Avropa referendumu: Rusiya Brexit-dən nə qazanır?

Şəklin mənbəyi, AFP
Britaniyada keçirilmiş Avropa İttifaqı referendumundan əvvəl Rusiya debatların bir hissəsinə çevrilmişdi.
İttifaqda qalmaq tərəfdarları iddia edirdilər ki, Kreml Avropa İttifaqını zəiflətmək üçün məxfi şəkildə Brexit-i dəstəkləyir. Baş nazir David Cameronun təbirincə deyilsə, Britaniya Aİ-ni tərk edərsə, prezident Vladimir Putin “çox məmnun” olacaqdı.
Məmnundurmu? Brexit doğrudanmı Kreml liderinin xoşladığı bir şeydir?
Ən azı açıqda belə deyil.
Cümə günü etdiyi çıxışda cənab Putin jurnalistlərə deyib ki, referendum “həm müsbət, həm də mənfi” nəticələr gətirib. O, maliyyə bazarlarının qeyri-müəyyənliyi də daxil, mənfi faktorlardan danışıb.
Lakin müsbət faktorlar nədən ibarətdir? Rusiya Brexit-dən nə qazanıb? Mənim düşüncələrim:
Vətən kimi yer yoxdur (Putin kimi prezident)
Birləşmiş Krallıq və Avropa İttifaqı iqtisadi qeyri-müəyyənliyə düçar olublar. İndi nə baş verəcək? Birləşmiş Krallıq parçalanacaqmı? Aİ-nin başqa üzvləri də ayrılmağa cəhd edəcəklərmi?
Qarşıdan gələn həftələrdə Rusiya dövlət mediasının xaricdəki postreferendum həyəcanı və qeyri-müəyyənliyini vətəndəki “sabitliklə” müqayisə edəcəyini və bunun başında duran “güclü” prezident Putini öyəcəyini gözləmək olar.
Belə bir təbliğat bu ilin sonunda keçiriləcək parlament seçkisindən əvvəl hakimiyyət partiyası “Vahid Rusiyanın” və prezidentin özünün nüfuzunu möhkəmləndirəcək. Reytinq üçün yaxşı deyilmi?

Şəklin mənbəyi, AFP
Schadenfreude
Avropa İttifaqı Rusiya üzərinə sanksiyaları Ukraynaya müdaxiləyə görə qoyub. İndi, Brexit-dən sonra Avropa İttifaqı böyük təzyiq altına düşüb. Gözlənildiyi kimi Rusiyada schadenfreude – özgəsinin bəlasından sevinmək hissi tüğyan edir.
“Sizə zarafat gəlməsin. İndi funt da rublun tayıdır” – deyə cümə günü dövlət televiziyasının aparıcısı muştuluq verib.

Parlamentin üst palatasında xarici işlər komistəsinin rəhbəri Konstantin Kosaçov etiraf edib: “Bizim Avropa İttifaqı ilə çətin münasibətlərimizi nəzərə alanda, bu ittifaqın düşdüyü çətinliyə sevinmək istəyirsən”.
Lakin Kosaçovun özü sevinməyə tələsmir. O deyir ki, Avropa İttifaqı Rusiyanın ən böyük partnyoru olaraq qalır.
“Əgər Aİ parçalansa, - deyə xəbərdarlıq edib o – Bu, bizim də ticarət əlaqələrimizə təsir edəcək”.
Əlvida, sanksiyalar?
Moskva meri Sergey Sobyanin inanır ki, Rusiya Brexit-dən qazanır.
"Birləşmiş Krallıq olmadan, Avropa İttifaqında bizim əleyhimizə sanksiyaların belə qatı tərəfdarı da olmayacaq – tvitləyib Sobyanin.
“Aİ ölkələri arasında Rusiya əleyhinə ən aqressiv ölkə Britaniya olub, - yazır bulvar qəzeti Moskovski Komsomoletsin siyasi təhlilçisi Aleksey Muxin, - Bu ölkə bizi həmişə tənqid edib və bizə həmişə iqtisadi, maliyyə və siyasi ziyan vurmaq istəyib. Brexit Avropa İttifaqını Rusiyaya münasibətdə daha mehriban edəcək”.
Belə olsaydı, nə vardı. Birləşmiş Krallıq Rusiyaya qarşı sərt xətt-hərəkət tərəfdarı olan yeganə ölkə deyil. Məsələn Polşa, İsveç və Baltik dövlətlərini göstərmək olar.
Xoş gördük, yeni (Moskvayönlü?) baş nazir
Hazırda Britaniya hökuməti ilə Kremlin arası yaxşı deyil. David Cameron deyib ki, Vladimir Putin Brexit-i dəstəkləyib. Cənab Putinsə deyir ki, David Cameron referendumu “Avropa İttifaqını şantaj etmək” üçün keçirib.
Cənab Cameron-un istefasından sonra Putinin sözçüsü deyib ki, “indi yeni reallıqda bizim ölkəmizlə yaxşı münasibətlər qurmaq zərurətinin başa düşülməsinin üstün gələcəyinə ümid etmək olar” (Başqa sözlərlə, ümid edək ki, yeni baş nazir bizi daha çox xoşlayacaq”).

Şəklin mənbəyi, Getty
Aparıcı brexitçilər Rusiya ilə daha yaxşı münasibətlərə çağırıblar. 6 ay bundan əvvəl Boris Johnson Suriyada İslam Dövlətinə qarşı mübarizədə Rusiya ilə daha sıx işbirliyinə çağırmışdı.
O belə bir nəticəyə gəlmişdi: “Putinin xeyrinə olan hər bir şeyin Qərbin avtomatik ziyanına olduğu barədə fikir düzgün deyil”.
Kreml əlbəttə, bütün bunları nəzərə alır.


