Rusiyada Zika virusuna ilk yoluxma halı qeydə alınıb

Şəklin mənbəyi, Reuters
Rospotrebnadzor (istehlakçıların hüquqlarının müdafiəsi və insan sağlamlığı sahəsinə nəzarət edən federal xidmət) Rusiyada Zika virusuna yoluxma nəticəsində ilk xəstələnmə halını qeydə alıb.
İdarənin mətbuat xidmətindən alınan məlumata görə, virus Dominikan Respublikasında istirahətdən Moskvaya qayıtmış qadında aşkar edilib. İlk simptomlar onda vətənə qayıtdıqdan sonra özünü büruzə verib.
Hazırda qadın yolxucu xəstəliklər xəstəxanasının boksunda yatır. Onun ailə üzvləri üzərində nəzarət tətbiq edilir. Onlarda xəstəlik əlamətləri müşahidə olunmayıb.
Qadının qayıtdığı təyyarədə uçan sərnişinlər də müayinə edilib və onların sağlamlığına təhlükə müəyyən olunmayıb, Rospotrebnadzor-dan bildirilib.
Daha əvvəl Dünya Səhiyyə Təşkilatı Zika virusunun Avropada yayılması təhlükəsinin artdığı barədə xəbərdarlıq edib. Hazırda bir neçə vaksin növləri hazırlanmaqdadır, lakin onların sınaqdan keçirilməsi ən azı bir il yarımdan sonra başlana bilər.
Xəstəlik əksər hallarda simptomsuz keçir. Xəstəlik əsasən uşaq doğmağı planlaşdıran qadınlar üçün təhlükəlidir, çünki körpələr mikrosefaliya xəstəliyi ilə doğula bilərlər.
Körpələr anormal kiçik başla və beyin inkişafı pozuntuları ilə doğulurlar. Braziliyada mikrosefaliyaya tutulma hallarının sayı 462-yə çatıb.
