Çevriliş cəhdi Türkiyəni iflic edə bilərmi?

Şəklin mənbəyi, Getty
- Müəllif, Firdevs Robinson
- Vəzifə, Jurnalist və bloqer, London
Cümə günü baş verən uğursuz çevriliş cəhdi Türkiyəni xaosa qərq edib. Üzə çıxan yeni təfərrüatlar göstərir ki, qiyamın miqyası, hökumətin ilk bəyanatında deyildiyi kimi, “kiçik qrupun” fəaliyyətilə məhdudlaşmır.
Yüksək rütbəli zabit və generallar da daxil olmaqla çevriliş iştirakçıları yaxşı təşkilatlanmış şəkildə ölkə boyu hərəkət ediblər.
Çevrilişin yatırıldığı barədə bayanatlara rəğmən mühüm hərbi birləşmələrdə təhlükəsizlik əməliyyatları və sporadik toqquşmalar barədə xəbərlər daxil olmaqdadır.
Fövqəladə vəziyyətin başlanmasından 3 gün keçmiş havada F-16 təyyarələri keşik çəkir. Ankara və İstanbul küçələrində isə zirehli texnika yerləşdirilib.
Qiyamçılara qarşı əməliyyatlar hərbçilərin həbsi ilə məhdudlaşmır. Hazırda 100 general, minlərlə zabit və əsgər saxlanılıb. Bundan əlavə 8000 polis əməkdaşı, 2700 hakim və prokuror işdən çıxarılıb.
Həmçinin oxu:
- Türkiyədəki çevriliş cəhdi niyə uğursuz oldu? 5 səbəb
- <link type="page"><caption> "Türkiyə azərbaycanlılar üçün artıq əvvəlki Türkiyə deyil"</caption><url href="http://www.bbc.com/azeri/analysis/2016/07/160718_turkish_coup_rashad_shirin" platform="highweb"/></link>
- <link type="page"><caption> Bakı sakinləri Türkiyə haqqında: "Dünəndən özümüzə gələ bilmirik"</caption><url href="http://www.bbc.com/azeri/multimedia/2016/07/160716_baku_turkey_vox" platform="highweb"/></link>
- <link type="page"><caption> Türkiyə haqqında şərhlərin 5 kateqoriyası</caption><url href="https://youtu.be/jS-0JpjaO3k" platform="highweb"/></link>

Şəklin mənbəyi, Getty
Həm ölkə daxilində, həm də xaricdə ifadə olunan narahatlıqlara əsasən hakimiyyəti əlində cəmləşdirmək istəyən hökumət bütün opponentlərinə qarşı geniş təqiblərə başlayıb.
Hücumun miqyası, F-16 və hərbi helikopterlər də daxil olmaqla ələ keçirilmiş müxtəlif silahlar, Parlament kimi önəmli hədəflərin seçilməsi və qurbanların sayı, Türkiyənin kəskin böhran yaşadığına dəlalət edir.
Daha bir narahatlıq dövlət müəssisələrinin az qala iflic edilməsi və zəif fəaliyyətilə bağlıdır. Bunun təhlükəsizlik fəsadları olduqca böyükdür.
Qiyamı kim təşkil etdi?
Bu, dövlət üçün həyati əhəmiyyət daşıyan bir böhrandır. Buna görə də çevrilişin hakimiyyəti cəmləşdirmək məqsədilə Prezident tərəfindən qurulduğu barədə iddialar inandırıcı görsənmir.
Bu arada qiyamın kim tərəfindən təşkil olunması ilə bağlı bir sıra suallar cavabsız qalır.
Hökumət onun arxasında vaxtilə Erdoğanın müttəfiqi olmuş, ABŞ-da mənzillənən Fethullah Gülenin durduğunu deyir.
Türkiyə ruhaninin ekstradisiyasını tələb edib.
Hərbiyyədəki Gülen tərəfdarlarının çevriliş cəhdində əli olması ehtimalı böyükdür.

Şəklin mənbəyi, aptn
Bəzi qiyam liderlərinin şəxsiyyəti ordu daxilindəki narazı qruplarla gülençilər arasında mümkün ittifaqın olduğunu deməyə əsas verir.
Vaxt seçimi
Məlumdur ki, gələn aya təyin olunmuş Ali Hərbi Şuranın toplantısında Gülen hərəkatı ilə bağlı olduğu güman edilən zabitlərin ordudan kənarlaşdırılması nəzərdə tutulurdu.
Bu, çevriliş cəhdinin vaxt seçimini qismən izah edir.
Hadisələr barədə aldığımız daha təfərrüatlı məlumat göstərir ki, çevriliş sərt müqavimətlə qarşılaşmasa daha uğurlu ola bilərdi.
O da məlumdur ki, qətlə yetirilməyin bir addımlığında olan Erdoğan olaydan salamat çıxa bilib.
Mobil telefonla Televiziya efirinə çıxan prezidentin küçələrə çıxmaq çağırışı həlledici rol oynamışdı. Bunun ardınca aparıcı partiyalar tərəfindən çevrilişin çevik şəkildə pislənməsi müxalifətin səfərbərliyinə təkan verdi.
Hökumət adamları küçələrdə qalmağa səsləyir. Gərginliyin artması və çıxışların tərdicən dini çalarlar alması şəraitində bu narahtlığa zəmin yaradır.
Əsgər və çevriliş cəhdinə rəğbət bəsləyənlərə qarşı qəddar hücumlar qanunçuluğun təcili şəkildə bərpasına ehtiyacı göstərir.
Hazırda əsas məqsəd ölkəni uçurumun astanasından geri çəkməkdir. Bunun ardınca isə Türkiyə kimi qüdrətli bir ölkənin bu həddə necə çatması, hökumətin rolu və məsuliyyəti ilə bağlı sual və cavablar veriləcək.




