Cizrenin içində: BBC qətlləri araşdırıb

Cizrenin bəzi hissələri yerlə yeksan edilib
Şəklin alt yazısı, Cizrenin bəzi hissələri yerlə yeksan edilib
    • Müəllif, Jeremy Bowen
    • Vəzifə, Cizre, Turkiyə

Bu ilin əvvəllərində Türkiyə təhlükəsizlik qüvvələrinin ölkənin cənub-şərqində, əhalisinin əksəriyyəti kürdlər olan Cizre şəhərində mülkilərin ölümünə səbəb olduğu barədə ciddi iddialar irəli sürülmüşdü.

Yerlilər deyirlər ki, Türkiyə təhlükəsizlik qüvvələri şəhərdə 160-dək insanı qətliam edib. Bu barədə bəyanatlar BBC və insan haqları qruplarına çatdırılıb.

Ən pis hadisə zamanı üç zirzəmiyə sığınmış 100-dək insanın öldürüldüyü bildirilir.

BMT-nin insan haqları üzrə nümayəndəsi bu dəhşətli iddialardan narahatlığını ifadə edib və hadisənin araşdırılması üçün təhqiqatçılarını göndərmək istəyir.

Türkiyənin Xarici İşlər Nazirliyi bu iddiaları rədd edib. Nazirlik bildirib ki, Türkiyə hərbçiləri hərbi əməliyyatlar zamanı mülkilərin qorunması üçün bütün zəruri ehtiyat tədbilərini görüblər.

Hadisələr 2015-ci ilin 14 dekabrından bu ilin 3 martınadək, Cizrede 78 günlük kommendant saatı dövründə baş verib. Kommendant saatı rejimi günlərində 100 minlik əhalisi olan şəhər ətraf aləm üçün qapadılıb.

Kommendan saatı, Türkiyənin cənub-şərqində silahlı kürd qruplaşması PKK-nı hədəfləyən və hələ də davam edən hərbi kampaniya zamanı tətbiq edilmişdi. Türkiyə, Avropa İttifaqı və Birləşmiş Ştatlar PKK-nı terrorçu təşkilat kimi təsnif edir.

Uzunmüddətli münaqişə ötən il bərpa olunandan bəri PKK yüzlərlə Türkiyə əsgərini və polisini öldürüb. Təşkilat həmçinin Ankarada çox sayda mülkinin ölümünə səbəb olmuş bomba partlayışları törədib.

Türklərin əksəriyyəti və bəzi kürdlər PKK-nın hərəkətlərini pisləyirlər. Lakin Türkiyənin cənub-şərqindəki kürd şəhər və kəndlərində PKK-ya çox vaxt müdafiəçi kimi baxırlar.

Atası öldürülmüş Fırat Duymak: “Türkiyədə bizim heç nəyimiz yoxdur. Nə ədalət, nə də məhkəmə"
Şəklin alt yazısı, Atası öldürülmüş Fırat Duymak: “Türkiyədə bizim heç nəyimiz yoxdur. Nə ədalət, nə də məhkəmə"

Cizreyə aid ən ciddi iddialar şəhərin Bostancı küçəsi adlanan hissəsi üzərinə yönəlib. Türkiyə təhlükəsizlik qüvvələri burada üç zirzəmiyə sığınmış yüzədək insanı öldrüməkdə ittiham edilir.

Kommendant saatından əvvəl Bostancı dar küçələrin və sıx yaşayış evlərinin yerləşdiyi ərazinin bir parçası idi. Yerli adamlar deyirlər ki, burada binalar top, tank atəşləri və küçə döyüşlərinin nəticəsində dağıdılıb. Onların sözlərinə görə, kommendant saatından sonra Türkiyə təhlükəsizlik qüvvələri bura buldozer göndərərək xarabalıqları şumlatmışlar.

İndi Bostancı küçəsinin harda olduğu bilinmir. Mənə zirzəmilərin yerləşdiyi ərazini 18 yaşlı Fırat Duymak göstərir. Onun atası Mahmut burada öldürülüb. İndi bu yer bütünlüklə müharibədən və buldozerlərdən sonra qalmış xarabalıqlara qarışıb.

Fırat atasının PKK üzvü olduğunu inkar edir. O deyir ki, atası Türkiyənin başqa yerlərindən Cizre əhalisi ilə həmrəylik bildirmək üçün gəlmiş tələbələr də daxil oradakı mülkilərə baxmaq üçün zirzəmiyə gəlibmiş.

Fırat Türkiyə dövlətinin və onun hərbçi və polislərinin hərəkətlərini pisləyir.

“Onlar terrorçudurlar, bütün bu qətlləri törədənlər onlardır, - deyir o, - Hətta bu adamlar PKK-dan olsaydılar belə, dövlət nə üçün onların həyatlarını alt-üst edib yandırmalı idi. Hətta müharibənin də öz qanunları var”.

"Adamları tutanda məgər onları parçalamaqmı lazımdır? Axı məhkəmələriniz var, ədalət sisteminiz var. Türkiyədə bizim üçün heç nə yoxdur. Nə ədalət, nə də məhkəmə.” – deyir Fırat.

"Erdoğan beynindən gəlir"

Türkiyə hərbiyyəsinin Cizredə hədəflədiyi ərazilər PKK fəaliyyətinin mərkəzləri kimi tanınırdı. 2014-cü ildən bəri PKK kürd gənclər təşkilatı Cizrenin ayrı-ayrı hissələrində səngərlər qazaraq və yolları bağlayaraq buraları polis üçün keçilməz məkana çevirmişdi.

Bəzi yerli sakinlər bunun müharibəyə hazırlıq kimi göründüyündən narazı idilər. Kürd millət vəkilləri səngərlərin doldurulmasını istəsələr də, heç nəyə nail ola bilmirdilər.

Burada başlıca sual Türkiyə dövlətinin onun hakimiyyətinə qarşı təhlükəyə cavabının nə dərəcədə mütənasib olması, müharibə qanunlarına nə dərəcədə uyğunluğu ilə bağlıdır.

Fırat Duymak və Cizredəki başqa kürdlər reaksiyanın mütənasib olmadığını bildirirlər. Fırat baş verənlərdə, hakimiyyəti getdikcə avtoritarlaşan prezident Erdoğanı ittiham edir və atasının kimlik vəsiqəsini göstərir.

"Bütün bu işlər Erdoğanın beynindən gəlir. Mənim atam terrorçu deyildi, o mülki idi, vətəndaş idi, - deyir Duymak, - Dövlət onun kimlik vəsiqəsinə baxmalıydı, onun kimlik vəsiqəsində PKK-nın yox, Türkiyənin bayrağı var idi”.

“Mənim uşaqlarım nifrətlə böyüyəcəklər”

Onların müharibə dağıntılarından hələ də dirçəlməmiş ailə evində Fıratın anası Lütfiyye evin sonbeşiyi, üç yaşlı oğlu ilə oturub.

“Bütün uşaqlarım psixoloji zədə alıb, - deyir qadın, - Biz bir ay atəş xəttində olmuşuq. Yata bilmirdik, tualetə getmək olmurdu. Onlar bizə terrorist deyirlər. Onlar bizimlə heyvanla rəftar olunan kimi davranırdılar. Heç bir insan övladı bunu heç kimə etməz”.

“İndi mənim uşaqlarım nifrətlə böyüyüəcəklər. Sən elə bilirsən kİ, kürdlərin kökünü kəsə biləcəksən? Yox bilməyəcəksən” – deyir Lütfiyyə.

O bildirir ki, əsgərlər sakinlərin evlərini dağıdır, çarpayılarının üstünə murdarlıq edirdilər.

“Bunu hansı insan oğlu edə bilər?” – deyə qadın sual edir.

Yerli vəkillər şurası Türkiyə insan haqları təşkilatı Mazlumderdən olan təhqiqatçılara deyib ki, “Cizre zirzəmilərindəki qətllərdən sonra hadisə yerinə baxış keçirilməyib və bura ədliyyədən heç kim buraxılmayıb”.

Mazlumderin eşitdiyi bəzi iddialara görə hökumət snayperləri uşaqları də hədəfləyərək öldürüblər.

50 yaşlarında olan ər-arvad Mehmet və Mürşide Balcal kirayə etdikləri evin həyətində oturublar. Onların öz evləri dağıdılıb. İndi zirzəmidə öldürülmüş 20 yaşlı oğullarına yas tuturlar.

Onun atası müxtəlif qohumların oğlundan aldığı SMS-ləri oxuyur. O bu SMS-lərdə qohumlarını aksiya keçirərək təhlükəsizlik qüvvələrini onların zirzəmidən çıxmasına imkan verməyə vadar etməyə çağırımış.

Onun anası Mürşide deyir ki, onlar etiraz aksiyası keçirmək istəyəndə həbs ediliblər. Onun qucağında iki oğlunun şəkilləri var, şəkilləri bağrına basıb hönkürür.

Lakin bu ağrılı münaqişədir və hər iki tərəfdə hönkürənlər var.

Pınar Sağlam siqaretini yandırarkən əlləri əsir. Martın 13-də mərkəzi Ankarada intihar bombası partlatmış PKK-çı qadın onun 21 yaşlı qardaşı Kerimi və daha 36 nəfəri öldürüb.

Pınar Şimali Suriyanın bir kürd şəhərində az qala bina boyda olan plakatın şəklini göstərir.

Plakatda hazırda Türkiyə həbsxanasında saxlanan PKK lideri Abdullah Ocalanın portreti var. Onun yanında isə Pınarın qardaşını öldürmüş bombanı partladan həmin qadının şəkli görünür.

Pınar intihar bombaçısının bu şəkildə tərənnüm edilməsinə heyrətlənib. “Onu lap elə bil lider kimi, mələk kimi göstərirlər – qadın deyir, - Mən bu şəkli görəndə gözlərimə inanmadım, çünki belə bir şey ola bilməz”.

“Axı o qatildir. Mənim qardaşımın qatilidir. Amma indi onun şəkilləri ilə Suriya küçələrini bəzəyirlər. Mən öz fikirlərimi Tvitterdə yazmışam. Bir qadın mənə yazdı ki, mən türk nasistiyəm. O deyirdi ki, Kürdüstanda kürd uşaqları qətlə yetirirlər” – deyir Pınar.

Pınar bildirir ki, o, qisas yox, sülh istəyir. Çox sayda başqa kürdlər və türklər də belə düşünürlər.

Lakin bu təkcə şəxsi faciələrin, valideyn və övladların kədərinin davamlığı deyil.

Suriya kürdləri

Kürdlərlə Türkiyə dövləti arasında zorakılıq bu uzun sürən münaqişədə yalnız növbəti epizoddur. Sülh prosesinə cəhdlər ötən il çöküb. Buna görə hər iki tərəf bir-birini ittiham edir.

Zorakılıq boşluqda baş vermir: Yaxın Şərq zorakı dəyişmənin girdabındadlır. Suriya və İraqdakı müharibə regionda qüvvələr balansını dəyişir.

Türkiyə Əsəd rejiminə qarşı vuruşan qüvvələri dəstəkləməklə Suriya münaqişəsinə dərindən müdaxilə edib. O həm də NATO üzvüdür. O Avropada və Yaxın Şərqdə böyük oyunçudur.

Suriyadakı kürdlər PKK ilə yaxın müttəfiqdirlər və Əsəd rejiminin geriyə çəkilməsindən fürsətlənərək mövqelərini möhkəmlədiblər.

İş elə gətirib ki, Suriya kürdləri həm də Qərbin müttəfiqidirlər. Çünki onlar, özlərini İslam Dövləti adlandıran cihadçılara qarşı yaxşı döyüşürlər. Lakin Suriya kürdlərinin PKK-dakı müttəfiq və rəhbərlərinə terrorçu kimi baxılır.

Bütün bunlar onsuz da ciddi qarışıqlığı daha da mürəkkəbləşdirir.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan kürdlərin özünüidarə ambisiyalarından öz xələfləri qədər narahatdır. Bəlkə də daha çox narahatdır, çünki kürdlər, aralarındakı bütün ixtilaflara baxmayaraq, indiyədək Suriya və İraqda qalib olublar.

Prezident Erdoğan bu dalğanın gəlib Türkiyə kürdlərinə çatmayacağına ümid edərək kürd ambisiyalarını əzməyə çalışır.

Avropa İttifaqı isə Suriya və İraq müharibələrinin yaratdığı qaçqın böhranının çözümündə Türkiyənin böyük iştirakını istəyir.

Burada, Cizredə atasının və onlarca başqalarının öldürüldüyü zirzəmilərdən birinin qarşısında Fırat Duymak dayanıb. O öz atasının ölümünə görə Türkiyə dövlətini, Avropa İttifaqını və bu faciənin baş yer almasına yol vermiş başqalarını ittiham edir.

"Bu qətliamlar açıq-aşkar Avropanın gözləri qarşısında baş versə də, o qaçqınlara görə heç nə etmir, - deyir Fırat, - Avropalıların nə etməsi daha məni narahat etmir, biz onların nəyi edib, nəyi etməməsi ilə maraqlanmırıq”.

“Burda baş verənlərin məsuliyyətini bütün dünya daşıyır” – deyir Fırat.