Tbilisi veqan kafesinə "kababla hücum"

Tbilisidəki veqan (heyvan məhsullarını işlətməyən) kafeyə sosis və kababla hücum ediləndən sonra kafe sahibləri sakinlərdən kömək istəyib.
İddia olunur ki, kafeyə basqın edənlər ifratçı millətçilər olub.
"Kiwi" adlı kafenin sahiblərinə əsasən, Gürcüstan paytaxtındakı kafeyə 10-15 nəfər hücum edərək qışqırıb, müştərilərin üstünə ət atıb.
Nəticədə əlbəyaxa döyüş baş verib, amma polis gələnə qədər hücum edənlər qaçıb gedib.
Kafe ictimai dəstək üçün müraciət edərək deyib ki, bu, zarafat deyil, neo-Nasistlərin hədə-qorxu yaratmaq cəhdi olub.
Kafe sahiblərinin bildirdiyinə görə, müştərilərin "alternativ" həyat tərzinə görə yerli sakinlər onlara bir qədər ədavətlə yanaşır: "Bizim görünüşümüz, qulaq asdığımız musiqi, dəstəklədiyimiz ideyalar, ət yeməməyimiz" və homoseksualların hüquqlarını dəstəkləmələri bunlara aiddir, "Kiwi" sahibləri deyir.
"Bu çətin zamanlarda siz sadəcə kafemizə baş çəkməklə bizə dəstək göstərmiş olarsınız, bura gəlib hamıya göstərsəniz ki, çoxumuz məsələyə biganə deyilik, çox minnətdar olardıq!" - kafenin Facebook-da yaydığı bəyanatda deyilir.

Şəklin mənbəyi, Kiwi Cafe
Bu arada Gürcüstanda ifrat sağçı millətçi hərəkata dəstəyin artması barədə narahatlıqlar çoxalır.
Müxbirlər bildirir ki, ölkədə homofobiya da adi haldır. 2013-cü ildə LGBT yürüşü pravoslav keşişlərin və fəalların hücumuna qalmışdı.
Bazar günü baş verən insident kafe sahiblərinin bəyanatına görə, "faşist ideyaları dəstəkləyən ... neo-nasistlər" qrupu tərəfindən həyata keçirilib.
Hücum nəticəsində bəzi adamlar yüngül xəsarət alıb.
Polis, hücumçular gedəndən sonra hadisə yerinə gəlib çatıb. Amma kafenin bildirdiyinə görə, bəzi polis işçiləri aqressiv davranıb. "Onlar deyirdilər ki, baş verənlərə görə günahkar bizik". Kafedə işləyən bir neçə nəfər polis bölməsində sorğu-sual edilib.
BBC, baş verənlərlə bağlı rəsmi istintaqın olub-olmadığını araşdırmaqdadır.




