Türkiyə: şübhəlilərin ittihamdan öncəki həbs müddəti artırılıb

Şəklin mənbəyi, AP
Türkiyə prezidenti Recep Tayyip Erdoğan şübhəlilərin ittihamdan öncəki həbs müddətini 30 günə qədər artırıb, rəsmi məlumatda deyilir.
Əvvəllər bu müddət cəmi 4 gün idi.
Oxşar bəyanatla həmçinin 1000-dən çox özəl məktəb və 1200-dən çox qurum qapadılıb.
Qərarlar, Türkiyədə hərbi çevrilişə cəhddən sonra ölkədə fövqəladə vəziyyət elan edilməsi ilə bağlıdır.
Cənab Erdoğan çevriliş cəhdinə görə ABŞ-da yaşayan ruhani Fethullah Güleni ittiham edib.
Cənab Gülen iddiaları inkar edib.
Türkiyə lideri bildirib ki, fövqəladə vəziyyət hökümətə çevriliş cəhdilə keyfiyyətli mübarizə aparmağa, qanun-qaydanı bərpa etməyə imkan verəcək.
Beynəlxalq ictimaiyətin tənqidi ilə müşayiət olunan proses nəticəsində azı 60 min dövlət işçisi ya həbs edilib, ya da işdən azad edilib.
Onların təxminən yarısından çoxu təhsil işçiləridir.
Həmçinin cənab Gülenlə bağlılığı olduğu güman edilən məktəb və qurumlar da bağlanıb, Anadolu agentliyi bildirib.
19 həmkarlar təşkilatı, 15 universitet və 35 tibb universiteti də bağlanılan qurumlar arasındadır.
Fövqəladə vəziyyət prezident və hökümətinə Parlamenti nəzərə almadan azadlıqları və haqları məhdudlaşdıran yeni qanunlar qəbul etmək imkanı yaradır.
Fransa və Almaniya, həmçinin Avropa İttifaqı rəsmiləri qadağaları tənqid etsə də, Türkiyə qadağaların yalnız çevriliş cəhdində "100 faiz" şübhəli olanlara yönəldiyini bildirib.
Cənab Erdoğan France 24 kanalına bildirib ki, Aİ Türkiyəyə qarşı "qərəzli və önyarğılıdır".
Amnesty İnternational kimi insan haqları qrupları Türkiyəni əvvəllər 4 gün olan ittiham öncəsi həbs müddəti ilə bağlı xəbərdarlıq edib.
Qurum bildirir ki, cənab Erdoğan "çevriliş cəhdinə qanuni cavabdan da irəliyə" gedir.




