Azərbaycanın bank siyasəti ölkə iqtisadiyyatını hara aparır?

- Müəllif, Elnarə Məmmədova
- Vəzifə, BBC Azərbaycanca, Bakı
Azərbaycanda bank sistemində yaşanan çətinliklər 2016 və 2017-ci illərin sonunda bankların zərərlərinin böyüməsinə gətirib çıxara bilər, yerli ekspertlər proqnozlaşdırır.
Ekspertlərin fikrinə görə, ölkədə bankların sayının getdikcə azalması onların "diktə imkanlarını genişləndirir" və bu amil gələcəkdə kredit faizinin 29-dan 35-ə qədər artmasına səbəb ola bilər.
Banka qoyduğu pulu geri götürə bilməyən əmanətçilər "bundan sonra çətin banka pul qoyum" deyir.
Hüquq müdafiəçiləri əmanət qoymazdan əvvəl bankların qanunvericiliyə nə dərəcədə uyğun davrandıqlarını, ən azından bankın maliyyə hesabatını dərc etməsi məsələsinə diqqətlə yanaşmağı məsləhət görür.
2016-ci il ərzində Mərkəzi Bank 6 bankın lisenziyasını ləğv edib. Bunlar "Bank of Azerbaijan", "Gəncəbank", "United Credit Bank", "AtraBank", Qafqaz İnkişaf Bankı və "Texnika Bank"-dır. "Bank Standart"da nağd pul kütləsi və digər problemlər yaşandığına görə mayın 3-ü bankın bir ay ərzində sağlamlaşdırılması haqda qərar verilib.
Yüksək kredit faizi
İqtisadçı Rəşad Həsənov deyir ki, hazırda Azərbaycanda rəsmi fəaliyyət göstərən 37 bankdan yalnız 5-6-sı istisna olmaqla digərlərinin problemlərlə üzləşmə ehtimalı var.
Onun sözlərinə görə, banklar xidmətlərin çox az hissəsini icra etdiklərinə görə gəlirinin 75 faizini məhz kreditləşdirmə sayəsində formalaşdırır ki, bu da onları təhlükə qarşısında qoyub.
"Hazırda bankların kreditləşdirməni həyata keçirməməsi onların əsas gəlir mənbəyindən məhrum olmasına gətirib çıxarır. Bu gün problemli kreditlərin həcmi 30 faizdən yuxarıdır", deyə təhlilçi bankların bu problemin ictimailəşəcəyi halda ödəmə qabiliyyəti olan müştərilərin də ödənişdən yayınmasından ehtiyat etdikləri üçün bu haqda danışmadıqlarını bildirir.
Təhlilçi bildirir ki, banklar son 15 ildə insanların ilkin kapitalının əldə olunması üçün əsas mənbə idi. İndi isə onların bağlanması ilk növbədə biznesin maliyyə əlçatanlığını aşağı salır və banklar arası rəqabəti "korlayır".
Ekspert düşünür ki, maliyyə əlçatanlığı azaldıqca kredit faizlərinin artma ehtimalı yüksəlir.
"Manatla kreditə 29 faiz hədd limiti qoyulub. Amma eyni zamanda əmanətin cəlbi üçün də yüksək faiz tətbiq olunur. Yüksək faizli əmanətləri banklar aşağı faizlə kredit verməyə maraqlı deyil", deyə iqtisadçı gələcəkdə bankların riskə görə manatla kreditləşmədə daha yüksək faiz tələb edəcəyini istisna etmir.
"Nəyimə lazımdır"
Samir Abdulla bir neçə ildir ki, yerli banklarda "dörd rəqəmli məbləğdə" xarici valyuta ilə əmanət yerləşdirib. Əmanəti ilk dəfə qoyduğu "Texnika Bank" bağlanandan sonra Əmanətlərin Sığortalanması Fondundan pulunu geri ala bilib.
O deyir ki, əmanətini alandan sonra "iqtisadiyyatımıza dəstək verək, banklardan pulu çıxarmayın, ajiotaj etməyin" kimi çağırışlara riayət edərək pulunu "Bank Standart"a yerləşdirib. Onun sözlərinə görə, seçimini bankın əmanət faizləri yüksək olduğu, artım faizi və məbləğində məhdudiyyət olmadığına görə edib.
Əmanətçi bildirir ki, bankın sağlamlaşdırması haqqında qərar veriləndən sonra hesabının dondurulması barədə mediadan oxuyub. Bu haqda ona nə məhkəmə qərarı verilib, nə də əmanətinin gələcək aqibəti haqqında ona bankdan zəng edən və ya yazılı məlumat verən olub.
"Mediada deyirlər faiz hesablanacaq. Daha mən o pulu alıb istifadə edə bilməyəndən sonra nəyimə lazımdır onun hesablanması", Samir Abdulla baş verənləri "vətəndaşın vaxtını yalandan uzatmaq" kimi dəyərləndirir.
Samir Abdulla əlavə edir ki, bir aydan sonra hüquqlarının bərpası üçün mümkün bütün instansiyaları keçmək istəyir.
Taktika

Şəklin mənbəyi, Courtesy photo
Bank sektoru üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov isə deyir ki, banklar bu dəqiqə "ömürlərini uzatmağa çalışırlar ki, kimin borcu varsa, banka pulu qaytarsın". Ona görə də əmanət qoymazdan əvvəl bankın maliyyə hesabatlarını dərc etməsi məsələsinə diqqət etmək lazımdır.
"Maliyyə hesabatını dərc etmirsə, deməli gizlədiləsi bir şey var və vəziyyəti pisdir. Onların vəziyyətinin pis olması müştərilərinə bəlli olarsa, onlar borcu ödəməyi dayandıra bilər", o, əmanət qoyarkən iqtisadçılarla da məsləhətləşməyi təklif edir.
Əmanətlərin geri qaytarılmasına gəlincə hüquqşünas deyir ki, qanuna əsasən bankların sağlamlaşdırması müddəti maksimum bir il yarım davam edə bilər. Bu dövr ərzində məhkəmə qərarı əsasında bütün əmanətçilərin pulu dondurulur və onların pulu götürməsi üçün məhkəməyə müraciətini "mümkünsüz edir".
"İl yarımdan sonra ya dövlət gərək o bankın əmanətçilərinin pulunu versin, ya da bankı bağlasın ki, Əmanətlərin Sığortası Fondu versin pulu", Əkrəm Həsənov əmanətçilərin belə hallardan sığortalanması üçün hər hansı prosedur və ya hüquqi bazanın olmadığını vurğulayır.
Əkrəm Həsənov fikirləşir ki, sağlamlaşdırma haqqında verilən qərar "yalnız Əmanətlərin Sığortalanması Fondunun vaxt udması üçün bir taktikadır" ki, bu da insanların banka etimadını azaldır.
"Texnika Bank"ın əmanətlərini qaytarmaq üçün fond Mərkəzi bankdan kredit aldı. İndi isə qurum əmanət həcminə görə ölkədə ikinci yerdə duran bankın əmanətlərini geri qaytarmaq imkanında deyil", o əlavə edir.
Əmanətlərin sığortalanmasına dair qanuna görə, Mərkəzi Bank və dövlət Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun öhdəliklərinə görə məsuliyyət daşımır. Qanuna əsasən, fondun ehtiyacı yaransa, daxili maliyyə bazarlarından və Mərkəzi Bankdan borc ala bilər.
Bu il əmanətlərin sığortalanması haqqında qanuna edilən düzəliş əsasında əhalinin bank sektoruna etimadını bərpa etmək üçün banklardakı bütün əmanətlər sığortalanmış hesab olundu. Lakin fondun aktivləri, bağlanan banklardakı bütün əmanətlərin qaytarılması üçün kifayət deyil.




