Kadırov Putin tənqidçisinin tüfəng hədəfində videosunu yayıb

Kasyanov videoda tüfəng hədəfinə salınıb.

Şəklin mənbəyi, Instagram screenshot

Şəklin alt yazısı, Kasyanov videoda tüfəng hədəfinə salınıb.

Çeçenistan rəhbəri Ramzan Kadırov Instagram səhifəsində müxalifətçi Mixail Kasyanovun əks olunduğu videoçarx dərc etdirib.

Video elə hazırlanıb kı, sankı Kasyanov snayper tüfənginin nişangahına salınıb.

Kadırovun yerləşdirdiyi videoda kadrlar "Kasyanov Strasburqa Rusiya müxalifəti üçün pul yığmağa yollanıb, anlamayan anlayacaq" yazısı ilə müşayiət olunur.

Parnas partiyasında Kasyanovun həmkarı İlya Yaşin, dərc olunmuş videonun birbaşa ölüm təhdidi olduğunu bəyan edib.

Yanvar ayında Kadırov Rusiyanın qeyri-sistemli müxalifətini ölkənin siyasi quruluşunu "laxlatmağa" cəhd göstərən "xalq düşmənləri" adlandırmışdı.

Siyasətçinin fikrincə, müxalifətçilər "təxribatçı fəaliyyətə" görə mühakimə olunmalıdırlar.

Həmin bəyanatlar hüquq müdafiəçiləri və müxalifətçilər tərəfindən kəskin tənqidlə qarşılanmışdı.

Kadırov Instagram səhifəsində müxalifət lideri Kasyanov barədə video dərc etdirib.

Şəklin mənbəyi, RIA Novosti

Şəklin alt yazısı, Kadırov Instagram səhifəsində müxalifət lideri Kasyanov barədə video dərc etdirib.

Lakin Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Çeçenistan başçısının bəyanatı ətrafında vəziyyəti gərginləşdirməməyə çağıraraq, "deyilənləri sakitcə oxumaq" lazım olduğunu qeyd edib.

Peskov: Instagramı izləmirik

Peskov deyib ki, videonu hələ görməyib.

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Peskov deyib ki, videonu hələ görməyib.

Prezident Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Kremldə Çeçenistan başçısı Ramzan Kadırovun Instagramı izlənilmir və Kadırovun yaydığı videonu şərh etmirlər.

"Açığını desək, biz ümumiyyətlə Instagramı izləmirik, o cümlədən, Kadırovun Insaqramını da", Peskov İnterfaks agentliyinə bildirib.

"Mən KİV-də bu xəbərləri görmüşəm. Söhbətin nədən getdiyinə baxıb, düşünürəm ki, axşamdək nə isə deyə bilərəm", Vladimir Putinin mətbuat katibi söz verib.