Şəhərlər avtomobillərə necə üstün gəlir?

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Francesca Perry
- Vəzifə, BBC
Bütün dünyada şəhərlər karantin zamanı küçələrdə yanacaqla işləyən avtomobillərin sayının azalmasının şahidi olub. Bir çox şəhərlər indi bu cür vəziyyətin davam etməsini arzulayır. Dünya boyu karantin şəraitində boşalmış şəhər küçələri sakit və təmiz məkana çevrilib. Hazırda şəhər küçələrində ən az gözə dəyən məhz avtomobillərdir.
Bu cür vəziyyət karbon qazı, azot dioksidi və kiçik bərk hissəciklərdən ibarət tullantıların atmosferdə payının kəskin azalmasına səbəb olub. Bəzi şəhərlər boşalmış küçələri sosial məsafə qaydasını təmin etmək üçün müvəqqəti olaraq piyada və velosiped zonalarına çevirib. Bu arada, İtaliyada koronavirus epidemiyasının episentri olan Milan şəhər küçələrinin 35 kilometrini karantindən sonrakı dövrdə velosiped sürmək üçün ayrılacağını açıqlayıb.
Görəsən, indiki pandemiya, qlobal fövqəladə vəziyyət, həqiqətən, hazırkı hərəkatı daha təmiz hava hədəfinə yönəldə bilərmi və dəfələrlə avtomobillərə üstün gəlməyə çalışan şəhərlər üçün Milan nümunəsi örnəyə çevrilə bilərmi?

- BİLİRSİNİZMİ? - Koronavirus: Nə dərəcədə narahat olmalı?
- AZƏRBAYCANDA KORONAVİRUS- SON RƏQƏMLƏR
- DÜNYA XƏRİTƏSİ - Koronavirus - dünya üzrə rəqəmlər bu səhifədə canlı yenilənir
- QORUNMA YOLU - Koronavirus: Qorunmaq üçün nə etməli?
- COVID-19 VƏ MİFLƏR - Covid-19 və ibuprofen: koronavirusa qarşı dərmanlarla bağlı mif və həqiqətlər
- MASKALAR - Koronavirus: maskaları kim, harada və necə taxmalı?
- KORONAVİRUS VƏ ORUCLUQ -Ramazanda koronavirus tədbirləri: Ümumdünya Səhiyyə Təşkilatı nələri tövsiyə edir?

Ətraf mühit üçün pandemiyanın təsiri təəccüb doğurur. Karbon qazı emissiyasının illik həcmi rekord (5,5-5,7 faiz) dərəcədə azalmaya doğru gedir. Yanvar ayının ortalarından fevral ayının ortalarına qədər Çində karbon qazı emissiyası təxminən 25 faiz azalıb. Bir çox hallarda dünyanın ən aşağı keyfiyyətli havası olan Delhidə tıxaclar 59 faiz azalarkən PM2.5 hissəciklərinə görə yaranan hava çirklənməsi təxminən 75 faiz aşağı enib.
Parisdə zəhərli azot oksidlərinin miqdarının 70 faiz azalması barədə məlumat verilib, peyk şəkilləri isə göstərib ki, Milanda azot dioksidi səviyyəsi təxminən 40 faiz azalıb. Böyük Britaniyada yol daşımaları 73 faiz azalıb, Londonda isə əsas magistrallarda və yolayrıclarında zəhərli tullantılar təxminən 50 faiz aşağı enib.
Avtomobillərdən istifadənin azalması ilə yanaşı, ictimai nəqliyyatdan da daha az istifadə olunur. Xidmətlər məhdudlaşdırılıb, səyahət ehtiyacları azalıb, onlardan istifadə edilməsiylə bağlı ictimai qorxu isə artıb. Koronavirus epidemiyasının başladığı Uhan da daxil, Çinin bəzi şəhərləri, infeksiya riskini azaltmaq üçün ictimai nəqliyyatın işini tamamilə dayandırıb. Şəhər nəqliyyatından istifadə tətbiqi olan Moovit sərnişin sayının dünyada orta hesabla 78 faiz və məsələn, Milan və Romada isə 89 faiz azaldığını göstərib.

Şəklin mənbəyi, Reuters
Avtomobillərdə, avtobuslarda və qatarlarda səfərlər azalan yerlərdə, velosipedlərin hərəkəti fəallaşır. Təcridi təmin edən bir ayrıca nəqliyyat, həm də fiziki fəallıq növü kimi velosiped bir sıra şəhərlərdə daha cəlbedici olub. Mart ayında velosipeddən şərikli istifadə sistemi Pekində 150 faiz, New Yorkda isə 67 faiz artıb, eyni zamanda New Yorkda əsas magistrallarda velosiped sürmə 52 faiz artıb. Bununla yanaşı, velosiped hərəkətinin sıxlığı Filadelfiyada 151 faiz artıb, aprel ayında isə Dundee şəhərində velosiped trafiki 94 faiz artıb.
İndi daha çox velosipedlərin sayının küçələrdə artdığı vaxtda və sosial məsafənin təmin olunmasını asanlaşdırmaq üçün bəzi yerlərdə müvəqqəti velosiped yolları çəkilir və ya yollar avtomobildən istifadə üçün bağlanır. Küçələrdə velosiped yolları Berlin, Budapeşt, Mexiko, New York, Dublin və Boqota kimi şəhərlərdə çəkilib. Yeni Zelandiyadan tutmuş Şotlandiyaya qədər hökumətlər pandemiya şəraitində müvəqqəti velosiped və piyada yollarının tikintisinə vəsait ayırıb. Brüsseldə bütün şəhər mərkəzi mayın əvvəlindən qarşıda gələn aylar üçün velosipedçilər və piyadalara prioritet verilən sahəyə çevriləcək. Bununla yanaşı, avtomobillər üçün küçələrin müvəqqəti bağlanması Brighton, Boqota, Köln, Vankuver və Sidneydə, həmçinin Boston, Denver və Oakland da daxil, ABŞ-ın bir çox şəhərlərində tətbiq olunub. İngiltərədə avtomobillərin üzünə küçələri daha sürətli qaydada bağlamaq üçün yerli rayon bələdiyyələri qarşısında mövcud olan məhdudiyyətlər qaldırılıb.
Amma bu, əlbəttə ki, müvəqqəti tədbirlərdir. Karantin rejimi ləğv olunduqdan sonra görəsən, nə olacaq?
Güman edilir ki, nəqliyyatın işi bərpa olunan kimi insanlar davam edən virus qorxusu fonunda ictimai nəqliyyata yox, məhz şəxsi avtomobillərə üstünlük verəcəklər, nəticədə tıxacların sayı və havaya atılan tullantıların həcmi bəlkə də, əvvəlkindən daha çox səviyyədə artacaq. Pekin və Şanxay da daxil olmaqla, Çin şəhərlərində bu artıq baş verir.

Şəklin mənbəyi, Getty Images
Məhz bunu nəzərə alan Milan pandemiya ilə əlaqədar avtomobillərə alternativ olan növlərə dəstək vermək üçün dəyişikliklər planını açıqlayıb.
"Hava çirklənməsinin və şəxsi avtomobillərdən həddindən artıq istifadəsinin qarşısını almaq üçün Milan şəhəri velosipedlərin istifadəsini təşviq edəcək", - şəhər rəsmiləri bildirib.
Hərəkət məhdudiyyətləri aradan qaldırıldıqca, hökumət velosiped yollarının tikintisinə başlayacaq, eyni zamanda, nəqliyyatın hərəkətinin sürət həddi endiriləcək və piyadalar üçün ayrılan səkilərin sahəsi genişləndiriləcək.
Bu, avtomobillərə qadağa qoyulması demək deyil, lakin indiki pandemiya həqiqətən, uzunmüddətli perspektivdə ətraf mühit baxımından diqqəti nəqliyyatın daha davamlı formalarına istiqamətləndirir. Görəsən, digər şəhərlər də bu yolla gedə bilərlərmi?
Janette Sadik-Khan New York-un nəqliyyat üzrə keçmiş komissarı və Bloomberg Associates-in direktoru Milan və digər şəhərlərlə "nəqliyyatın bərpası" proqramları üzərində işləyir.
"Pandemiya bizə meydan oxuyur, lakin eyni zamanda o, həm də kursu dəyişdirmək və bir əsr müddətində avtomobillərə qulluq edən küçələrin vurduğu zərəri düzəltmək üçün nadir şans verir, - o deyir. – "Yaranmış fürsətdən yararlanaraq insanlar üçün gəzməyi, velosiped sürməyi və ictimai nəqliyyatdan istifadəni daha asan edən şəhərlər bu pandemiyadan sonra çiçəklənəcəklər”.
Kolumbiyanın Boqota şəhərində bələdiyyə başçısı Claudia Lopez koronavirusa görə karantin rejimi zamanı velosiped sürməyi və piyada gəzməyi asanlaşdırmaq üçün küçə sahələrinin 117 kilometrini avtomobillərin istifadəsinə bağlayıb.
Bu küçələr adətən bazar günləri bağlı olur, Claudia Lopez həmin qaydanı həftənin qalan günlərinə də şamil edib, həmçinin şəhərin 550 kilometrlik velosiped şəbəkəsinə daha 80 km əlavə olunub.

Şəklin mənbəyi, Getty Images
"Covid-19 ilə bağlı Boqota şəhərində velosipedlə əlaqəli digər faydalı tədbirlər də görülür, yeni velosiped yolları çəkilir, digər təhlükəsiz və təmiz nəqliyyat alternativləri nəzərdən keçirilir", - Boqotanın ətraf mühit naziri Carolina Urrutia Vasquez deyir, - "Ümid edirəm ki, onlar hazırkı böhrandan sonra əsas nəqliyyat seçimi olaraq qalacaq”, - o əlavə edir.
Parisdə mer Anne Hidalgo-nun Velo Planına uyğun olaraq artıq 2024-cü ilə qədər bütün küçələrin velosiped sürmək üçün yararlı edilməsi və küçə avtomobil dayanacaqlarının 72 faizinin yığışdırılması nəzərdə tutulub.
İctimai nəqliyyata qayıtmaq istəməyənlər üçün isə metro xətləri boyunca müvəqqəti velosiped zolaqlarının yaradılması planlaşdırılıb. Böhranla əlaqədar cavab tədbiri olaraq, daimi velosiped magistrallarının tikintisi də sürətləndirilib.
Milli səviyyədə Fransada nazir Elisabeth Borne yerli velosipedçilər assosiyasiyasının sədri Pierre Serne-dən karantindən sonrakı dövr üçün ekoloji cəhətdən davamlı nəqliyyat sistemi planını əlaqələndirməyi xahiş edib.
"Biz bir çox insanın ictimai nəqliyyat əvəzinə velosipedləri seçəcəyini proqnozlaşdırıq", - Sern deyir.
"Bu, potensial olaraq küçələrə milyonlarla yeni velosipedçinin çıxması demək olacaq və bununla əlaqədar biz adekvat infrastrukturu təmin etməyə hazır olmalıyıq. Bunu edə bilməsək, yeganə alternativ əlavə olaraq küçələrə milyonlarla avtomobilin çıxması olacaq, bu isə havanın çirklənməsi və yol tıxacları baxımından dəhşətli vəziyyət deməkdir. Odur ki, mən bu müvəqqəti tədbirlərin daimi olacağını görmək istərdim, çünki, pandemiya bir tərəfə, velosiped - ən təmiz və sağlam nəqliyyat növlərindən biridir, xüsusilə də şəhər yerlərində”.
Budapeştdə yeni müvəqqəti velosiped zolaqları sentyabr ayına qədər qalmalıdır - amma ola bilsin ki, bundan sonra da qalsın.
"Biz müvəqqəti velosiped yollarının istifadəsini daim izləyirik və ümid edirik ki, onların bir çoxu öz yerlərində qalacaq", - şəhər meriyası idarəsinin rəhbəri Samu Balogh deyir, - "Pandemiya bütün dünyada nəqliyyatı dəyişib... Biz avtomobillər üçün deyil, insanlar üçün şəhərlərimizi necə qurmaq lazım olduğunu anlamaq imkanı əldə etmişik”, - o əlavə edib.
Belə düşüncə şəhərin yol-nəqliyyat hadisələri nəticəsində ölüm hallarının qarşısını almaq səylərinə əsaslanır, buraya avtomobillərin sayının və sürət məhdudiyyətlərinin azaldılması kimi tədbirlər də daxildir.
"Uzunmüddətli perspektivdə velosiped sürmək və gəzmək üçün daha cəlbedici mühit yaratmaq üçün yol hərəkətinin tənzimlənməsi və yeni velosiped yollarının çəkilməsi kimi tədbirlərin həyata keçirilməsi üzərində işləyirik", - Balogh deyir.

Şəklin mənbəyi, Getty Images
Britaniyada London meri Sadiq Khan bildirib ki, paytaxtın təmiz havası müvəqqəti olmamalıdır və qarşıda duran vəzifə "havanın çirklənməsini birdəfəlik aradan qaldırmaqdır".
Sustrans adlı Piyadalar və Velosipedçilər Xeyriyyə Cəmiyyətinin Baş icraçı direktoru Xavier Brice hesab edir ki, ölkənin bərpası "yaşadığımız həyat və hərəkət tərzimizdə uzunmüddətli dəyişikliklərə" yol aça bilər.
O ümid edir ki, velosipedçilərə və piyadalara hesablanmış hazırkı tədbirlər, "karantin qaldırıldıqdan sonra gələcəkdə yolların layihələşdirilməsində nəzərə alınacaq”.
Ola bilsin ki, bu planlar Manchester-də gerçəkləşsin. "Məhdudiyyətlər aradan qaldırıldıqdan sonra, adi biznesə qayıtmaq əvəzinə, biz daha çox insanın avtomobil əvəzinə gəzmək və ya velosiped sürməyi seçməsi üçün necə dəstək verə biləcəyimiz haqqında düşünməliyik", - Manchester-in ekoloji, planlaşdırma və nəqliyyat strategiyasına rəhbərlik edən şəhər şurasının üzvü Angeliki Stogia deyir.
Milli səviyyədə də dəyişikliklər var – hökümət bu yaxınlarda dərc etdiyi Nəqliyyatın Karbonsuzlaşdırılması haqqında hesabatında iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq üçün avtomobillərdən istifadənin azaldılması, 2050-ci ilə qədər istixana qazı tullantılarının sıfıra endirilməsi strategiyasını sərgiləyib. Hesabatda eləcə də 2035-ci ildən etibarən Britaniyada yanacaqla işləyən və hibrid avtomobillərin satışının qadağan olunması öhdəliyi də qeyd olunur.
Şəhərlərdə havaya karbon qazı tullantılarını artıran məhz benzin və dizel avtomobilləridir, elektromobillər deyil.
Elektromobillərin populyarlığı son on il ərzində durmadan artıb: Bloomberg NEF 2019-cu ildə bildirib ki, 2018-ci ildə 2010-cu illə müqayisədə iki milyondan çox elektromobil satılıb.
2040-cı ilədək isə 56 milyon elektromobilin satılacağı proqnozlaşdırılır.
Amma elektromobillər problemsiz deyil: onlar kifayət qədər geniş yayılmış elektrik doldurma stansiyaları şəbəkəsinin qurulmasını tələb edir və hələ də şəhər küçələrində tıxacların yaranmasına səbəb olur. Lakin aşağı karbonlu gələcəkdə elektromobillər - xüsusilə də, şərikli istifadə olunanlar - gələcək nəqliyyat infrastrukturunun bir hissəsi ola bilər.
Beləliklə, bu şəhərlərin daha sağlam hava təmin etmək səylərində avtomobillərə birbaşa qadağa əsas yanaşma üsulu kimi seçilmir. Lakin, onların planları uğurla nəticələnsə, yanacaqla işləyən avtomobillər nadir bir atributa çevrilə bilər.

Şəklin mənbəyi, Getty Images
Koronavirus pandemiyası atmosferə atılan istixana qazlarının artdığı dövrə təsadüf edib. Tullantıların böyük hissəsi avtomobillərin payına düşür. Bu pandemiya kortəbii olaraq ətraf mühitin bərpasına təkan verib, lakin iqlim dəyişikliyini dayandırmayıb.
Yer kürəsi günü qeyd olunan aprelin 22-də hazırkı böhranın təbiətlə insanı münasibətlərinin dönüş nöqtəsinə çevrilməsi çağırışları olub.
“Biz planetimizi həm koronavirus, həm də iqlim böhranı təhdidindən qorumalıyıq", - BMT-nin Baş katibi Antonio Guterres deyib, - "Biz bərpa dövrünü gələcək naminə hər şeyi düzgün etmək üçün real imkana çevirməliyik", - o əlavə edib.
Hava çirklənməsi və iqlim deqradasiyası ilə mübarizə yeni qlobal bələdiyyə başçılarını birləşdirən və dünya boyu şəhər merlərinin əməkdaşlıq formatı olan C40 qrupu tərəfindən əlaqələndirilən Covid-19-a qarşı Qlobal Merlər adlı yeni təşkilatın gündəliyində əsas vəzifələrdən biri saylır.
"Gələcək tamamilə fərqli olacaq və əminəm ki, daha çox yerli səciyyə daşıyacaq – daha çox velosipedlərdən istifadə olunacaq, daha çox iş evdən görüləcək, məktəbə gediş-gəliş daha çox hallarda velosipedlə və ya piyada olacaq", - C40-ın qlobal təşəbbüslər üzrə direktoru Shannon Lawrence deyir.
"Bütün bunlar yollarda daha az sayda avtomobil deməkdir ki, bu da öz növbəsində havanın keyfiyyətinin yaxşılaşdırılması, ictimai səhiyyənin yaxşılaşması və iqlim böhranının aradan qaldırılmasına mühüm töhfə verilməsi deməkdir”, - Shannon Lawrence vurğulayıb.
Bununla belə, avtomobillərə məhdudiyyətlərin tətbiqi dünya boyu müxtəlif praktiki və siyasi məhdudiyyətlərə gətirib çıxarır.
Milan, Boqota və Paris kimi yerlərdə uzun müddətdir, ekoloji cəhətdən daha davamlı nəqliyyat növlərinə doğru səylər görülür. Həmin yerlərdə dəyişikliklər etmək bəlkə də daha asandır, baxmayaraq ki, heç də sadə deyil.
"Yanacaqla işləməyən nəqliyyatın və istifadəçilərin dəstəklənməsi vacibdir", - Keyptaunda yerləşən “Gələcək Şəhərlərimiz” adlı QHT-nin icraçı direktoru Rashiq Fataar deyir.
O bildirir ki, "təhlükəsiz, təmiz, adamlarla dolu olmayan və daha səmərəli olan nəqliyyat sistemləri hədəfə çevrilməli, lakin nəqliyyat planlaşdırması iqtisadi və sosial təminat sistemində özünə uyğun yer tapmalıdır".
Həqiqətən, insanların effektiv, əlçatan və əlverişli alternativ variantları olmayınca avtomobil istifadəsinin azalması gözlənilə bilməz.
Fataarın qeyd etdiyi kimi, nəqliyyat növündən istifadə şəhərlərdə həyatın bütün aspektləri ilə bağlıdır və avtomobillərdən istifadənin dəyişməsi yalnız mənzil, kommunal xidmətlər və əmək mədəniyyəti ilə bağlı məsələlər həll edildikdən sonra mümkündür.
Məsələn, iş üçün səfərlərin bu dərəcədə böyük sayına ehtiyac olmaya da bilər, əgər evdən işləmək daha asan olsa, xidmətlər daha geniş coğrafiyanı əhatə etsə və ya insanlar iş yerlərinə yaxın məsafədə yaşasaydılar.
Siyasət və davranış dəyişikliyi çox vaxt tələb edə bilər, lakin bütün dünyada iqlim böhranının qarşısının alınmasında və eləcə də insanların sağlamlığı və rifahının yaxşılaşdırılmasında küçələrin avtomobillərdən azad edilməsinin təkanverici rol oynaya biləcəyi etiraf olunur.
Bu pandemiya bizim həyat tərzimizə, iqtisadiyyata və ətraf mühitə saysız-hesabsız təsir göstərib.
Mümkün olanı anlamaq dəyişikliyə səbəb ola bilər – sual isə bu qlobal fövqəladə vəziyyətdən doğan dəyişikliyin insanların və planetin sağlamlığının yaxşılaşdırılmasını nəcə təmin edəcəyindən ibarətdir.
Biz avtomobilərin arxa plana keçməsi dövründən hələ çox uzağıq, lakin dünya Covid-19 pandemiyasının kollektiv zədələrindən qurtulmağa çalışdıqca, ola bilsin ki, başqa bir ölümcül fövqəladə vəziyyətlə – ildə 4,2 milyon ölümə səbəb olan hava çirklənməsinə qarşı mübarizə aparmaq əzmi də güclənəcək.
"Bu Covid-19 böhranı daha az avtomobili və daha təmiz havası olan dəyişən dünya barədə təsəvvürümüzün yaranmasına imkan verir", - Dünya Resursları İnstitutunun şəhər nəqliyyatı proqramının direktor müavini Claudia Adriazola-Şteil deyir.
"Dramatik dəyişikliklər həqiqətən mümkündür”, - o əlavə edir.








