Zika virusuna görə hamiləliyi təxirə salmaq çağırışları edilir

Şəklin mənbəyi, AP

Latın Amerikası və Karib hövzəsi ölkələrinin rəsmiləri doğuş zamanı ciddi qüsurlar yaradan virusla əlaqədar qadınları uşağa qalmaqdan çəkinməyə çağırıb.

Kolumbiya, Ekvador, El Salvador və Yamayka ağcaqanad sancması nəticəsində əmələ gələn Zika virusu barədə əlavə məlumat öyrənilənədək hamiləliyi təxirə salmağı məsləhət görüb.

Virus Braziliyada başlayıb. Braziliya bildirib ki, 4000-ə yaxın körpə "mikrosefaliya" və ya qeyri-adi kiçik başla doğulub.

ABŞ-ın səhiyyə qurumu hamilə qadınlara Zika hallarının qeydə alındığı 20 ölkəyə getməmək xəbərdarlığı edib.

Əslində hələ mikrosefaliya ilə Zika arasında əlaqə təsdiq edilməyib - amma doğulduqdan sonra ölmüş körpələrin beynində məhz bu virus tapılıb.

Virus yoluxucu deyil və qrip kimi simptomlara malikdir.

Zika virusu nədir?

Virus Aedes aegypti adlanan və özündə denge qızdırması və sarı qızdırma gəzdirən cücü sancması nəticəsində yayılır.

Virus 1940-ci ildə Afrikada kəşf edilib, lakin Latın Amerikasında indi yayılıb.

Alimlər deyir ki, mikrosefaliya ilə bu virus arasında əlaqələrin olması barədə dəlillər çoxalır.

Virus qızdırma və səpki yaratsa da, bəzi insanlarda heç bir simptomu hiss edilmir.

Virusun müalicəsi yoxdur.

Onunla yeganə mübarizə yolu, sancılmış yeri keyitmək və ağcaqanad sancmasından qorunmaqdır.