsənovun sözlərinə görə, bankların "təhrif olunmuş maliyyə hesabatı" verməsində buna nəzarəti həyata keçirən Mərkəzi Bankın "günahı var". O ehtimal edir ki, hesabatları Mərkəzi Bank ya" kifayət qədər yoxlamayıb, ya da bilə-bilə buna reaksiya verməyib". Mərkəzi Bank isə bu iddiaları rədd edir.
"İndiyə qədər bağlanan bankları bu vəziyyətə gətirib çıxaranlar məsuliyyətə cəlb olunmalıdır. Həm cinayət, həm də ən azı mülki məsuliyyətə. Burada söhbət bank sahiblərindən və idarə edənlərdən gedir. Çünki mümkün deyil ki, bu bağlamada onların səhvi olmasın", cənab Həsənov dövlətin bank sektorunda şəffaflığı təmin etməli olduğunu xüsusi vurğulayır.
BBC Azərbaycancaya danışan MBNP-nin sözçüsü Rüfət Abbasov deyir ki, onlar təhlilləri Mərkəzi Bankın "deyil, bankların aylıq təqdim etdiyi məlumatlar əsasında aparır" və buna görə də qurumun təqdim etdiyi məlumatların təhrif edilib-edilmədiyini "şərh edə bilməz".
Təhrif olunmuş maliyyə hesabatlarının təqdim olunması haqqında MBNP sözçüsü deyir ki, buna görə “inzibatçılar, yəni bank rəhbərliyi və hüquqi şəxs olaraq bank məsuliyyət daşıyır”. Belə bir addıma görə də sadalanan banklara qarşı “qanunvericiliyə uyğun olaraq tədbir də görülüb”.
“Biz onların lisenziyasını geri çağırmışıq və məsələ məhkəmədədir. Məhkəmə nə qərar qəbul etsə, ona müvafiq olaraq da tədbirlər görüləcək”, qurum sözçüsü deyir.
Bank hüquqşünası Əkrəm Həsənov təklif edir ki, bank rəhbərləri mütəmadi akkreditasiyadan keçsin.
"Bilinməlidir ki, bu banklara rəhbərlik edənlər nə qədər peşəkardır."
Ekspertin ehtimallarına görə, yaxın bir il ərzində daha 10-15 bankın bağlanması gözlənilir və düşünür ki, proses "nə qədər tez olarsa, o qədər yaxşıdır".
O deyir ki, sistemdə "pis bankların bağlanması düzgün addımdır", amma "gecikdiyinə" görə bundan sonra vəziyyət "pisə doğru gedəcək", çünki baş verənlər əmanətçilərin etimadını azaldır.
"Sağlamlaşdırma faktoru"

Şəklin mənbəyi, bbc
İqtisadçı ekspert Vüqar Bayramov düşünür ki, məcmu kapitalını yerinə yetirə bilməyən və "saxta məlumatlar" əsasında hesabat yayan bankların bağlanmasının müsbət tərəfi var.
Onun sözlərinə görə, bu proses bank sektorunda "zəif bankları" sıradan çıxarır, inanılmış və güclü bankların qalmasına şərait yaradır ki, bu da əmanətçilərin bank sektoruna etibarı bərpa etməyə və iqtisadiyyatı gücləndirməsinə kömək edir.
Cənab Bayramov fikirləşir ki, əmanətçilərin pulunu evdə deyil banklarda saxlanmasını təmin etmək üçün dövlət valyuta risklərinin sığortalamasını həyata keçirə bilər.
"Digər tərəfdən nəzarəti gücləndirməlidirlər ki, banklar mütəmadi düzgün hesabatlarını təqdim etsinlər. Prosesin süni şəkildə uzadılması deyil, bank sektorunun sağlamlaşdırılması istiqamətində addımların atılmasına ehtiyac var", təhlilçi Mərkəzi Bank və MBNP-nin ciddi şəkildə fəaliyyətlərini gücləndirməli olduğunu qeyd edir.
Onun sözlərinə görə, bankların sayının azalması gələcəkdə kredit faizlərinin artmasına təsiri olmayacaq. O belə fikirləşməsinə Mərkəzi Bankda kredit fazilərinə limitin müəyyən olunmasını əsas gətirir.
"Nə qədər çox güclü banklar qalarsa, çox əmanət cəlb edərsə, daha çox kredit verə bilər. Bu isə gələcəkdə kreditin faizinin aşağı düşməsinə səbəb ola bilər", ekspert bankların sayının azaldılmasına bank sektorunun sağlamlaşdırılması faktoru kimi baxılmalı olduğunu düşünür.
"Göz yumulu qərar"
Keçmiş maliyyə naziri Fikrət Yusifov deyir ki, banklar "real bank fəaliyyəti" göstərməlidir ki, bağlanmasın. O düşünür ki, Azərbaycana xırda deyil, bütün region üzrə fəaliyyət göstərə biləcək banklar lazımdır.
"Bu bankları açanlar onları lambard kimi yüksəltmək və qazanc mənbəyi kimi baxırlar. Girov götürüb, kredit verir və bununla da iş bitmiş olur. Banklar real layihə qəbul edib, uzun müddətli kredit verməyi bacarmalıdır", deyə cənab Yusifov bankların bağlanması haqqında qərarların "götür-qoy edilib, sadəcə göz yumulu" verilməməsindən bəhs edir.
Onun fikrinə görə, bu günkü vəziyyətdə Azərbaycan belə islahatları aparmağa "məcburdur".
"Radikal addımlar ona görə atılır ki, qısa zaman kəsiyində islahatlar başa çatsın və Azərbaycan normal bank sisteminə sahib olsun."
Sabiq nazir deyir ki, əmanəti qaytarmaq üçün Əmanətlərin Sığortalanması Fondunun Mərkəzi Banka borc üçün müraciət etməsi məsələnin "texniki tərəfidir" və əhalinin buna görə "narahat olmağına dəyməz".
"Fond bankdan kredit götürəcək, dövlət öz maliyyə büdcəsindən yardım ayıracaq və ya Neft Fondundan fonda birbaşa transfer edəcəklər, bu artıq texniki problemlərdir. Əsas olan odur ki, dövlətin zəmanəti var", cənab Yusifov vurğulayır.
O düşünür ki, bağlanan banklar böyük işsizlər ordusunun yaranmasına səbəb olmayacaq. Onun ehtimalına görə, bank bağlanarsa onların birləşərək daha güclü bir bankın yaradılması gündəmə gələ bilər.
"Onların infrasturukturu var, şəbəkəsi və avadanlıqları var ki, bank kimi işləsin. Sadəcə kiçik olduğundan fəaliyyətlərini davam etdirə bilməyib. İndi onlar birləşib yeni bank yaradarsa həmin işçilərin hamısı olmasa da yarısı orda işlə təmin oluna bilər", Fikrət Yusifov islahatın ağrısız keçməməsindən danışır və hər kəsin buna hazır olmalı olduğunu deyir.





