Davutoğlu hakim partiyanın sədri vəzifəsinə namizədliyini irəli sürməyəcək

Cənab Davutoğlu prezident Erdoğana sadiq qaldığını bildirib

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Cənab Davutoğlu prezident Erdoğana sadiq qaldığını bildirib

Türkiyənin baş naziri Ahmet Davutoğlu bildirib ki, bu ay hakim AK partiyasının fövqəladə konqressində partiya lideri vəzifəsinə öz namizədliyini irəli sürməyəcək.

Davutoğlunun cənab Erdoğanın Türkiyəni prezident respublikasına çevirmək məqsədindən narazı olduğu güman edilir.

Lakin o, çıxışında israr edib ki, cənab Erdoğana loyaldır və heç kimə açıqlı deyil.

Onun xələfi mayın 22-də Konqresin növbədənkənar qurultayında seçiləcək.

Davutoğlunun xələfi qismində Nəqliyyat naziri Binali Yildirim və Erdoğanın kürəkəni olan Energetika naziri Berat Albayrakın adları çəkilir.

Prezidentin yardımçısı Cemil Ertem bildirib ki, yeni lider təyin ediləcəyindən təkrar seçkilər keçirilməyəcək.

Ertem həmçinin qeyd edib ki, ölkə və onun iqtisadiyyatı "prezident Erdoğana daha bağlı olan yeni baş nazirdən sonra" stabilləşəcək.

Çərşənbə günü cənab Davutoğlu və cənab Erdoğan iki saatlıq görüş keçirib.

Cənab Davutoğlu deyib ki, o, AKP-ni parçalamağa çalışmayacaq və partiyanın qanunvericisi kimi çalışmağa davam edəcək.

Təhlil

Türkiyədə BBC müxbiri Mark Lowen yazır kı, Recep Tayyip Erdoğan Atatürkdən sonra Türkiyənin ən güclü lideri sayıla bilər.

Türkiyədə 11 il baş nazir olmuş və 2014-cü ildə prezident seçilmiş Erdoğan Türkiyənin siyasi sistemini prezident üsul-idarəsinə kökləmək niyyətindədir.

Erdoğan deyir ki, bu sistem Türkiyəni daha güclü edəcək, lakin eyni zamanda onun hakimiyyəti də güclənəcək.

Tərəflər arasında bu ziddiyyət açılıb-ağardılmasa da, BBC müxbirinin qeyd etdiyi kimi, necə deyərlər, onun əlamətləri getdikcə güclənməkdədir.

Prezident seçildikdən sonra Erdoğan güman etdiyi kimi ona tabe olacaq keçmiş xarici işlər naziri və alim olan Ahmet Davutoğlunu baş nazir təyin etdi.

Lakin görünür, onun ümidləri doğrulmur.

Prezidentlik sisteminə ictimai dəstəyin dəyişkən olduğunu, bu reallaşarsa səlahiyyətləri nəzərəçarpan dərəcədə zəifləyəcəyini nəzərə alan və Erdoğanın qərarları ilə getdikcə daha çox razılaşmayan baş nazir narazılığını açıq bildirmir.

Davutoğlu baş nazir kimi öz rolunun zəifləməsinə razı deyil.

Davutoğlunun təsirinin zəifləməsinə dəlalət edən məqamlardan biri, AK partiyanın regional rəsmilərinin təyin edilməsi səlahiyyətindən məhrum edilməsi olub.