Recep Tayyip Erdoğan - Türkiyənin amansız prezidenti

Erdoğan dəfələrlə medianı qərəzlilikdə ittiham edib

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Erdoğan dəfələrlə medianı qərəzlilikdə ittiham edib

Türkiyədə kimin hakimi-mütləq olduğu artıq sual doğurmur. Ölkənin amansız və zəhmli prezidenti Recep Tayyip Erdoğan baş nazir Ahmet Davutoğlunu istefaya vadar edib və indi onu daha üzüyola birisi ilə əvəzləməyə hazırlaşır.

Bu gözlənilməz hadisədən əvvəl bir xeyli müddət idi ki, cənab Erdoğan özünün mərasim funksiyası daşıyan prezidentlik vəzifəsinin səlahiyyətlərini genişləndirmək və bütün hakimiyyəti öz əlində cəmləşdirmək uğrunda qəddar kampaniya aparırdı. O jurnalistlərə, tənqidçilərinə və Kürdüstan İşçi Partiyasına (PKK) müharibə elan edib.

61 yaşlı prezident və onun hakim AK partiyası (AKP) Türkiyənin mühafizəkar, dindar kəsimi arasında son dərəcə böyük dəstəyə malikdir, lakin hökumət öz tənqidçilərini, çox vaxt da zorakılıqla susdurduğuna görə xarici aləmdə sərt tənqid edilir.

Türkiyə jurnalistlərinə qarşı cinayət işləri qaldırılır və məhkəmələr qurulur, xarici jurnalistlər isə təqib edilərək, ölkədən deportasiya olunurlar.

Ötən ay polis Türkiyənin ən böyük qəzeti “Zaman”ın redaksiyasına reyd keçirib. Əməkdaşlar döyülmüş və qana bulaşmış halda binanı tərk ediblər.

Müstəqil “Zaman” qəzetinin son nömrələrindən birində baş verənlər Türkiyənin “qaranlıq günləri” adlandırılıb. Qəzetin hökumətin nəzarəti altında çıxan yeni nömrəsində isə artıq Erdoğanın portreti tərifli sözlərlə birlikdə birinci səhifəni bəzəyirdi.

Cənab Erdoğanın avtoritarlığı təkcə Türkiyənin sərhədləri ilə məhdudlaşmır. Onun cangüdənləri ABŞ-da jurnalistləri hədələyir, alman satiriki isə öz vətənində Türkiyə başçısının tələbi ilə məhkəməyə verilir.

Cənab Erdoğan hakimiyyətə 2002-ci ildə, AKP-nin yaradılmasından bir il sonra gəlib. O 2014-cü ilin avqustunda Türkiyənin ilk seçkili prezidenti olanadək 11 il müddətində baş nazir postunu tutub.

2015-ci ilin seçkisində AKP ciddi uğursuzluğa düçar olub və hökumət koalisiyası yarada bilməyib. Lakin noyabrda keçirilən növbədənkənar seçkidə partiya inamlı qələbə ilə parlamentdəki çoxluğunu bərpa edə bilib. Bundan bir qədər əvvəl PKK-ya qarşı silahlı əməliyyatlara başlanmışdı.

Erdoğanın hakimiyyət zirvəsinə yüksəlişi

1970-1980-ci illərdə islamçı dairələrdə fəal olan Erdoğan, Necmettin Erbakanın Rifah Partiyasının üzvü idi

1994-1998 – Hərbiyyə hakimiyyəti ələ alanadək İstanbul meri

1998 – Rifah Partiyası qadağan olunub, Erdoğan dini nifrəti qızışdırdığına görə 4 ay müddətinə azadlıqdan məhrum edilib

2001 – Müttəfiqi Abdullah Güllə birlikdə islamçı köklərə malik AKP-ni qurub

2002-2003 - AKP parlament seçkisində inamlı qələbə qazanıb və Erdoğan baş nazir təyin edilib

2014 – İlk dəfə keçirilən birbaşa prezident seçkilərində qalib gəlib və dövlət başçısı olub

Hərbiyyə ilə mübarizə

2013-cü ilin aprelində Ergenekon işi üzrə məhkəmədə polis etirazçılarla toqquşub

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, 2013-cü ilin aprelində Ergenekon işi üzrə məhkəmədə polis etirazçılarla toqquşub

AKP hakimiyyətə gələnədək ölkə hərbiyyəsi islamçı təsirləri boğmaq məqsədilə 4 dəfə siyasətə müdaxilə etmişdi.

2013-cü ildə ordunun 17 yüksək rütbəli zabiti ömürlük həbs cəzasına məhkum edildikdən sonra Erdoğan hərbiyyə üzərində təntənəli qələbə qazandı. Hərbçiləri “Ergenekon” kimi tanınan iş çərçivəsində məhkum etmişdilər.

Onlardan başqa yüzlərlə daha aşağı rütbəli zabit də mühakimə edilmişdi. Onları “Dağ baltası” deyilən iş üzrə mühakimə etmişdilər.

2011-ci ildə “Dağ baltası” işi üzrə 200 zabit həbs ediləndə Türkiyə ordusunun başçıları etiraz olaraq istefa verdilər.

Tənqidçilər isə Erdoğanı, özünün siyasi opponentlərini susdurmaq üçün qondarma ittihamlarla ədliyyədən istifadə etməkdə suçlayırdılar.

Lakin tərəfdarları bir vaxtlar Türkiyə hakimiyyətinin toxunulmazları üzərində qələbəni bayram edirdilər. O vaxtadək ordu Mustafa Kemal Atatürkün yaratdığı dövlətin keşikçisi sayılırdı.

Gezi Parkı etirazları

2013-cü ilin iyununda müxalifət İstanbulda keçirdiyi kütləvi etiraz aksiyaları ilə Erdoğana meydan oxumuşdu

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, 2013-cü ilin iyununda müxalifət İstanbulda keçirdiyi kütləvi etiraz aksiyaları ilə Erdoğana meydan oxumuşdu

Cənab Erdoğan artıq bu vaxt etirazları yatırtmaq üçün dövlətin gücündən istifadə etdi. Bu etirazlar ictimai istirahət yeri olan Gezi Parkının tikinti üçün sökülməsinə qarşı yönəlmişdi.

Etirazlar, həm də AKP-nin antidünyəvi siyasətinə qarşı çıxanların duyğularına uyğun idi. Aksiyalar ölkənin bir sıra başqa şəhərlərinə də yayılmışdı.

2013-cü ildə Erdoğan hökuməti ciddi korrupsiya ittihamları ilə üzləşməli olmuşdu. O vaxt onun nazirlərindən üçünün oğulları da daxil olmaqla bir çox adamlar həbs edilmişdilər.

Cənab Erdoğan bu ittihamların xaricdən qaynaqlandığını bəyan edərək Fethullah Gülenin tərəfdarlarını ittiham etmişdi. Elə bu vaxt Erdoğan artıq sosial media üzərinə hücuma keçmiş, Twitteri yer üzündən “siləcəyini” elan etmişdi.

Onun döyüşkən xarizması Anadolunun kiçik şəhər və kəndlərində yaşayan bir çox türklərin ürəyinə yatır.

Lakin onun reputasiyasına 2014-cü ilin mayında daha bir zərbə dəymişdi. Onu Türkiyənin qərbindəki Soma mədənində 301 nəfərin ölümü ilə nəticələnmiş qəzaya soyuq münasibətdə günahlandırırdılar.

Müsəlman dirçəlişi

Erdoğanın xanımının baş örtüyü bəzi dünyəviçiləri qıcıqlandırır

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Erdoğanın xanımının baş örtüyü bəzi dünyəviçiləri qıcıqlandırır

Cənab Erdoğan ölkəyə İslam dəyərlərini qəbul etdirmək niyyətində olduğunu inkar edir və bildirir ki, dünyəviliyə sadiqdir. Lakin o izah edir ki, türklərin öz dinlərinə açıq şəkildə sitayiş etməsinə imkan yaradır.

Bu mesaj AKP-nin elektorat mənasında istehkamı olan Anadolunun ucqarlarında yaxşı qarşılanır. Bəzi tərəfdarları Osmanlı imperiyasının qüdrətini xiffətlə yada salaraq Erdoğanı “sultan” adlandırırlar.

2013-cü ilin oktyabrından qadınların dövlət idarələrində baş örtüyü geyinməsinə olan qadağan ləğv edilib. Amma ədliyyə, hərbiyyə və polis istisna təşkil edir.

Erdoğanın arvadı Emine rəsmi tədbirlərə hicabla qatılır. Erdoğandan əvvəl prezident olmuş Abdullah Gülün də arvadı baş örtüyü ilə görünürdü.

Bəzi tənqidçilər, həmçinin Erdoğanın ər-arvad xəyanətini kriminallaşdırmaq, “alkoqolsuz zonalar” yaratmaq kimi cəhdlərini onun islami niyyətlərinin göstəricisi kimi diqqətə çəkirlər.

Saray arzuları

Ankarada cənab Erdoğan üçün ucaldılmış saray söz-söhbətə səbəb olub

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Ankarada cənab Erdoğan üçün ucaldılmış saray söz-söhbətə səbəb olub

Cənab Erdoğanın tənqidçiləri deyirlər ki, Ankaradakı dəbdəbəli prezident sarayı onun avtoritar ambisiyalarının rəmzinə çevrilib.

Ankara ətrafındakı yüksəklikdə tikilmiş 1000 otaqlı Ak Saray istər Ağ Evdən, istərsə də Kremldən böyükdür, amma smeta dəyəri olan 615 milyon dollardan xeyli bahaya başa gəlib.

Cənab Erdoğan özünün siyasi uğuruna görə əsasən ötən onilliyin iqtisadi sabitliyinə minnətdar olmalıdır. O vaxt ölkə iqtisadiyyatı ildə 4, 5 faiz artım nümayiş etdirirdi.

Bu müddətdə Türkiyə sənaye ölkəsinə və enerji qovşağına çevrilib. AKP hökuməti inflyasiyanı nəzarət altında saxlaya bilib. Bu, xüsusilə əhəmiyyətli məqam idi, çünki 1990-cı illərdə inflyasiyanın 100 faizi keçdiyi vaxtlar olmuşdu.

Lakin 2014-cü ildə iqtisadiyyat axsamağa başlayıb və artım 2, 9 faizə enib, işsizlik 10 faizə yüksəlib.

Beynəlxalq səhnədə isə Erdoğan əvvəllər Türkiyənin çox güclü müttəfiqi olan İsraili fələstinlilərlə rəftarına görə kəskin tənqid edirdi. Bu siyasət onun ölkədəki islami bazasını elektrikləşdirməklə yanaşı, həm də ona bütün Yaxın Şərq boyunca populyarlıq qazandırıb.

O, Suriyada müxalifətin prezident Əsədə qarşı qiyamını dəstəkləyib.

Lakin onun Türkiyənin şərqindəki kürdlərlə münasibətləri, o Suriya kürdlərinə İslam Dövlətinə qarşı mübarizədə köməkdən imtina etdikdən sonra əsaslı şəkildə korlanıb.

İslami təhsil

Erdoğan 2002-ci il seçkisinin ardınca baş nazir olub

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Erdoğan 2002-ci il seçkisinin ardınca baş nazir olub

Recep Tayyip Erdoğan 1954-cü ildə Qara dəniz sahil keşikçisinin ailəsində anadan olub.

Onun 13 yaşı olanda atası uşaqlarına daha yaxşı güzaran yaratmaq üçün ailəsi ilə İstanbula köçüb.

Yeniyetmə ikən Erdoğan bir azca pul qazanmaq məqsədilə İstanbulun xatalı küçələrində limonad və küncütlü kökə satmaqla məşğul olub.

O Marmara Universitetində menecment üzrə dərəcə alanadək dini təhsil görüb və peşəkar futbol oynayıb. Universitetdə ikən ErdoğanTürkiyənin ilk islamçı baş naziri Necmettin Erbakanla tanış olub və Türkiyənin islamçı hərəkatına qoşulub.

1994-cü ildə Erdoğan İstanbul meri olub. Hətta onun tənqidçiləri də bu işi yaxşı bacardığını, İstanbulu daha təmiz və daha yaşıl şəhərə çevirdiyini etiraf edirlər.

Lakin o, 1999-cu ildə dini nifrəti qızışdırmaq ittihamı ilə 4 ay müddətinə azadlıqdan məhrum edilib.

O ictimai toplantıda millətçi bir şeir oxumuşdu. Bu şeirdə “məsçidlər qışlalara, gümbəzlər dəbilqələrə və minarələr toplara” bənzədilirdi.

2001-ci ildə Erdoğan Fəzilət Partiyasından qırılan müttəfiqləri ilə birlikdə AKP-ni təsis edib.

Onun hakimiyyət zirvəsinə yürüşü 2002-ci ildə AKP böyük səs fərqi ilə qələbə qazananda başa çatıb və o baş nazir olub.