Gürcüstan: Kilsə beynəlxalq rok festivalın işığını kəsib

Gürcüstanda yerli keşişin etirazlarından sonra beynəlxalq rok festivalının keçirilməsi dayandırılıb.

Gürcü keşişi tədbirin keçirlməsi üçün seçilmiş yerlə bağlı öz narazılığını bildirib.

"Heavy metal" musiqi qruplarının iştirak etdiyi ənənəvi "JAM! Fest" festivalı başladıqdan sonra cəmi 90 dəqiqə davam edib.

Bundan sonra tədbir keçirilən meydançada elektrik enerjisi kəsilib.

Netgazeti xəbər saytının məlumatına əsasən, rok festivalı paytaxtdan kənarda, kilsənin yerləşdiyi ərazinin yaxınlığında keçirilibmiş.

Kilsə təmsilçisi festivalın dini məbədlərin yaxınlığında keçirilməsindən narazılığını bildirib.

Keşiş şikayət edib ki, festivalın keçirildiyi meydança kilsəyə yaxındır.

Yayılmış videoda keşişin tədbir təşkilatıları və polis əməkdaşları ilə müzakirələr apardığı əks olunub.

Tədbirin keçirildiyi ərazidə elektrik enerjisinin kəsilməsinin səbəbləri məlum deyil, lakin tədbirin meneceri elektrik kabelin kəsildiyini bildirib.

"Biz öz gözümüzlə gördük ki orada bəzi insanlar ayaq yoluna gedib, qucaqlaşıb öpüşənlər olub qəbiristanlıq ərazisində".

Həmin meydancada rok festivalın keçirilməsinə icazə yerli rəsmilər tərəfindən verilib, alternativ ərazi isə ikinci gün tapılıb.

Təşkilatçılardan biri Rustavi-2 telekanalına bildirib ki, tədbirin menecerləri "festivalı pozmaq istəyən ekstremistlərin" təzyiqi qarşısında geri çəkilməyə məcbur olublar.

İnsident festival iştirakçılarını məyus edib, onlardan birisi Sova xəbər saytına deyib ki "özü də dindardır, lakin bu hay-küyü anlamır".

"Biz necə inkişafdan dəm vura bilərik ki, belə hadisələr baş verir. Bu ölkə orta əsrlərdə ilişib qalıb. Xristianlar belə hərəkət etmir ", həmin adam deyib.

Gürcüstanın sosial şəbəkə istifadəçiləri də festivalın pozulması xəbərini qəzəblə qarşılayıblar.

"Xaricilər şoka düşmüşdülər. Bir daha biz özümüzu beynəlxaqlq arenada biabır etdik", bir istifadəçi yazıb.

Lakin digərləri hesab edirlər ki, bu qalmaqlın qarşısını almaq mümkün idi:"Müsibətdir, bəyəm onlar öz tədbirləri üçün münasib yer seçə bilmirdilər?"