Eurovision səsvermə qaydalarına dəyişiklik edir

Şəklin mənbəyi, Reuters
Eurovision Mahnı Müsabiqəsində yeni qaydalar müəyyənləşdirilib. Bu, 1975-ci ildən bəri səsvermə qaydalarına edilən ən böyük dəyişiklikdir.
Əvvəlki illərdə hər ölkədəki jüri və ictimai səsvermənin nəticələri birləşdirilərək bir yerdə elan edilirdi.
İndi isə birinci ayrı-ayrı ölkələrin münsiflər heyətinin səsləri, daha sonra isə bütün ölkələrdəki izləyici səslərinin nəticələri elan ediləcək.
Təşkilatçıların bildirdiyinə görə bu, “dramatik sonluq” yaradacq, çünki qalib ən sonda müəyyənləşəcək.
Bundan əvvəlki illərdə qalib adətən səsvermənin bitməsinə 20 dəqiqə qalmış müəyyənləşirdi.
“Bu format dəyişikliyi Eurovision Mahnı Müsabiqəsinin finalına yeni həyəcan qatacaq,” bu il keçiriləcək yarışmanın icraçı direktoru Martin Österdahl bildirib.
Yeni səsvermə formatında izləyicilər arasında ən populyar olan mahnı, münsiflər heyətinin səslərindən asılı olmayaraq 12 xal qazanacaq.
Eurovision Mahnı Müsabiqəsinin icraçı direktoru yeni səsvermə sistemini “irəliyə doğru böyük addım” adlandırıb.
Yeni səsvermə sistemindən yarım-finallarda da istifadə ediləcək.
Öz ölkəsinin necə səs verdiyini bilmək istəyənlər üçünsə, yarışdan sonra səsvermənin nəticələri Eurovision rəsmi saytında dərc ediləcək.
Keçən il Eurovision Mahnı Müsabiqəsinin qalibi İsveç təmsilçisi olub.
Bu ilki mahnı müsabiqəsinin finalı 14 mayda Stockholm şəhərində keçiriləcək.
Azərbaycanı bu il yarışda təmsil edəcək şəxs İctimai Televiziya tərəfindən seçiləcək.




