Almaniya: On minlərlə Erdoğan tərəfdarı nümayiş keçirib

Şəklin mənbəyi, Getty

Almaniyada on minlərlə insan diplomatik gərginliyə səbəb olan, Türkiyə prezidenti Recep Tayyip Erdoğana dəstək nümayişində iştirak edib.

Kölndəki nümayişdə cənab Erdoğanın iki həftə öncə baş vermiş çevrilişə cəhdi qınayan çıxışı göstərilməli idi.

Lakin şənbə günü Almaniyanın Konstitusiya Məhkəməsi bu videonun yayımına qadağa qoyub.

Almaniya mediası yazır ki, nümayişdə azı 35 min insan iştirak edib.

Almaniyada təxminən 3 milyon türkiyəli yaşayır və onların əksəriyyəti Türkiyədə sonuncu seçkilərdə cənab Erdoğanın AK partiyasına səs verib, Almaniyada Türkiyə İcması bildirib.

"Bizim Almaniyadakı soydaşlarımız demokratiyanı təbliğ edir və hərbi çevriliş cəhdinə qarşıdır," Türkiyənin Almaniyada doğulmuş idman və gənclər naziri Akif Cagatay Kilic deyib.

Nümayişdə cənab Erdoğanın nümayişçilərə təşəkkür mesaji oxunub.

"Deyilir ki, bu Erdoğanı dəstəkləmək aksiyasıdır, lakin xeyr, bu, anti-çevriliş nümayişidir", Kevser Demir adlı bir iştirakçı deyib.

"Və düşünürəm ki, belə çevrilişə qarşı dayanmaq bütün insanlığın borcudur."

Şəklin mənbəyi, AFP

Kölndəki nümayişə təhlükəsizliyə görə 2700 polis nəfəri göndərilib. Həmin ərazidə ifrat sağçıların da nümayişi və Erdoğana qarşı da nümayiş keçirilirdi. Polis üç nümayişi bir-birinə qarışmamasına çalışıb.

"O insanlar üzərində tək güc olmaq istəyir," Gülistan Gül adlı bir iştirakçı bildirib.

"Biz onun diktaturasına qarşıyıq. Kürdlər əzilir, ermənilər əzilir, başqa azlıqlar və dinlər əzilir", o əlavə edib.

Türkiyənin Aİ ilə əlaqələr naziri Ömer Çelik tvitlərində Almaniya Konstitusiya Məhkəməsinin qərarını pisləyib.

Prezidentin sözçüsü də deyib ki, Almaniya cənab Erdoğana "qənaətbəxş izah" verməyə borcludur. Türkiyədə iyulun 15-də hərbi çevrilişə cəhd olub, nəticədə yüzlərlə insan həyatını itirib. Bunun ardınca 3000-dən çox əsgər ya həbs edilib, ya da vəzifədən uzaqlaşdırılıb.

Cənab Erdoğan çevrilişə cəhdə görə ABŞ-da yaşayan Fethullah Güleni ittiham edir, cənab Gülen bu iddiaları rədd edir.