Kreml: Erdoğan üzr istədi

Şəklin mənbəyi, AFP
Türkiyə prezidenti Recep Tayyip Erdoğan vurulmuş Rusiyaya məxsus Su-24 təyyarəsinin pilotunun ailəsindən üzr istəyib.
"Mən bir daha həlak olmuş pilotun ailəsinə dərin hüznlə başsağlığı verirəm və kədərini bölüşürəm: bağışlayın."
Kremlin rəsmi saytında çap edilmiş məktubda cənab Erdoğan bildirib ki, o, bütün ürəyi ailənin ağrı-acısını bölüşür.
"Rusiyalı pilotun ailəsini biz türk ailəsi kimi qəbul edirik. Zərbənin ağırlığının azaldılması üçün biz istənilən təşəbbüsə razıyıq."
Türkiyə Cumhurbaşkanlığının sözçüsü İbrahim Kalın cənab Erdoğanın cənab Putinə vurulmuş təyyarənin pilotu ilə bağlı "dərin kədər duyması" barədə məktub göndərdiyini təsdiqləyib, Hürriyet qəzeti bildirib.
Noyabrın 24-də Türkiyə bildirib ki, Suriya ilə sərhəddə Rusiyaya məxsus hərbi təyyarə vurulub.
Cənab Putin bu hadisəni "terroristlərin ortaqlarının arxadan vurduğu zərbə" adlandırıb.
Siyasi gərginlik nəticəsində Türkiyə və Rusiya arasında vizasız rejim ləğv edilib və bir sıra iqtisadi sanksiyalar tətbiq edilib.
"Bağışlayın"
Bazar ertəsi çap edilmiş məktubda həmçinin deyilir ki, Rusiya, Türkiyənin münasibətlərini pozmaq istəmədiyi dostu və strateji tərəfdaşıdır.
"Bizim, heç vaxt Rusiya Federasiyasına məxsus təyyarəni bilərəkdən vurmaq niyyətimiz və istəyimiz olmayıb".
Sənəddə qeyd edilir ki, Türkiyə "bütün riskləri gözə alaraq və böyük səy göstərərək, Suriya müxalifətinin nəzarət etdiyi bölgəyə daxil olaraq pilotun meyitini Türkiyəyə gətirib. Həmçinin türk-rus münasibətlərinə layiq şəkildə basdırma öncəsi dini və hərbi prosedurlar yerinə yetirilib.
Məktub, pilotun ölümündə adı hallanan Türkiyə vətəndaşına qarşı cinayət işi açılması ilə davam edir.
Cənab Erdoğan bundan öncə Rusiya tərəfinin pilotun ölümünə görə Türkiyəni günahlandırmasıyla razılaşmadığı deyib.
"Təyyarənin pilotu sağ olaraq təyyarədən qurtuldu. Amma Suriyada müxalifətin əlinə düşdü. Öldürülən pilotun cənazəsini Türkiyə danışqılar nəticəsində geri aldı, bu zaman bütün dini mərasim qaydaları yerinə yetirildi. Türkiyə olaraq o hadisədə üzərimizə düşəni yerinə yetirdik", Erdoğan may ayında vurğulayıb.
Sonda deyilir ki, Recep Tayyip Erdoğan baş vermiş hadisəyə görə üzrxahlıq edir və ənənəvi Türkiyə- Rusiya əlaqələri bərpa etmək, həmçinin regiondakı böhran və terrorla birgə mübarizə üçün üçün əlindən gələni etməyə hazırdır.




