24 aprel açıqlaması: Biden üçün “soyqırım” ifadəsini istifadə etmək nəyə görə vacibdir?

joe biden

Şəklin mənbəyi, Reuters

ABŞ Prezidenti Joe Biden, 24 aprel 1915 hadisələrinin ildönümü ilə bağlı açıqlamasında "soyqırım" ifadəsini istifadə etməyə hazırlaşır, media xəbər verir.

Beləliklə, Biden 1981-ci ildəki açıqlamasında eyni sözü işlədən Ronald Reagan-dan bəri "soyqırım" ifadəsini istifadə edən ilk ABŞ prezidenti olacaq, BBC News Türkçe saytındakı məqalənin müəllifi yazır.

İrem Köker öz təhlilində iki il əvvəl ABŞ Konqresinin hər iki qanadının, 1915-ci ildəki hadisələri "soyqırım" olaraq tanıyan qətnamələrin qəbul edildiyini xatırladır.

23 Apreldə Joe Biden, vəzifəyə gəldikdən sonra, Prezident Recep Tayyip Erdoğanla ilk dəfə olaraq telefon danışığı aparıb. Görüşlə bağlı Ağ Ev-in yaydığı açıqlamasında 1915-ci il hadisələri ilə bağlı heç bir məlumat verilməyib. Bir müddət sonra isə ABŞ mediasına və Reuters xəbər agentliyinə görüşlə bağlı təfərrüatların sızdırıldığı məlum olub, təhlildə deyilir.

Xəbərlərə əsasən, Biden Erdoğana 1915 hadisələrini "erməni soyqırımı" kimi tanıyacağını söyləyib.

Mütəxəssislərə əsasən, "soyqırım" terminin beynəlxalq hüquqa 1946-cı ildə daxil olduğundan belə tanınmanın Türkiyəyə heç bir hüquqi təsiri olmayacaq. Bununla birlikdə, Biden-in vəzifəyə gəldiyi gündən bəri, "soyqırım" barədə mülahizələrin siyasi əhəmiyyətinin artdığı qeyd olunur.

'Bu ifadənin istifadəsi çox önəmlidir"

ABŞ-dakı İllinois Universitetinin Siyasət Fakültəsindən Dr. Sibel Oktay bu ifadənin istifadəsinin olduqca önəmli olduğunu hesab edir.

"Indiyədək həm Demokrat, həm də Respublikaçı Prezidentlər, Türkiyə ilə əlaqələri korlamamaq üçün bu mövzuda daima açıq mövqe tutmaqdan çəkiniblər. Biden-in bu məqamda keçmişdən olduqca fərqli bir istiqamət seçdiyini görürük. Düşünürəm ki, bununla Türkiyəyə "sizin bu həssaslığınız artıq bizim siyasətimizi formalaşdıracaq" siqnalı göndərilmiş oldu", - Dr. Sibel Oktay deyir.

"Əlbəttə, həm ABŞ, həm də Türkiyə, ikitərəfli əlaqələrini davam etdirmək istəsələr, bu əlaqələrin tarixi və çoxölçülü olduğu və bu qərarın ikitərəfli münasibətləri pozmayacağını iddia edəcəklər. Ancaq bu ifadənin istifadəsi Türkiyənin həssaslığına açıq şəkildə məhəl qoyulmadığını göstərir".

Joe Biden-in, 20 Yanvarda vəzifəyə başladığı gündən bəri Türkiyə ilə ABŞ arasında gərgin dönəm yaşanmaqdadır, İrem Kökenin yazdığı təhlildə deyilir.

ABŞ rəsmiləri Türkiyədəki insan haqları vəziyyəti ilə əlaqədar daha tənqidi yanaşma nümayiş edirlər.

Bundan əlavə, Receb Tayyip Erdoğanın Biden-in vəzifəyə gəlməsindən sonra ilk mərhələdə əlaqə qurduğu dünya liderləri arasında olmaması və onunla ilk telefon təmasının üç ay sonra qurulması əlaqələrdəki soyuqluğun təzahürü kimi qiymətləndirilir.

"Bu qərarıyla o, həm əvvəlki dövr qanunverici orqanın tutduğu mövqeyi dəstəklədi, həm də seçki vədini yerinə yetirmiş oldu. Zənnimcə, ən başlıcası, bu qərarla "Erməni Soyqırımı" məsələsi Türkiyə ilə ABŞ arasında girov olmaqdan qurtuldu", - Dr. Sibel Oktay deyir.

Biden, kampaniya dövründə "Erməni Soyqırımını tanıyacağını" vəd etmişdir.

Türkiyə, Biden-in "soyqırım" ifadəsini istifadə edəcəyi barədə xəbərlərə sərt reaksiya verib.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Fahrettin Altun 1915-ci il hadisələrinin "soyqırım" kimi tanınmasının "həqiqətlərlə heç bir əlaqəsi olmayan və yalnız siyasi hesablamalara söykənən böhtan" kimi səciyyələndirib, BBC News Türkçe saytındakı məqalədə deyilir.

ABŞ rəhbərliyi, Bill Clinton-un dövründən bəri 24 aprel tarixində anım açıqlaması ilə çıxış edir. Barack Obama və Donald Trump da daxil, prezidentlərin bəyanatlarında "Mets Yeğern" (Böyük Fəlakət) sözü istifadə edilib.