ATƏT: Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib

Şəklin mənbəyi, AFP

15 ölkənin deputatları Fransa-Almaniya sərhəd bölgəsində Dağlıq Qarabağ münaqişəsinin həll yollarını müzakirə edib, ATƏT bildirir.

Görüşün keçirilməsinin əsas səbəbi - son aylarda ATƏT regionunda uzunsürən münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanması və insan itkiləri ilə nəticələnməsi olub.

Aprelin 2-ə keçən gecədən başlayaraq Dağlıq Qarabağın cəbhə boyu rayonlarında başlayan döyüşlərdən 3 gün sonra tərəflər atəşkəs barədə razılığa gəlib. Erməni tərəfinin rəsmi məlumatlarına görə, həlak olmuş hərbçilərin sayı 64 nəfər təşkil edir. Azərbaycan isə 31 hərbçinin həlak olduğunu bildirir. Qeyri rəsmi iddialara görə, bu rəqəm 90-dan çoxdur.

Azərbaycan və Ermənistan deputatlarının da iştirak etdiyi bu görüşdə bir vaxtlar mövcud olmuş münaqişəli ərazilərin, məsələn Avstriya və İtaliya arasındakı Tyrol-South Tyrol-Trentino və Lüksemburq, Almaniya və Fransa arasındakı Saar-Lor-Lux-la bağlı mübahisələrin həlli yolundan danışılıb. Hazırda hər iki ərazi birgə idarə edilən Avroregion hesab edilir.

"Son bir ay ərzində Ukraynada və Dağlıq Qarabağ münaqişəsi zonasında, dramatik hadisələr bir daha münaqişələrin sabitliyini pozan potensialın varlığını və insan itkilərini nümayiş etdirib. ATƏT regionunda fikir ayrılıqlarını aradan qaldırmaq üçün siyasi iradə tapmaq hələlik böhranlı məsələ olaraq qalır", ATƏT PA-nın prezidenti Ilkka Kanerva deyib.

Görüşdə deputatlara münaqişələrin siyasi təsirindən əlavə, real həyata təsirini düşünmək və ya "qeyri-mümkünü təsəvvür etmək" tövsiyə edilib.

"Keçmişdə baş verənlərdən dərs götürmək əsasdır, amma kifayət deyil. Çünki, bu, barışığın nəticəsi ola biləcək ortaq gələcəyi müzakirə etmək imkanını yaradır", almaniyalı deputat Doris Barnett deyib.

Görüşdə ATƏT PA-nın formal həll proseslərinin müzakirəsinin tezləşdirilməsi tövsiyə edilib.