Joe Biden 1915-ci il hadisələrini "soyqırım" olaraq tanıdı

Şəklin mənbəyi, EPA
ABŞ Prezidenti Joe Biden Ağ Evin rəsmi saytında verilən açıqlamada 1915 hadisələrini "soyqırım" kimi tanıdı. Putinlə Paşinyan "Qarabağı müzakirə ediblər", Şuşada II Dünya müharibəsinin abidələri "bərpa olunur"- bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
ABŞ Prezidentindən "soyqırım" açıqlaması
ABŞ Prezidenti Joe Biden Ağ Evin rəsmi saytında verilən açıqlamada 1915 hadisələrini "soyqırım" kimi tanıdı.
Beləliklə, Biden 1981-ci ildəki açıqlamasında eyni sözü işlədən Ronald Reagan-dan bəri "soyqırım" ifadəsini istifadə edən ilk ABŞ prezidenti olub.
"Amerika xalqı 106 il əvvəl başlayan soyqırımı nəticəsində ölən bütün ermənilərin xatirəsini yad edir," - ABŞ Prezidentinin açıqlamasında deyilir.
Türkiyənin Xarici işlər naziri Biden-in 1915-cil hadisələri ilə əlaqədar "soyqırım" ifadəsini istifadə etməsini tənqid edib.
"Tariximiz barədə kimsədən dərs alası deyilik. Siyasi fürsətçilik əminamanlıq və ədalətə ən böyük xəyanətdir. Tək söykənəcəyi populizm olan bu ifadəni tamamilə rədd edirik, " - Mevlüt Çavuşoğlu, öz Twitter paylaşımında deyib.
Biden-in açıqlamasına Hakim AKP partiyasının nümayəndəsi da sərt reaksiya verib.
"Tarixi həqiqətlər siyasi gözləntilər naminə yalanlarla dəyişdirilə bilməz. Şanlı tariximizdə heç bir erməni soyqırımı yoxdur və əsla olmamışdı!", - Numan Kurtulmuş Twitter-dəki paylaşımında yazıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan Biden-in sözlərinin ölənlərin "xatirəsinə hörmət" ifadəsi olduğunu deyərək, əlavə edib ki, Birləşmiş Ştatlar bir daha insan "haqlarının və ümumbəşəri dəyərlərin" qorunmasına "sadiqliyini nümayiş etdirdi."
Həmçinin oxuyun
Bundan əvvəl ABŞ mediası və Reuters agentliyi bildirib ki, Biden Erdoğana telefon zəngi zamanı deyib ki, "erməni soyqırımını tanımaq ehtimalını nəzərdən keçirir".
Telefon danışığından bir gün əvvəl Reuters informasiya agentliyi və aparıcı ABŞ qəzetləri Wall Street Journal, New York Times və Washington Post, ABŞ administrasiyasındakı mənbələrinə istinadən, Biden-in 1915-ci il hadisələrini "soyqırım" kimi tanıyacağını bildirmişdilər.
Bir müddət sonra Amerika mediasına telefon danışığın təfərrüatları sızdırılmışdır. "Administrasiyaya yaxın mənbədən alınan məlumata görə, cümə günü Biden öz türkiyəli həmkarına deyib ki, ermənilərin 1915-ci il qırğınını soyqırım kimi tanımağı planlaşdırır", - bu barədə ilk məlumat verənlərdən biri olan Bloomberg agentliyi xəbər verib.

Şəklin mənbəyi, Getty Images
CNN isə öz "yaxın mənbələri"nə istinadən, söhbətin "gərgin" şəraitdə keçdiyini bildirir.
Telefon söhbətiylə bağlı hər iki tərəfin rəsmi açıqlamalarında mediada yayılan iddialar barədə məlumat verilmir.
Cümə axşamı günü Türkiyə Prezidenti deyib ki, o, "həqiqəti "erməni soyqırımı" yalanlarından və siyasi hesablamalarla bu böhtanı dəstəkləyənlərdən müdafiə etməyə davam edəcək". Recep Tayyip Erdoğan bu barədə Prezident yanında Ali Məşvərət Şurasının toplantısında çıxış edərkən danışıb.
Bu günədək ABŞ prezidentləri 1993-cü ildə Bill Clinton hakimiyyətə gələndən bəri 24 aprel 1915-ci il hadisələrinin ildönümü münasibətilə öz yazılı bəyanatlarında "Mets yeğern", yəni "Böyük fəlakət" termini işlədirlər.
1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin kütləvi deportasiyası və öldürülməsi Rusiya, Almaniya, Fransa, Kanada və dünyanın bir sıra digər ölkələrində "soyqırım" kimi tanınıb. Türkiyə həmin hadisələrin belə qələmə verilməsinə daim etiraz edir və deyir ki, qurbanlar bütün tərəflərdən olub.

Şəklin mənbəyi, Kremlin.ru
Putin və Paşinyan "Qarabağı müzakirə ediblər"
Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında, "erməni tərəfinin təşəbbüsü" ilə telefon danışıqları aparılıb, Rusiya prezidentinin mətbuat xidməti bildirir.
Tərəflər Qarabağda yaranmış vəziyyəti və enerji sektorundakı ikitərəfli əməkdaşlıq məsələlərini də müzakirə ediblər, rəsmi məlumatda deyilir.
"Rusiya sülhməramlılarının səyləri sayəsində bölgədəki vəziyyətin sabit və sakit qaldığı məmnuniyyətlə qeyd olunub".
Məlumata əsasən, Nikol Paşinyan, həmçinin iyunda keçirilməsi planlaşdırılan erkən parlament seçkiləri ilə əlaqədar Ermənistandakı daxili siyasi vəziyyətin inkişafı "barədə məlumat verib", deyə Kremlin açıqlamasında bildirilir.
Rəsmi məlumatda aprel ayının əvvəllərində Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında da telefon danışıqlarının yer aldığı qeyd olunur.
Şuşada II Dünya müharibəsinin abidələri "bərpa olunur" - Rusiya hərbçiləri

Şəklin mənbəyi, Mil.ru
Rusiyalı sülhməramlılar İkinci Dünya Müharibəsinin ildönümü ərəfəsində Qarabağdakı abidələrin bərpası ilə bağlı aksiyanı davam etdirirlər. Bu barədə Rusiya Müdafiə Nazirliyi bildirir.
Şənbə günü yayılan açıqlamaya əsasən, Şuşa şəhərinin sakinləri rusiyalı sülhməramlıları ilə birlikdə İkinci Dünya müharibəsi iştirakçılarına qoyulan monumental abidə kompleksinin elementlərinin təmizlənməsi və rənglənməsi, eləcə də bitişik ərazinin nizamlanması üzrə işlər aparırlar.
"Bir ay əvvəl Zaqafqaziya bölgəsindəki Böyük Vətən müharibəsi qəhrəmanları və iştirakçılarına abidələrin sahmana salınması kimi çox vacib bir layihəyə başladıq. 70-dən çox abidəni qeydiyyatdan keçirdik. Bu gün onlardan 50-dən çoxu nizama salınıb, " - Rusiya sülhməramlı kontingentinin komandan müavini, general-mayor Sergey Jmurin deyib.
Məlumata əsasən, aparılan işlərdə yerli sakinlər və Rusiya sülhməramlı kontingentinin Humanitar Mərkəzinin hərbçiləri iştirak edirlər.
"Bu gün biz Şuşa şəhərinin ərazisindəyik, burada da Böyük Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş abidə var. Azərbaycan tərəfi, sülhməramlılarla birlikdə onu qaydaya salır. Bu iş təkcə ayrı-ayrı məntəqələrdə deyil, bütün bölgə boyu da davam etdirilir."
Azərbaycanla Ermənistan arasında 44 gün davam edən müharibəyə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında noyabrın 9-da imzalanan üçtərəfli bəyanatla son qoyulub. Həmin rasılaşmaya əsasən, bölgəyə rus sülhməramlıları gətirilib.







