Eurovision: Ukraynalı Cəmalənin mahnısı Stalin deportasiyası haqdadır

Şəklin mənbəyi, Reuters
- Müəllif, Mark Savage
- Vəzifə, Musiqi müxbiri, BBC
Ukraynanı Eurovision Mahnı Müsabiqəsində təmsil edəcək Cəmalə, Stalinin müharibə dövrü tatarları sürgün etməsi barədə oxumaq istəyir.
Cəmalənin 1944 adlı mahnısı Sovet diktatorunun 240 min tatarı qatarlarla Mərkəzi Asiyaya sürgün etdiyi vaxt nənəsinin yaşadığı faciədən bəhs edir.
Minlərlə tatar həmin səfərdə həlak olub və ya daha sonra acından ölüblər.
Mahnının sözləri bu cür başlayır: “Onlar evinizdə sizi öldürərək deyirlər: Biz günahkar deyilik”.
“Acizlik”
Həmin dövrün acı xatirələri 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsiylə yenilənib.
1944-cü il mahnısı həmin mövzunu birbaşa şərh etməsə də, müsabiqənin keçmişdə qalibi olmuş Ruslana belə deyib: “Bu mahnı eynən bizim indi Ukraynada çəkdiyimiz əziyyətlər haqdadır”.
“Bu mahnı mənim ailəm haqdadır,” Cəmalə deyib. Onun nənəsi dörd oğlu və bir qızı ilə sürgün edilərəkən 20 yaşlarının ortasında olub.
Stalin tatarları nasistlərlə əməkdaşlıqda ittiham edib.
Mərkəzi Asiyaya bu sürgün zamanı uşaqlardan biri həyatını itirib.
“Mən özümü azad etmək üçün, məzarı olmayan nənəmin xatirəsi üçün bu mahnını oxuyuram,” Cəmalə AFP xəbər agentliyinə deyib.
O deyib ki, Rusiyanın torpaqlarını ələ keçirməsindən sonra “mövcud acizliklə” yazılmış mahnısını insanlara eşitdirmək üçün Eurovison mahnı müsabiqəsində iştiraka qərar verib.
Siyasi mahnılar çıxarılıb
32 yaşlı ifaçı RFE/RL agentliyinə bildirib ki, o, 1944 mahnısını ifa edərəkən hazırda Krımda olan ailə üzvlərini düşünür.
“İndi Krım tatarları işğal edilmiş ərazidədirlər və bu onlar üçün çox çətindir,” o, deyib.
“Onlar böyük təzyiqlər altındadırlar. Bəziləri izsiz yoxa çıxıb. Bu, çox qorxuludur. Mən tarixin təkrarlanmasını görmək istəməzdim”.
Eurovision siyasi məzmunlu mahnıları qadağan edir.
2009-cu ildə Gürcüstanın "We Don’t Wanna Put In" mahnısı Vladimir Putini ələ saldığı üçün yarışdan çıxarılmışdı.
Həmin ifa Rusiya-Gürcüstan müharibəsindən bir il sonra Gürcüstanın Eurovision mahnısı kimi seçilmişdi.

Şəklin mənbəyi, Getty
Bu il Eurovison Mahnı Müsabiqəsinin finalı may ayında Stokholm şəhərində keçiriləcək.
Azərbaycanı bu il yarışda təmsil edəcək şəxs İctimai Televiziya tərəfindən seçiləcək.




